·1808 syf.····Okunma: 23 Nisan 2021 20:47 27 aprel.
Ədəbi dünya sərhədləri daxilində öz varlığımı tapdıqdan sonra dillər əzbəri olan bir əsəri nəhayət ki bitirdim. Oxuduğum yaxşı və ya pis heç bir əsərin sonunu sevmədim. Çünki hər sonun daxilində mütləq bir kədər vardır. Hərb və sülh. Nə qədəri hərb, nə qədəri sülh? Mən elə düşünürəm ki, Tolstoy əsərin adını sadəcə Napoleon və I Aleksandr öndərliyi ilə baş verən sıralı müharibələrə şamil etmirdi. Hər bir şəxsə çoxdan məlum olan lakin əksəriyyətin görmək istəmədiyi bir düşüncəni ötürür.. Hərb və sülh təkcə, beynəlxalq qanunlara görə bir kişini öldürdüyün zaman cinayətkar, min kişini öldürdüyün zaman isə buna müharibə adını verən ölkələr arasında sirayət etmirdi. Hərb və sülh insanlığın daxili mənəviyyatında idi. Dirijorluğunu etdiyimiz, adına həyat dediyimiz bu operada şübhəsiz ki, sayısız müharibə sədalarını eşidəcəkdik.. Ruhumuz daimi bir şəkildə Hərb, mübarizə içindədir və bu son pillə olan ölümə qədər davam edəcəkdir yəni Sülh ancaq ölümlə həqiqət dərəcəsinə yüksələ bilər. Əsərdə mənim sevimli obrazım knyaz Andreyin müharibə zamanı yaralanmış halda səmaya baxdığı, həyat adlı operanın melodiyalarının susduğu an Sülhün ən böyük işarətlərindən biri idi. Lakin o müthiş anda Andrey Sülhə qovuşmadı çünki operanın ikinci pərdəsi başlayacaqdı.. Əgər yaşamaq Hərb, ölmək Sülh idisə varlığımızın bu həyatdaki mənası nə idi? Niyə biz Hərb vəziyyətinə gözlərimizi açırıq? Dini cəhətdən analiz etdiyimizdə görürük ki, Allah bizi müharibənin daxilinə göndərir və sonsuz sülhü sadəcə onun hüzurunu dadacağımız ana bağlayır. Necə də möhtəşəm! Məhz buna görə, Tolstoy bu əsərini bitirdikdən sonra depressiyaya düşərək, varlıq anlayışını Xristian dini konsepsiyasında axtarmışdır. Həyati nəticəsinə baxdığımız zaman isə, buna nail olmadığı həqiqəti ilə üzləşirik. Hüzur içində Sülhü yəni ölümü qarşılayacağı bir yer axtararkən, qəfil qatar stansiyasında operanın səsi kəsilir və son pərdə bağlanır.
Mən bu kitabı bir bütün halında nə roman, nə tarixi əsər, nə də ki fəlsəfi bir baş yapıt olaraq adlandıra bilərəm. Səbəbinə gəldikdə isə, hər üçünü təkdə cəmləyən xüsusiyyətə malik olmağıdır. Kitab iki fərqli cığırda lakin bir birinə paralel bir şəkildə irəlləyirdi. İlkində ard arda baş verən müharibələr, digərində isə, Rus burjua təbəqəsinin daxilində yaşanan hadisələr bütünü ilə davam edirdi. Hər iki cığır haqqında müxtəlif şərhlərim var. Başlayaq..
Əsərdə hadisələr 1805-ci ildə Çar I Aleksandrın hakimiyyətə gəlməsi ilə başlayır və 1812–ci ildə Napoleonun Rusiyaya hücumu ilə kulminasiya nöqtəsinə çatır. Parisin Avropa sivilizasiyasının mərkəzi hesab edildiyi, Rusiyada özü də Fransız dilinə və mədəniyyətinə meyilli olan II Yekaterinanın dövründə münasibətlər öz mülayimliyini qoruyurdu. II Yekaterina Rus xalqını Avropa ailəsinin bir nümayəndəsi olaraq görmək istəyirdi və Fransız dilini saray dili səviyyəsinə qədər qaldırmışdı (bu tarixi şəxsiyyət ilə orta məktəbdə bir tablo nəticəsində tanış olmuşam. Tarixə əlbəttə ki öz gücünü mükəmməl bir şəkildə yansıtmışdır. An Imperial Stride yəni İmperator Addımı əsərində 8-ci sinif şagirdi olan bizlər tərəfindən ayağını Konstantinopola uzatmağı bir çox tənqid ilə üzləşmişdi). I Aleksandr hakimiyyətə gələndən sonra isə Fransa və Rusiya arasındakı bu mülayimliyin son istifadə tarixini elan etdi. Tolstoyun öz kəlamı ilə bu hissəni sonlandırıram; "İnsanlar yalnız inandıqları zaman döyüşsəydilər, müharibə olmazdı."
