Nikolay Rostov üzünü o tərəfə çevirib, bir şey axtarırmış kimi, uzaqlarda, Dunayın suyuna, göyə və günəşə baxdı. Göy nə qədər qəşəng görünürdü, o nə qədər mavi, sakit və dərindir! Qüruba doğru enməkdə olan günəş nə qədər parlaq və gözəl idi! Dunayın suyu nə qədər xoş və zəif bir halda parıldayırdı! Uzaqda, Dunayın o üzündə maviləşən dağlar, monastr, əsrarəngiz dərələr, təpələrinə qədər dumanlara dalan şam meşələri daha gözəl idi… Oralar sakit və xoşbəxt idi… “Bircə orada olsaydım, heç bir şey, heç bir şey arzu etməzdim” — deyə Rostov düşündü. “Təkcə məndə və bu günəşdə o qədər səadət var ki, amma burada… inilti, iztirab, qorxu birdə bu anlaşılmazlıq, bu tələsiklik… Bax yenə də çığırırlar, yenə hamı geriyə qaçır, məndə onların dalınca qaçıram. Bax odur, odur, ölüm, başımın üstündə ölüm, ətrafımda ölüm… Bir anda hər şey bitə bilər, mən bir daha bu günəşi, bu suları, bu dərəni görməyəcəyəm…”