Sən bir odlu çiçəksən ki, atəşinlə yaxarsan,
Toxunarsam qəlbinə ildırımtək çaxarsan.
Sən ki tək od deyilsən, həm də ki tər çiçəksən
Əlini qəlbinə qoy, biraz döz, az səbir elə,
Sən də çiçəklər kimi xoş günlər görəcəksən.
Baharlar sənin üçün yayacaq xoş ətrini,
Şairlər tək səninçün düzəcəklər sətrini,
Bülbüllər cəh-cəh vurub ötəcəklər nəğməsin,
Nəzərlər mənə dəysin, bircə sənə dəyməsin.
Buludlar da yaz çağı dayanmadan ağlasın,
Bəxtinə baxsın, baxsın, ağlasın, pıçıldasın.
Birdən birə dayansın yağışı göz üzünün,
Ardınca çıxan günəş qamaşdırsın gözünü.
Bu sənə bir armağan, hədiyyə olsa gərək,
Gəl həmişə bərabər həm ağlayaq, həm gülək.
Çiçəkləri dərməyək incə incə qoxlayaq,
Dağları, dərələri addım-addım haqlayaq.
Çıxaq dağın döşündə sığal çəkim üzünə
Biraz utan, biraz gül, qoy baxım gül üzünə
Gözlərində günəşin ən gözəl halın görüm,
Saçlarına hər növdən çiçəyin ətrin sürüm.
Yağış yağsın qəflətən çöllər suya boyansın,
Qoy Tanrının nuruyla hər yer nura boyansın.
İslanaq leysan altda, qoy yağışla rəqs edək,
Qoy bizi alqışlasın çiçəklər ləçək-ləçək...
Sən ol yağış qadınım, olma odlu çiçəyim,
Səninlə xoş gələcək ömrümə gələcəyim.