Sadəcə sevmək, uzaqdan sevmək, toxunmadan, onu istəmədən sevmək. Bir-bur keçmişdə sevdiyim qızlar yadıma düşür və anlayırdım ki, bu qız onların heç birisinə bənzəmir. Axı ona nə mənim atamın harada işləməyi, nə pullar, nə qızıllar maraqlı idi. Onun üçün fərqi yox idi mən nə dərəcədə yaraşıqlıyam, ya çirkin, boyum ucadır, ya qısa, hansı maşını sürürəm, hansı dilləri bilirəm, hansı ölkələrdə gəzdirəcəm onu. Mələyə bunların heç biri maraqlı deyildi, onun gözlərinə baxır və anlayırdım ki, o belə deyil. Onun baxışlarında sevgi, hörmət və qürur hissi görürdüm. Kimliyimdən və necəliyimdən asılı olmayaraq, sadəcə, insan olduğuma görə. Allahın yaratdığı varlıq olduğuma görə mənə hörmət edirdi.
Heç xoşum gəlmirdi bakının küləyindən. Nəyindən xoşum gəlirdi ki, küləyindən də gəlsin. Bakı böyüyürdü. Binaları, pulları, əlaqələri... Bakı meqapolisə çevrilirdi. Və Bakının insanları cılızlaşırdı bununla. Bu qədər bahalı maşın bu qədər varlı adam necə bölüşəcəkdi bu kasıbların çiynini? Bu kasıbların kürəyini neçə varlı tapdalaya bilərdi, görəsən? Bakıda iki cür insanlar var idi, heç nə etmədən hər şeyi olanlar və hər şey edərək heç nəyi olmayanlar.
Mənim həyatımda heç vaxt yaxşı qadın olmamışdı. Həmişə özündən razı tüklü, həyasız, qarasifət qızlar idi vurulduğum gözəlçələr. Bircə öpüşə görə məndən min manatlıq nişan üzüyü tələb edən qızlar idi mənim sinif yoldaşlarım, qrup yoldaşlarım və iş yoldaşlarım. Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun, sadəcə, daşları idi. Yolun kənarında mənə lazım olmayan "Yol daşları" idi həmin yoldaşlar.