İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanların ən üstünüdür. Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu, hər an dəyişirdi. Mən bunu sevəndə anladım.
- Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəş çıxanda göyün üzü qızarır, çəhrayı rənglər, ağ ilə
maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoşu gəlir. Amma soruşanda
ki, niyə xoşun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır kimsə armud. Soruşanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Boş səhifə kimi. Dəftər kimi.
Dəftərin mənası var? Yox. Dəftərin içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boş bir səhifədi. Nə
yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuş, konstitutsiyaya qədər. Keçmişinə
bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə
səhifələrini cıra bilməzsən.