Biz insanlar həyat adlı böyük bir oyunun içində qərar tapmışıq. Həyatı içindən seyr etdiyimizə görə hər şey bizim üçün ani və məhdud görsənir. Keçmişin bugünlə, bugünün gələcəklə olan əlaqəsini görə bilmirik. Bizim üçün ancaq bugün və bu məkan vardır. Ondan kənarda olan zaman və məkanlardan xəbərsizlik. Elə ona görə də baş verənlər bizim üçün mənasız, səbəbsiz və əlaqəsiz bir təsadüf kimi görsənir. Həyata kənardan və yüksəkdən baxa bilsəydik, yaradılışa hakim olan mükəmməl həmahəngliyi, nizamı və mənanı görərdik. Bu zaman qəlbimizdən bir səs bizim bu aləmdə tənha olmadığımızı, büten baş verənlərin pərdə arxasında olan gözəgörünməz qüdrətli bir "əlin" mövcudluğundan xəbər verərdi: " Təsadüf yoxdur, hər şeydə bir məna var, sən mühüm bir varlıqsan. Bütün bu həyat və yaradılış məhz sənin üçündür. Sən təbiətin acı və mənasız bir oyunu deyilsən. Baş verənlər zarafat deyil, bir gerçəklikdir. "