Anladım ki, mənim üçün ən yaxşısı bir taksiyə minib Tiffaniyə getməkdir. Oranın sükutu və zərafəti məni sakitləşdirir. O gözəl geyimli yaxşı insanların, gümüş və timsah dərisi qoxan portmanatların arasında insanın başına pis bir şey gələ bilməz. Həyatımda Tiffani qədər məni sakitləşdirən bir yer tapsam, dərhal ev əşyaları alardım və pişiyə ad qoyardım.
Pişik hələ də onun qucağında idi.
- Yazıq, - dedi və onun qulaqlarının arxasını qaşıdı, - yazıq adsız. Onun adsız olmağı bir az çətindir. Amma ona ad qoymağa haqqım yoxdur. O öz həqiqi sahibi çıxana qədər gözləməlidir. Biz onunla, sadacə, bir gün çay kənarında rastlaşdıq, o, azad bir heyvandır, elə mən də azadam. Amma mən öz yerimi tapana qədər heç nəyə sahib olmaq istəmirəm. Hələ bu yerin harada olduğu haqqında heç bir fikrim yoxdur. Amma bu yerin necə olduğunu bilirəm,- o güldü və pişiyi yerə buraxdı, - Tiffani kimi olmalıdır…