Puan vermedi·617 syf.····Okunma: 28 Şubat 2021 19:20 27 fevral saat 23:25
Uzun zamandır oxumağa can atdığım əsəri nəhayət ki bitirdim. Ştolçun son sözləri, düşüncəli bir insan kimi, zehnimin divarları arasında durmadan bir irəli bir geri alqoritmasında hərəkət etməkdəydi. Oblomovluq.. Salt təmbəllik olaraq adlandıra bilərdikmi? Yoxsa qurulu bir rejimə qarşı bilinçli hərəkətsizlik? Oblomovluq elə bir termindir ki, altında hər bir mənanı daşıya bilər. Ən azından mənim düşüncəmə görə belədir. İnsan qarşısına bir güzgü qoyub hətta özünü belə sorğulama ehtimalı var. Bu əsəri Tolstoyun da dediyi kimi, dəhşət içərisində oxudum. Oblomov və Ştolç üzərindən Gregorun X və Y nəzəriyyəsini dəyərləndirə bilərik. X nəzəriyyəsinə görə, insan işləməyi sevməz sadəcə məcburiyyət qarşısında hər hansı bir hərəkət halına keçə bilər. Y nəzəriyyəsi isə antonim rolundadır: insan bir əngəl ilə qarşılaşmadığı müddətcə daima zehinsəl və ya fiziksəl olaraq işləməlidir. Necə də baş qəhrəmanlarımıza bənzəyir bu iki nəzəriyyə! Qəhrəmanlarımızın uşaqlıqdaki yaşam tərzi fərqliliklərini də göz önünə gətirdiyimiz zaman həqiqətən bizə məlum olur ki, tərbiyə necə də insan həyatında böyük rol oynayır. Hər şey uşaqlıqdan gəlir ifadəsi ilə razıyam. Psixologiya da bu fikri dəstəkləyir. Niyə məhz PDR həkimləri insandan insana dəyişən lakin qlobal statiskaya görə travmaları, problemləri vəs. həll yolunu daha çox uşaqlıq dövrlərində yaşanılanları analiz etməklə anlamağa çalışırlar? Necə bir şəkildə formalaşdığımız bir-biri ardınca ötən illərə sirayət edəcəkdir.
İlya İliç Oblomov! Həqiqətən də sən mənim üçün çox başqa bir qəhrəman oldun. Mən səndə Raskolnikovun həyəcanını, Alyoşanın saf təmiz qəlbini duydum. Bəzən məni eynən Bazarov kimi əsəbləşdirdin. Mən ümid edirdim, bir gün səni həqiqi Oblomovkada, Andreyin çox əsəbləşdiyi və qınadığı o həyatda görməyə. Səni heç bir zaman qınamayacam. Hər kəsin bu həyatda arzuladığı bir həyat standartı olur. Atalarından nə gördünsə eynisini sən təkrarən davam etdirmək istədin. Lakin həyatın sənə bir sürprizi var idi. Bu əlbəttə Olqa və Andrey idi. Oğlun (Andrey İliç) sənin kimi X nəzəriyyəsinin heç bir özəlliyini daşımayacaqdı. O əbədi dostun Ştolç kimi Y nəzəriyyəsini mənimsəyəcəkdi. Səbəbi isə, aldığı tərbiyə və necə formalaşması idi. Nə vaxt yaşayacam mən deyə dərd çəkdin. Sən əslində yaşadın lakin bu real bir həyat deyildi. Sən xəyallarındakı Oblomovkada yaşadın. Niyə həyat yoldaşın olan Aqafyanın üzündə ananın simasını canlandırdın? Düşüncəmə görə, yuxunda olduğu kimi sən keçmişə həbs olmuşdun. Sən böyümüş bir uşaq idin. Bir uşağı isə ən gözəl şəkildə onu dünyaya gətirən anası böyüdə bilər. Həyatının eşqi Olqa, əbədi dostun Ştolç səni bu Oblomovluq düçarından çəkib çıxartmağa çalışdılar lakin istədikləri heç bir nəticəni ala bilmədilər. Bağışla amma mən onların evliliklərinə sənin kimi müsbət baxa bilmədim. Çox əsəbləşdim və hətta ağladım. Lakin sən uşaq kimi təmiz qəlbinlə sevindin. Sən həqiqətən çox gözəl bir aşiq idin. Ayaqüstə alqışlaya bilərəm. Ömrünün son axarlarında Aqafya sənə xəyallarındaki qadını yox, sadəcə valideynini xatırlatdı. Və sən ondan uşaq sahibi oldun. Adını isə Andrey qoydun çünki bilirdin bu dünya yeni bir İlyanı həzm edə bilməzdi. Yazılacaq sonsuz cümlələrim var sənin haqqında lakin artıq susmaq istəyirəm. Bu yaşımın dərk etdiyi düşüncələr yazdıqlarım və yazmadığım düşüncələrimlə kifayətlənir. Səni daha yaxşı bəlkə də 30lu yaşlarımda anlayacağam. Anlamayacağam sadəcə buna cəhd edəcəyəm yenə də. Bu arada ay Oblomov sənə qalan elə Zaxar oldu
Siyasi bir düşüncə də demədən deyəsən rahat olmayacağam. Oblomovluq bəlkə də letargiya xəstəliyi ilə tərəzidə eyni ağırlığa bərabərdir. Bir xalq yaşanılan hər ədalətsizliyə susursa bu letargiya xəstəliyi deyil bu bir Oblomovluqdur! Hər şeyin fərqində olmaq amma heç bir hərəkət etməmək..
Siyasət elmi və Beynəlxalq əlaqələr oxuyuram nə edim axı?)