Hər şey insanın üstünə gələndə, insan tamamilə tərk olunduğunu düşünəndə, özünü dayaqsız, zəif, sınmış, tam ehtiyaclı hiss edəndə qəlb qəribə zülmətə bürünür. İnsana elə gəlir ki, Allah Təala, məsumlar (ə), mələklər, bütün aləm ondan üz çeviriblər və birdəfəlik tərk ediblər. İnsan bu zülmətdən çıxış yolunun izini belə tapa bilmir. Bəli, qəlb aysız gecənin zülmətinə bürünür. Məhz bu yaşantı zamanı süni "mən" öz əsas dayaqlarını itirir: təkəbbürlük, arzular, özünü aldatmaq prossesi, öz həqiqəti barədə batil və yalan konsepsiyalara etiqad, riyakarlıq və s.
İnsan bu yaşantıdan keçərək, qəlbin gecəsində sınmış illüziyalar ilə üzbəüz qalıb onların parça-parça olmuş qalıqlarına tamaşa etməlidir. Həqiqətdə sınan illüziyalar deyil. Sınan birbaşa insanın süni "mən"-liyidir. Bu yaşantıdan sonra insanın idrakı və vücudu bir növ genişlənir. Təravətli nəfəs ruhun hər yönünü bürüyür. Gecə çəkilməyə başlayır. İnsan qəribə aydınlığa qovuşur. İnsanın süni "mən"-i ölür və Həqiqi Mən Öz Nurunu aşkar edir. İnsan həyatının sübhü açılmağa başlayır. Bu gecəni yaşamaq ağır olsa da, bilmək lazımdır ki, Sirat Cəhənnəmin içərisindən (üzərindən) keçir. Müqəddəs gecəni yaşamamış sübhü yaşamaq mümkün deyil.
وَٱلَّيْلِ إِذْ أَدْبَرَ
"And olsun ötüb-keçən gecəyə!" (Qurani-Kərim, 74:33)