🥀 Dərin yaralar lal olur, Səhər. Qorxma, o sükutu pozacam, inşallah. Bəlkə də, məni bura çarəsizliyim gətirdi. Bura düşəndən sonra bildim ki, çarəsizliyi yaradan həbsxana divarları deyil, insanın içindəki divarlardır. Bax, həqiqi həbsxanadayam, amma özümü əvvəlki kimi çarəsiz saymıram. Qəribədir, deyilmi?..
🥀 Həyat biz planlar qurarkən başımıza gələnlərdir. Hər il nə planlar qururduq... Amma başımıza gələnləri görürsən də. Bəzən insan düşündüklərini dilə gətirə bilmir, içində yaşayır. Bəzən bu işə yarasa da, bir də görürsən ki, yorulmusan. Bax mən indi yorulmuşam.
🥀 Məncə, fələk yoxdur. Onu insanlar uydurublar... Dərdi, ağrını, bəlanı Allaha bağlamaq istəməyiblər. Deyiblər günahdır... Bəli, insanlar əzaba düçar olanda rahatca qarğıya biləcəkləri bir varlıq icad ediblər. Yaxşılığı Allahdan gözləyib, pisliyi fələyin adına yazıblar...
🥀 Biz siyasətin qurbanlarıyıq. Bizi güdaza verənlər elə bilirsən, azaddır? Onlar da tutduqları yolun qurbanıdır. Hamımız bir qazanda qaynayırıq. Onlar bu bəladan sağ-salamat çıxmaq üçün bizi qurban seçiblər, vəssəlam...
🥀 Bir vaxtlar Günəş qürub edəndə ümidlər də ölmüşdü. Amma həqiqət sonsuzluğun günəşidir. O, sən ümidini itirdiyin an doğar!..