Gəldik çatdıq həmin dövrün Rus burjua təbəqəsinə. Əsərdə beş zadəgan ailəsinin Bezuxovlar, Bolkonskilər, Rostovlar, Kuraginlər və Drubetskoy ailələrinin nümayəndələrinin həyat və yaşamlarından, münasibətlərindən bəhs edir. Bu beş ailə arasında əsasən ilk üçündə mənə təsir edən obrazlar üzərində duracağam. Digər iki, Kuragin və Drubetskoy ailələrinə qarşı heç bir hiss bəsləmədim.
İlkin olaraq Bolkonskilərdən başlamaq istəyirəm. Bu ailədə mənim sevimli obrazım Knyaz Andrey öz atası, bacısı və həyat yoldaşı ilə yaşamaqdaydı. Əsərə yeni başlayanda qeydə aldığım bir düşüncə belə idi; "Şan və şöhrət ailə bağlarının qarşısına keçməsi mənə görə qeyri-mümkündür. Müharibəyə 1 gün qala qələbə uğruna tanıdığı, tanımadığı şəxslərin sevgisini qazanmaq uğruna ailəsini bir qələmlə silməyə hazır olan knyaz Andrey Bolkonskiyi qınayıram." Daha sonra isə bu düşüncəmin yerini tamamən əksi əvəz elədi. Andreyin əsirlikdən sonra öz yurduna qayıdanda ev xalqı tərəfindən hiss edilən dəyişikliyi həqiqətən üzərimdə müthiş bir iz qoymuşdu. Qayıtdığı gün həyat yoldaşı övladını dünyaya gətirən zaman gözlərini əbədi sonsuzluğa yumdu. Lizanın üzündəki o dəhşətli ifadəni uzun müddət unuda bilmədi. Düşüncəmə nəzərən bundan sonraki zaman axarında mason cəmiyyətinə yeni daxil olmuş dostu Pyer Bezuxovla arasında keçəcək ünsiyyət Andreyə təsir edəcəkdi. Xoşbəxtçiliyi dadmaq istəyirdi. Və tam da bu düşüncələrin doğruluğunu sorğuladığı günlərdə Nataşa Rostova ilə qarşılaşmağı.. Mən bu səhnəni dəfələrcə oxudum amma yenə də doya bilmədim. Həmin günün gecəsi parlaq aya baxan Nataşanın gənc qız düşüncələrinə bir mərtəbə aşağıda pəncərənin kənarında olan Andreyin səssizcə dinləməyi.. Andrey ruhunda Nataşanın varlığını ən pik həddə hiss edirdi. Onu ölümə sürükləyən o yaranı aldığı və Anatol Kuraginlə qarşılaşdığı zaman bu sevgiyə daha çox əmin oldu. Artıq əvvəlki Andrey ilə indiki arasında nə qədər böyüklükdə fərq olduğunu hiss edirdim. Mənim sevimlim, mənim şıltaq obrazım Nataşa bu sevgini öz uşaq qəlbində hiss etdi amma ona sadiq qala bilmədi. Anatol Kuragin ilə ünsiyyətdə olanda, onunla qaçmağı planlaşdıranda necə də əsəbləşmişdim! Avropadan qayıdan Andrey bu hadisələrdən xəbər tutanda, Pyerə dediyi sözü unuda bilmirəm. Pyer birinci həyat yoldaşını xəyanətinə rəğmən bağışladığı kimi Andrey Nataşanı bağışlaya bilmədi. Düşüncələrim iki hissəyə bölünür burda. Biri kaş bağışlayardı deyir, digəri isə belə etməsi ən məqsədə uyğun hərəkət idi deyir. Əmin olduğum tək şey isə, onlar xəyalımda daima birgə qalacaqlar. Mən Andreyi cümlələr ilə kifayətləndirə bilmirəm. Onun ölümü ruhumda elə böyük yara açdı ki.. Marya və Nataşa kimi yas tutdum.
