Puan vermedi·224 syf.····Okunma: 02 Temmuz 2021 01:40 İlk dəfədir ki, hansısa əsər haqqında uzun-uzun fikirlərimi paylaşacağam, ona görə də oxuyacaq olan insanlara öncədən təşəkkürümü bildirir, hansısa səhvə yol verərəmsə bunu mənə bağışlamağınızı rica edirəm.
Ən çox əsərdəki obrazların mənə olan qatqıları, məndə oyatdığı hislər barəsində yazmaq istəyirəm. Çünki bu əsərdəki obrazlar oxuduğum əsərlər arasında ən çox qəlbimə toxunan obrazlardan oldular. Bütün obrazların qəlbimdə özəl yeri var, amma mən əsəri oxuduqca məni ən çox təsirləndirən obrazlardan yazacağam.
Məsələn, İmi ilə Cimi mənə ancaq sevdiyiniz işdə, sevdiyiniz yerdə xoşbəxt ola biləcəyimi, həvəsim olan peşənin ardınca getməyimi, yalnız o zaman uğurlu ola biləcəyimi öyrətdilər. Sevmədiyin iş üçün nə qədər çalışsam da, hansısa nailiyyət qazana bilməyəcəyimi, Qulunun da onlara dediyi kimi, sadəcə işgüzar işsiz olacağımı öyrətdilər.
Qulu… Fədakar dost… Ondan yardımsevərliyi öyrəndim. Dostluğun çox önəmli olduğunu, dostlarım üçün heç bir qarşılıq gözləmədən əlimdən gələnin ən yaxşısını etməli olduğumu, yalnız o zaman həqiqi bir dost ola biləcəyimi öyrəndim.
Nəriman əmi…Onun ən çox əzmini, çalışqanlığını, zəhmətkeşliyini sevdim. Çox çalışsam, kiçik addımlarımın qarşımda uzun yollar aça biləcəyinə əmin oldum. Nəriman əmi öz incəsənət sevgisi ilə mənim incəsənət ruhumu daha da alovlandırdı, teatr sevgimi daha da artırdı.
Səadət… Ah Səadət, sən çox gözəl qadın olmağına baxmayaraq, özünü necə də məhv edirdin. Səadət mənə həddindən artıq qısqanclıq hissinin əvvəl-axır hüsran gətirdiyini, əsassız şübhələrin insanı, hətta ətrafındakılarını da məhv etdiyini öyrətdi. Amma Səadət eyni zamanda mənə, dinləməyi bacarmalı olduğumu öyrətdi. Bir insanı dinləməyi bacararsam, onun mənim haqsız tərəflərimi deməyinə, mənə göstərməyinə icazə verərsəm, özümə bəlkə də nə qədər qatqım ola biləcəyini öyrətdi. Həyatımı müsbət mənada dəyişə biləcəyimi öyrətdi.
Murad… Muraddan bəzi insanların ikinci şansa layiq olduğunu öyrəndim. Əgər tez qərar verməyib səbirli olarsam, hər şeyin yaxşıya doğru irəliləyəcəyini öyrəndim.
Və Nuriyyə… Nuriyyə, sən necə möhtəşəm bir xanımsan! Heç bilmirəm, sənin haqda olan düşüncələrimi düzgün ifadə etməyi bacaracağam, yoxsa yox.
Nuriyyə, sən mənə çox çalışmağı, mütaliənin nə qədər önəmli olduğunu, dostluğa önəm verməyi, kimdənsə kömək istəməyin zəiflik olmadığını, gücün birlikdə olduğunu öyrətdin. Sevginin hər şeydən üstün olduğunu, əsl sevginin sevdiyin insanın sevincinə sevinmək, kədərinə kədərlənmək olduğunu öyrətdin. Onun xoşbəxtliyi üçün öz xoşbəxtliyindən vaz keçməyi yox, onun xoşbəxtliyi ilə xoşbəxt olmağı öyrətdin. Sevginin sevdiyin insanı özündən də çox düşünmək olduğunu öyrətdin…
Söyüdlü arx… Sən isə köhnə dostları yenidən bir araya gətirdin, onların ürəyinə yol saldın, “əziyyətin bəhrəsi hər zaman mütləq görülür” misalına ən gözəl nümunə oldun. Nuriyyənin də dediyi kimi, gün gəldi, Söyüdlü arx güneylilərlə quzeylilərin ürəyinə yol saldı. Bütün acıları, kədərləri yuyub apardı, onun suyu ilə boy atmış ağacların kölgəsində gənc analar uşaqlarına layla dedi. Ürəklərə əzab verən gizli dərdlər xoş xatirələrə çevrildi…