Heç bir şey etməsən, sonra deyəcəksən ki, kaş edəydim, bəlkə, hər şey daha fərqli olardı. Ancaq eləsən və olmasa, ən azından biləcəksən ki, sən əlindən gələni elədin.
Qədehimi doldurub birnəfəsə başıma çəkdim. Dönüb təzədən qapıya baxanda artıq Mələyi içəridə, paltosunu asmaqa çalışan yerdə gördüm. Boyu çatmadığı üçün barmaqları ucuna qalxmış və əllərini bacardığı qədər yuxarı qaldırmışdı. Geyindiyi qisa ətək bir az da qısalaraq biçimli baldırlarını göstərirdi. Ən son Mələyi bu cür qısa donla ilk görüşümüzdə görmüşdüm. Özündən bir bədən böyük və uzun köynəklər geyinməyi sevərdi. Saçını daramaqla da arası olmazdı. İndi isə saçlarını açıb daramış, dikdabanlarını geyinmiş, hətta dodaq boyası belı çəkmişdi…
Başqa vaxtlarda hər kəsin gözü onun üstündə ikən, indini təsəvvür etmək istəmədim…
Mən izləməyi sevirdim, qıraqlarda, bir yerlərdə… Çox danışmazdım. İnsanlar mənə dayaz gələrdi boş verərdim onları. Bir şeylər sübut etməyə, yaxud öyrətməyə çalışmazdım