Qədim zamandan başlayaraq, Likurqlara, Solonlara, Məhəmmədlərə, Napoleonlara və sairəyə qədər yeni qanun qoyan, cəmiyyəti yenidən təşkil edən şəxslər elə bircə ona görə cani idilər ki, onlar yeni qanun qoymaqla cəmiyyət tərəfindən müqəddəs hesab edilən, ata-babadan qalmış qədim qanunları pozurdular, hətta onlar qan tökmədən də, əgər bu qan onlara kömək edirdisə, geri durmurdular. Qəribə burasıdır ki, insanları yenidən təşkil edən bu xeyirxah adamlardan çoxu, xüsusilə, yaman qan tökən adamlar idi. Xülasə, mən bu nəticəyə gəlirəm ki, nəinki böyük adamlar, hətta adi vəziyyətdən lap azca kanara çıxan, yəni təzəcə bir söz deməyə qabil olan şəxslər də, öz təbiətlərinə görə mütləq az və ya çox dərəcədə cani olmalıdırlar. Yoxsa onlar üçün adi vəziyyətdən kənara çıxmaq çətin olar, onlar isə, yenə də öz təbiətlərinə görə, adi vəziyyət daxilində qalmağa razı olmazlar, məncə, onlar gərək heç razı olmasınlar.