Marya Bolkonskaya və gələcək Rostova təbii bir obraz idi. Onun sadəcə üzünün gülməyini istəyirdim. Hamıdan çox o buna layiq idi. Həm anasız həm atasız qalan Nikolaya necə də hər iki şəxsin yerini doldurmağa çalışaraq böyüklük edirdi. Əsərin sonunda onun da üzünün güldüyünə şahid olduğum an çox sevindim. O da bir qadın kimi daxili gözəlliyi ilə sevilirdi. Məhz onu belə sevdiyi üçün Nikolay Rostovu alqışlayıram.
İndi isə Rostovlar haqqında danışmaq istəyirəm. Öncəliklə bunu deyim ki, qraf və qrafinya olan bu valideynlər həqiqətən əsərə şən bir hava qatırdılar. Hər gün evlərində verdikləri qonaqlıqlar ilə məşhur idilər.
Nataşa Rostova əsərdə başlıca gələn obrazlardan biri idi. İlk başlarda o uşaq yaşının verdiyi həyəcan ilə bir birindən şıltaq hərəkətləri məni həmişə güldürürdü. Borislə yaşadığı münasibət sadəcə ilk uşaqlıq sevgisi idi. Müharibədən qabaq qarşılıqlı gələcəyə dair vəd verdilər lakin həyatın sürprizlərindən xəbərləri yox idi. Elə düşünürəm ki, Nataşa hər zaman uşaqlığını qorudu. Hətta uşaqlıqda dostluq etdiyi Pyer Bezuxovun ikinci həyat yoldaşı olanda belə. Bir çox eşq macərası yaşadı. Qəlbində yaşadığı əsl eşq isə tək adama məxsus idi, Andrey Bolkonskiyə. O ilk bal gecəsi Tolstoy tərəfindən necə də möhtəşəm yazılmışdı. Təsəvvürümdən heç cürə çıxmır. O rəqsin sonu heç gəlməsin istədim. Bəzən insan tək bir ana məhkum olmaq istəyər. Bu məcburi bir vəziyyətin əksinə qarşılıqlı, atəşli arzunun verdiyi bir istəkdir. Bal gecəsində ən xoşbəxt məhkum idi Nataşa və Andrey. Həyatın istehzası isə bilirsiz nədir?-Yenə bir bal gecəsi nişanlı olan Nataşanın Anatol Kuragin tərəfindən yoldan çıxarılması. Bunu bir təsadüf olaraq adlandırmayacağam. Bu dahi yazarın incə bir şəkildə qələmə aldığı tənqid idi. Ədəbiyyat Ensiklopediyasında isə qeyd edilir ki, Nataşa şübhəsiz Tolstoyun ideal qadın obrazıdır. Kitabda içindəki uşaqlığı qoruyaraq, yanlışlarının dərsini ən ağır şəkildə alan bu balaca qızın bir qadın olaraq necə formalaşdığının şahidi olduq. Nataşa sənə hər şeydən çox ana olmaq yaraşdı..
Əslində Nikolay Rostov haqqında çox da deyiləcək düşüncəm yoxdur. Ona qarşı xüsusi bir bağ içimdə təəssüf ki heç yaranmadı. Nikolay tərəfindən kimsəsiz Sonyaya dəfələrlə sonu puç olacaq ümidlər verildi. Sonya həmişə ona inanmağı seçdi və hər dəfəsində öz səhvi ilə üz üzə gəldi. Bəlkə də Doloxovun evlilik təklifini qəbul eləsəydi xoşbəxtçilikdən öz payını alardı. Çox qəribə haldır ki Sonya obrazları həmişə bu şəkildə qarşımıza çıxır. Daima əzilirlər, başqalarının rahatına görə özlərini qurban verirlər. Tolstoyun Sonyasından söz etmişkən Dostoyevskinin Sonyasını unutmaq əlbət ki olmazdı. Hərb və Sülhdən danışırıq Cinayət və Cəzaya istinad eləməsək olmazdı. Nəticə olaraq Nikolayın ən müsbət davranışı Marya Bolkonskayaya qarşı olan sevgisi və heyranlığı idi.
