Vulf Dorn'dan oxuduğum dördüncü kitab oldu. Söhbət Vulf Dorn'dan gedirsə kitabın nə qədər axıcı olduğunu deməyimə gərək yoxdur deyə düşünürəm.
Roman oxucunu ilk səhifələrdən gərgin bir dünyaya çəkir. Psixoloji triller janrında parlayan bu əsər sadəcə həyəcanlandırmır, həm də insanın qorxuları ilə necə üzləşdiyini dərinliklə araşdırır.
Kitab hər kəsin içində bir şəkildə yaşadığı qorxulara güzgü tutur. Eyni zamanda, psixologiya, insan beyni və travmalarla maraqlanan oxucular üçün əsl xəzinədir.
Kitabın ən güclü tərəfi isə Dorn’un yaratdığı atmosferdir. Hadisələrin cərəyan etdiyi məkanlar, personajların keçirdiyi daxili çırpınışlar və hər səhifədə artan gərginlik oxucunu sona qədər əlində saxlayır. Vulf Dorn qorxu konseptini yalnız fiziki təhlükə kimi təqdim etmir, eyni zamanda insan psixikasında kök salmış dərin və anlaşılmaz hiss kimi göstərir.
Kitabın mövzusu: Əsərin baş qəhrəmanı Sarah psixoterapevtdir və həyatı qaydasında görünür. Lakin bir gecə evinə qayıdarkən gördüyü naməlum kişi ilə qarşılaşması hər şeyin alt-üst olmasına səbəb olur. Bu hadisə Sarah'ı həm keçmiş travmaları ilə, həm də həyatında gizli qalan həqiqətlərlə üzləşdirir.
Həm emosional təsir gücü həm də kəsin sujet xətti olan bu kitabı oxumağınızı şiddətlə tövsiyyə edirəm. İlk səhifələrdən kitabın sonuna qədər gərginlik davam edir və kitabı əlinizdən qoymaq istəməyəcəksiniz.
Xoş mütaliələr.