Filologiya Elmləri Namizədi Ayaz Vəfalının "Füzuli öyrədir" əsəri dahi şairimizin zəngin poeziya xəzinəsi ilə şifahi xalq ədəbiyyatının, folklorun əlaqəsi kimi mühüm bir məsələyə həsr olunmuşdur. Müəllif burada Füzuli poeziyası ilə xalq yaradıcılığının qarşılıqlı təsirini araşdırmış və biz oxuculara təqdim etmişdir.
Kitab "Xalq poeziyası, xalq hikməti", "Əfsanə ilə deyilən həqiqət" və "Füzuli öyrədir" başlıqları altında üç fəsilə bölünür.
Birinci fəsildə ("Xalq poeziyası, xalq hikməti") müəllif xalq poeziyası olan bayatılarla Füzuli qəzəllərini müqayisə edir, bu bayatıların şairin yaradıcılığına olan təsirini göstərir.
İkinci fəsildə ("Əfsanə ilə deyilən həqiqət") ərəb əfsanəsi olan "Leyli və Məcnun"la Füzuli "Leyli və Məcun"u qarşılaşdırılır.
Nəhayət, üçüncü fəsildə ("Füzuli öyrədir") Füzulinin özündən sonrakı şairlərə olan təsirindən söz açılır, Molla Pənah Vaqif, Qasım bəy Zakir və s. şairlərin yaradıcılığındakı Füzuli izləri ortaya qoyulur.
Zövq alaraq oxuduğum və yeni bilgilər topladığım bir kitab oldu. Xoş mütaliələr...
"Füzuli bu gün də öyrədir... Böyük, zəngin yaradıcılığı ilə, xalqdan nəyi və necə öyrənmək sirlərini dərindən-dərinə əks etdirən dühası ilə öyrədir."