Mən bilmirəm insanı Allah yaradıb, yoxsa təbiət, bu barədə qəti qərara gəlməmişəm. Ancaq bir şeyə əminəm ki, bütün insanlar eyni materialdan yaranıb. Oxuduğum kitablardan, az-çox həyat təcrübəmdən, müşahidələrimdən belə bir qənaətə gəlmişəm ki, insan, xüsusilə yazıçı öz içini təmiz saxlamalı, ruhuna heç vaxt xəyanət etməməlidir. Buna təkcə vicdan, ləyaqət, şəxsiyyət kimi nisbi anlayışlar yox, ağlın, zəkan imkan verməməlidir. Çünki təmiz için və ruhun sənin ömür boyu istinad edəcəyin yeganə yerdir. Sən hansı hissləri keçirirsən, səndə hansı duyğular varsa, demək, insan belədir. Axı eyni materildan yaranmışıq. O hisslər, o duyğular ən əclaf duyğular da ola bilər, fərqi yoxdur, demək, insan belədir. İçinə, ruhuna xəyanət edəndən sonra bəs hara istinad edəcəksən? Nə biləcəksən ki, insan necə olur?
Dostum mənə deyir, elə adamlarla oturub-durursan ki, bilmirsən o kimdir? Satqın, içinə, ruhuna, dostlarına xəyanət etmiş adamlar sənə nə verə bilər? Deyirəm, o cür adamlar ədəbiyyat, yaradıcılıq üçün çox yaxşı xammaldır, mən onlardan çox şey öyrənirəm. Özüm eləmirəm, amma eləyən adamlarla ünsiyyət mənə xoşdur. Onlardan analizlər götürürəm. Həyatın, insanın bütün tərəfləri mənə maraqlıdır. Onlar obrazdır. Onlar hansı düşüncələrlə yaşadılar ki, sonradan o düşüncələr onların taleyinə çevrildi? Mənə o düşüncələr lazımdır.
Mən özüm insan haqda yekun bir qənaətə gəlmək istəyirəm.
Onu özüm tanımaq istəyirəm.