Franklin elə pulun əsl simasıdır. Qoca, saçı tökülmüş amma gözlərində həyat eşqi olan, gülümsəyən həm də çox dərində qəmli bir insan. O simada iki bir-birinə zidd adam var. Bir tərəfdən Franklin qüdrətlidir. Yeni dünyanı idarə edənlərdən biridir. Digər tərəfdən o, qoca köləyə bənzəyir. Məzlum, qoca bağbana. Ona görə yəqin pul kimlərinsə qulu, kimlərinsə sahibidir. Franklin isə adamın gözlərinin içinə baxır. Hər bir adamın. Yüz dolları əlində tutan hər kəsin heç olmasa bir dəfə gözlərinin içinə baxıb. Çünki o bilmək istəyir, sən onun qulu olacaqsan, yoxsa o sənin. Ona görə birinə baxanda qəmlənir, digərinə baxanda gülümsəyir.