Puan vermedi·176 syf.··
Beğendi
·
2021 21. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Mayıs 2021 16:08
Anarın “Ağ Liman” povestini dəyərli edən ünsür onun 60-cı illərdə belə bir əsər yaratmısıdır. Povestdə biz gündəlik həyatın axarında diqqət etməyəcəyimiz insanların mənəvi dünyasına qonaq oluruq. Həmin bu insanların iç dünyası səhvləri və doğruları arasında tərəfsizcə bizə çatdırılır. Əsər Nemət obrazının yuxusu ilə başlayır. Fikrimcə, yazar əsərdə əbəs yerə yuxu aləmi ilə başlamır. Məhz əsərin belə başlamasının səbəbi əsərin sonunda da gördüyümüz kimi Nemətin olduğu yerə aid olub-olmadığını sorğulamasıdır. Nemət buna görə yuxusunda olduğu yerdən başqa bir yerə getməyi arzulayır, hətta illərdi bunun üçün sıra gözlədiyini də düşünür. Ədəbiyyatda çox istifadə olunan eyni paltarlı şəxslər simvolikası insanların bənzər həyatlar yaşamasına, bir növ monotonluqdan kənara çıxa bilməmələrinə işarət idi. Hansı ki, bu həyatların sonunda insan yaşamadığını dərk edir. Necə ki, Səftər dayı yoldaşının qəbirüstünə gedərkən bu məqamı vurğulayır. Onun dediyi kimi insanların yaşadıqları illər deyil, həqiqətən var olduqları və etdikləri əməllərlə xatırlanmaları lazımdır. Səftər dayı obrazı əsər boyu fikrimcə, ən təsirli obraz idi. Onun daxili dünyası, içindəki təklik hissi və düşüncələrindəki dərinlik bir oxucu olaraq məni özünə çəkdi. Səftər dayının qeyd kitabcası ilə söhbəti bir çox məqamı özündə birləşdirir. Bir zamanlar yaşayan, nəfəs alan insanların artıq o zənglərə cavab verməməsi, hər kəsin zamanla bir-birinə özgələşməsi, hətta insanın bir zaman sonra özünə belə yadlaşmasını büruzə verirdi. Obrazın monoloqu və ən sonda yenə özünə zəng etməsi də sanki axtardığı sualların cavabını tapacaqmış hissini onda oyadır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının ilk mərtəbisini də fikrimcə, “Ağ Liman” əsərində görürük. Təhminə və Zaur obrazı əsər boyunca fərqli yerlərdə dolayı və bilavasitə olaraq bizim qarşımıza çıxır. Hər iki obrazın düşüncələri adi insanların əxlaq qanunları ilə uyuşmur. Onlar üçün olduqları yerdə sadəcə bir-biriləri var idi. Eyni zamanda yazar insanların öz istəkləri ilə düşüncələrinin nə qədər fərqli olduğunu da bizə göstərir. Zaurun, Təhminənin yoldaşı Manafa nifrəti hansı ki, bunun səbəbi onun öz həyat yoldaşına xəyanət etməsi idi, özü də ondan fərqli bir mövqe tutmur dolayı yolla Manafa insan olaraq xəyanət edirdi. Əsər boyu Təhminənin dəyişən ruh hallarının şahidi oluruq. Onunla bərabər digər obrazlarında psixoloji qatlarını təhlil etmək imkanımız yaranır. Son olaraq isə Nemət obrazını yenidən diqqət mərkəzinə çəkmək istəyirəm. Nemət 10 il əvvəl heç ağlına belə gətirə bilməyəcəyi həyatın içərisində özünü tapmış bir obrazdır. Məhz buna görə o özünü daima sorğulayır, başqa bir yaşayışın içində ola biləcəyi düşüncəsinə qapılır. Ən son Təhminə ilə telefon söhbəti isə onun bütün düşüncələrini aşkara çıxarır və əsər yenə Nemətin yuxu görməsi ilə sonlanır. Çingiz Aytmatovun “Bəyaz gəmi” əsərində balaca uşağın ağ gəminin içində olmasını arzu etməsi kimi, Nemətdə ağ limanda olmaq istəyir və bunun səbəbi fikrimcə, qəlibləşmiş düşüncələrdən və insanlardan uzaqlaşıb özünü tapmaq istəyi idi. Bəlkə də, insan yuxuların arasında var olan illüzyanın bir parçasıdır, kim bilir?!..
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
·
788 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.