Gecə saat neçədi heç bilmirəm. Sadəcə bilirəm ki, bir çoxları yatıb indi. Bir oyaqdı yazışan sevgililər, dərsini çatdırmağa çalışan tələbələr, bir mən, hə, bir də Allah. Skamyada oturmuş, dənizin dalğalanmağını dinləyirəm. Bu səs hüzur vericidir. Çox sevirəm bu səsi. Birdən yanımda balaca bir uşaq peyda oldu. Çox qəribəydi. Balacanın 5 yaşı olardı, ya da 4. Bilmirəm. Geyimi də qəribə. Başdan-ayağa ağ geymiş, özü də klassik geyimdə. Fikirləşdim ki, bu yaşda bu geyim? Qəhvəyi saçları səliqəylə daranmış, qəhvəyi gözləri dünyanın bütün sirlərindən haliymiş kimi baxırdı. Ən qəribəsi bu qaranlıqda onu tam aydın görməyimdir. Sifəti hələ də yadımdadır. Əlimi uzadıb onu tutmağa, ondan burda nə işi olduğunu soruşmaq istədiyimdə isə uşaq dəhşətli bir sifət ifadəsi aldı və uzaqlaşdı məndən. Başımı qaldırıb ona baxdım. Qaçdı və birdən məndən 10-15 addım uzaqlıqda yaranan bir qadının yanında dayandı. Qadının dizinə qədər idi boyu balacanın. Mənim nəyimdən qorxdu axı belə? Nə var məndə? Əllərimə baxdım. Sol qolumda kəməri qara, metalı və içi ağ qol saatı, ortancı barmağımda üzük vardı. Sağ əlimdə isə işarə barmağımda bir üzük vardı. Biləyim boş idi. Fikirləşdim bura da bir gümüşü rəngli qolbaq alsam, əla olacaq. Amma birdən diqqətimi çəkdi əllərim. Kobud, böyük və dırnağının dibində qan izinə bənzər nə isə varıydı. Fikirləşdim, uşaq bu əllərdən qorxmaz. Başqa nəysə varıydı. Çıxardım telefonu. Açdım kameranı. Bu telefon da gecə gözəl çəkirmiş. Elə bil gündüzdü. Başda heç nə diqqətimi çəkmədi. Həmişə arxaya atdığım uzun qəhvəyi saçlarım, qəhvəyi gözlərim həmişəki kimiydi. Dəyişən heç nə yox... idi... bir dəqiqə.... Bu nədir? Mənim gözlərimin altı niyə belə qaradır? Bu yanağımdakı cırmaq izləri haradan gəldi? Sifətimə bu qan hardan sıçrayıb? Başımı qaldırdım, uşaq hələ də mənə baxır.
Aydaa yata bilmirəm
Yatmaq bu qədər çətin olmamalıdı.🛌