Petya Rostov isə öz arzusunun yolunda çox gənc yaşında gözlərini yumdu. Məncə xoşbəxt son yaşadı. Bir insanın dəhşətli bir istək hiss etdiyi məqsəd uğruna qurban olması, hüzura qovuşmasına bərabər hesab edilə bilər. Yenə də mübahisəli bir düşüncədir.
Və Bezuxovlar.. Bu soyada sahib, haqqında ən çox məlumata rast gəldiyimiz obraz Pyer idi. Bilirsiz Pyer mənə kimi xatırladır?-Dostoyevskinin Dmitri Karamazovunu. Ağlımdaki kişi silüeti ikisində də eynidir. Dmitridən aldığım enerjinin eynisini Pyerdə hiss elədim. Həyəcanlı bir gənc olan Pyer başlarda heç kim tərəfindən sevilmir. Əslində bir hiss bəslənmir ona qarşı. Uzun zamandır xəstə olan zəngin atası vəfat edəndən sonra isə qəfil qraf olan Pyer Bezuxov artıq hamının sevimlisinə çevrilir. Necə də tragikomedyadır! Və nə təsadüfdir ki, Vasili Kuragin öz qızı Yelenanı Pyer ilə tanış edir. Hələ həyatda nə kimi rol oynadığını bilməyən bu saf gənc aşiq olduğunu zənn edir. Sonralar bu xəta necə də onu məhv edirdi. Pyer özünü, hisslərini, sevgini sadəcə Nataşada tapdı. Nataşa Rostova onun həyat okeanında qarşılaşdığı sərt dalğalardan sonra ən sağlam limanı idi. Müharibə zamanı sadəcə qıraqdan izləyərək necə dəhşətə düşmüşdü. O böyümüş uşaq idi. Bəlkə də məhz buna görə Tolstoy sonda onları birləşdirdi. Fransızların əlində olduğu zamanlar ona ən çox təsir edən və düşüncələrindəki dəyişikliyə səbəb olan səhnə, əsirlərin güllələnməsi idi. Əlbəttə Platonu unutmaq olmazdı. Platonun hekayəsinin Pyer üzərindəki təsiri biz oxuyuculara bəlli olurdu.
Son səhnələr mənə Rostovların keçmiş həyatını xatırlatdı. Sadəcə bir fərq var idi. Ailə xaricində demək olar ki heç kim yox idi. Sadəcə Denisov qonaq olaraq nəzərimizə dəyir. Mənə doğma gələn bu ailəni bütün bir halda görmək üzərimdə yaxşı bir təəssürat yaratdı. Ayrı ayrı baxdığımız zaman isə hər birinin qəlbində mütəmadi kədər ilə qarşılaşmağımız qaçınılmaz bir haldır. Kitabda tanış olduğum hər bir obraz haqqında deyiləcək ən azından bir cümləm daima olacaqdır. Sadəcə mən bu yazımda qəlbimdə payidar olacaq obrazlara yer verdim. Tolstoyun fəlsəfəsi, təhkiyyəsi öz sözünü deyir və insanı sonsuz mücərrəd düşüncələrə həbs edir. Mən bu kitabı 1 ay ərzində dərk və həzmdən ziyadə anlayaraq oxumağa çalışdım. İllər sonra yenidən oxumaq üzrə rəfimə geri qoydum. Bütün obrazlar 1 ay ərzində həyatımda idi. İndi böyük bir boşluqda hiss edirəm özümü. Kutuzovun bezmişliyi var üzərimdə. Niyə kitablar bitir ki? Başımı qaldırıb həqiqi həyata baxdığım zaman hər şeyin kitablara görə var olmağını necə də ürəkdən arzu edirəm. Ədəbiyyat mənim üçün mükəmməl bir xəzinədir. Nə yaxşı ki mən bu xəzinəyə sahibəm.