Puan vermedi·436 syf.··Beğendi
···Okunma: 07 Şubat 2021 20:29 Corc Oruell'in həyatı və qələmi ilə ilk tanışlığım oldu. Yazıçının onsuzda çox qısa sürən ömrü olduqca ağrılı keçib. Corc Oruell həm də jurnalist olub. O, totalitar rejimə qarşı təkcə kitablarında yox, eyni zamanda jurnalistika sahəsində də öz kəskin mübarizəsini sona qədər davam etdirib.
"1984" Corc Oruell'in ən sonuncu və haqqında ən çox danışılan, ən məşhur olan əsəridir. 1948-ci ildə yazılmış, 1949-cu ildə isə çapa verilmişdir. Kitabın adı ilə mövzusu arasında əslində heç bir əlaqə yoxdur. Fərz edilir ki, Oruell bu kitaba ad seçərkən çox düşünmüş, "Ölülər və dirilər" , "Avropada sonuncu həyat" və s. kimi adlar qoymuş, lakin kitab nəşrə gedənə kimi adını dəqiqləşdirməmişdir. Naşir Oruell'ə təklif edir ki, kitaba yazdığı ilin son iki rəqəmini dəyişərək ad versin. Nəticədə belə bir adın daha cəlbedici olduğu düşünülərək, kitabın adı məhz "1984" adlandırılmışdır.
Əsərdə hadisələr despotik rejimin hökm sürdüyü Okeaniya dövlətində baş verir. "Böyük qardaş sənə baxır" şüarı altında yaşayan bu dövlət, insanları bir növ manipulyasiya edərək öz hakimiyyəti altında saxlayır. Bu dövlətin əhalisinə hər bir yerdə nəzarət var; Yollarda, küçələrdə, evlərdə, iş yerlərində - hər yerdə müəyyən teleekranlar var ki, bu da görüntü və danışıq səslərini qeydə alır. Burada insanların nə vaxt və nə qədər yeyəcəyini, yuxudan nə zaman oyanacağını, harada işləyəcəyini, kiminlə ailə quracağını, neçə övlad sahibi olacaqlarını və hətta nə vaxt və necə öləcəklərini belə dövlət təyin edir. Dövlətin qanunlarına tabe olmayan, onlara qarşı çıxan insanlar isə fikir cinayəti işləmiş hesab olunaraq həbs edilir, ən ağır işgəncələrə məruz qalaraq güllələnirlər.
Əsərin baş qəhrəmanı Uinston Smit öz düşüncələrini hələ də Partiyaya təslim etməyib. Onun düşüncə tərzi Partiyanın digər üzvlərindən tamam fərqli yöndədir. Uinston hesab edir ki, inqilabdan öncəki yaşam tərzi daha gözəl, həyat şəraiti əhali üçün daha əlverişli idi. Lakin o, bunu heç bir vəchlə sübut edə bilmir. Çünki keçmişə dair bütün sənədlər, dəlillər, hətta tarixin özü belə saxtalaşdırılır və anbaan yenilənir. Nəinki keçmiş, hətta bir neçə gün və həftələr öncə yaşanan hadisələr belə heç bir iz qoyulmadan yox edilir. Partiya səndən gözlərinin və qulaqlarının şahidliyinə inanmamağı tələb edir. Yeganə şahid ağlın və yaddaşındır. Ancaq Partiya yaddaşları da "müalicə edərək" yeniləməyə qadirdir.
Uinston Partiya üzvlərindən özü kimi azad düşüncəli, partiyaya daxilində kin və nifrət bəsləyən azad fikirli Culiya ilə tanış olur və aralarında qısa müddət eşq macərası yaşanır. Hansı ki, "Böyük qardaş" və onun Partiyası valideynlə övlad, fərdlə fərd, qadınla kişi arasındakı bağları birdəfəlik qırır. Cinsi ehtiras hissi və orqazm tədricən ləğv edilir. Bütün bunların tək səbəbi - Partiyaya sədaqətdən başqa heç bir sədaqətin olmaması, Böyük Qardaşa məhəbbətdən savayı heç kimə məhəbbət hissi bəslənməməsidir.
Belə qəliz və olduqca mürəkkəb süjet xətti olan əsəri Corc Oruell son dərəcə sadə və axıcı dillə qələmə almağı bacarıb.
Dünyanın istənilən ölkəsində diktatorluq və totalitar rejim hökm sürdükcə, "1984" romanı öz aktuallığını daim qoruyub saxlayacaqdır.
Əsəri oxuduqdan sonra anlayıram ki, həqiqətən də insan üçün ən böyük təhlükə və ən qorxunc həyat - köləlik altında keçən bir həyatdır. Əsər bunu bir daha sübut edir ki, qorxu olan yerdə heç bir mübarizədən söhbət gedə bilməz..
Hər kəsin hökmən oxumalı olduğu çox güclü və möhtəşəm əsərdir!