Gönderi

8/10
·200 syf.··
Beğendi
·
2021 11. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Ağustos 2021 21:19
Qədim Yunan ədəbiyyatının oxuduğum ilk kitabı. Sokratın dahi şəxsiyyət olduğunu hamımız bilirik. Düşüncələri, özünə xas fəlsəfəsi indinin özündə belə öz aktuallığını qoruyur ki, kitabı oxuduqda bunu aydınca görürük. Platonun fəlsəfəsi ilə çox tanış deyiləm, amma yazıçılıq qabiliyyəti dövrünə görə pis deyil. Kitabın özünə gəlsək, kitab Sokratın son günlərində baş verən hadisələri, daha doğrusu, danışıqları əks etdirir. Kitabı oxuduqca baş verən hadisələr çox arxa fonda qalır, Sokrat ətrafında baş verən hadisələrə baxmayaraq, fəlsəfə ilə məşğuldur. Kitab daha çox fəlsəfi traktata bənzəyir. Kitabın dili bir az çətindir (fəlsəfə kitablarını oxumaq heç vaxt asan olmur), Sokratın bir çox danışıqlarına başa düşmək üçün bir neçə dəfə oxumaq lazım gəlir. Düzdür, haradan baxsaq, bu hadisələr gerçəkdir, amma Sokratın hər anını fəlsəfə ilə məşğul olması inandırıcı gəlmir, yəqin, Platon bu kitabda bacardıqca Sokratın fikirlərini əks etdirib. Təbii ki, bu kitabı Sokrat yazmayıb, ona görə bu fikirlərin kimə aid olduğunu tam deyə bilmərik. Bir çox kitablarda yazıçı əsərinə fikri gizlədir, onu bizim tapmağımızı istəyir. Amma bu kitabda Sokrat hər fikrini izah edir, buna görə də həyat haqqında dünyagörüşümüz xeyli artır. Mütləq oxunulmalı əsərlərdən biridir, fəlsəfə və qeyri-bədii ədəbiyyata giriş üçün mükəmməl əsərdir. (7 verməyimin səbəbi kitabın həddən artıq çətin yazılması idi, tərcümədə qəliz fikirlər cümlənin azca açılması ilə sadələşdirilə bilərdi.) Bir az spoilerli hissə Əsər Sokratla Evtifronun məhkəmədən əvvəlki görüşü ilə başlayır. Burada Sokrat Evtifronun məhkəməyə gəliş səbəbini öyrəndikdən sonra onunla birlikdə möminlik, insan-tanrı əlaqəsi haqqında öz fikirlərini söyləyir. Əsər eradan əvvəl yazılsa da, insan-tanrı arasındakı əlaqə indiki dövrümüzlə çox əlaqədardır. Tanrı nə üçün var, tanrıya xidmət nədir, savab-günah arasındakı fərqləri çox gözəl əks etdirib Sokrat. Mənə görə əsərin ən maraqlı hissəsi də elə bura idi. İkinci hissə Sokratın çıxışını göstərir. Çıxış üç hissədən ibarətdir. İlk hissə Sokratın özünə bəraət qazandırma hissəsi idi. Düzünü desəm, bu hissədə mat qalıcı cavablar, möhtəşəm fikirlər eşitmədim, standart nitq idi. İkinci və üçüncü hissəsində isə Sokratın ona ölüm cəzası verən hakimlərə qarşı yalvarmadan necə dik durmasına, öz dövrünün insanlarını necə sərt şəkildə tənqid etməsinə heyran qaldım. Bildiyimiz kimi, Sokrat etik-əxlaqi fəlsəfənin banilərindən biridir. Bu hissələrdə də əxlaqi fəlsəfənin izlərinə tez-tez rast gəlinir. Üçüncü hissə Kritonla Sokratın dialoqlarıdır. Sokrat artıq həbsxanadadır və dostu Kriton pul verib onu buradan çıxarmaq istəyir.Bu zaman Sokrat ölüm, həyat, yaşamaq haqqında çox sarsıcı fikirlər söyləyir. Ölüm ifadəsini o qədər bəsitləşdirir ki, ölümün əzəməti bir anda əriyib yoxa çıxır. Fikirlərinizi dərindən dəyişir. Dördüncü hissə Sokratın son günündə dostları ilə son söhbətini əks etdirir. Əsərin ən çətin hissəsi də elə burasıdır. Sokrat beyninizin qaranlıq tərəflərində cavabsız qalmış suallarınıza məharətlə öz fikrini söyləyir. Ruh, ölümdən sonrakı həyat, ilkin cənnət-cəhənnəm anlayışı bu hissədə aydınlaşdırılıb. Əsasən ruhlar haqqındakı hissədə fikir çox qəlizləşir, fikir reinkarnasiyaya bənzəsə də, tamamilə fərqli bir anlayışdan bəhs edir Sokrat. Buradakı əsas fikri başa düşmədiyimə görə bu kitabı bir daha analiz edəcəyəm. Hətta hər yaş qrubunda oxunulmalı bir əsərdir, çünki uşaqlıqdan heç kimin cavab verə bilmədiyi, hətta cavab verməyə qorxduğu suallara cavab verir Sokrat. Sadəcə mükəmməl!
Felsefe
Sokratın ApologiyasıPlaton (Eflatun) · Qanun Nəşriyyatı · 201764,7bin okunma
·
198 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.