"Ümumiyyətlə, bunun o qədər də əhəmiyyəti yoxdur"
9/10
·128 syf.··
Beğendi
·
2021 14. kitabı
·
4 günde okudu
·
Okunma: 23 Ağustos 2021 20:39
"Bu gün anam öldü. Bəlkə də, dünən ölüb, bilmirəm." Kitabı bir neçə cümlə ilə ümumiləşdirəsi olsaq, bu cümlələrdən istifadə edərdim. Ən yaxşı girişlərdən birinə sahib, nəinki Alber Kamünün, həmçinin dünya ədəbiyyatının şah əsərlərindən olan "Yad" dan danışaq. İndiyə qədər oxuduğum kitablar arasında ən fərqli yazı stilinə malik kitab bu idi. Kitabda sizi həyəcanlandıracaq, digər səhifəsində nə olacağı barədə düşündürəcək, demək olar, heç nə yoxdur. Lakin kitab sehirli şəkildə sizi özünə çəkir. "Bir kitabı maraqlı edən oradakı həyəcanverici səhnələrdir" - deyə düşünə bilərik. Amma bu kitabın verdiyi təəssürat tamamilə fərqlidir. Necə ki, gündəlik həyatdakı hadisələrə həyəcanlanmırıq, lakin yaşamaqdan bezmiriksə, Kamü də bu kitabda belə bir effekt yaradıb. Sanki hansısa qonşunuz sizə başına gəlmiş hadisələri danışır. I hissədəki hadisələr çox sadədir, amma yenə də, oxucunu sıxmır və yormur. II hissədə isə hadisələr getdikcə qəlizləşir, qorxulu məqamlar yaranır. Lakin cənab Merso bu hadisələrə biganəliklə yanaşır, adi bir gün kimi baxır. Merso ilə qurduğumuz dərin empatiya hissi də bizi hadisələri həmin yadlıqla izləməyə məcbur edir və əsər ümumilikdə, hadisələr tərəfdən heç bir hiss-həyəcan yaratmır. Yazı stilindəki bir qəribəlik də hadisələrin inanılmaz tezliklə hərəkət edir. Baş qəhrəman harasa gedirsə, bir-iki cümlə sonra orada olur. Günlər arasındakı zaman da çox qısadır. Oxucunu yormayan bir faktor da budur. Bu cəhətdən əsəri uzatmaq olardı, lakin Kamü bizə başqa şey çatdırmaq istəyib. Əsəri uzatmağın iki (bəlkə də, daha çox) yolu var: 1) Cümlələr üzərində işləyərək müəyyən təsvirlər qatmaq 2)Yeni hadisələr əlavə etmək Burada 1-ci üsuldan istifadə etmək olardı, amma Kamü həyat təsvirindən çox, bir insan təsviri yaratmaq istəyib. Beləliklə, əsərdə lazımsız təsvirlər və uzun dialoqlar yoxdur, bu da bizi baş qəhrəmanı daha yaxşı analiz etməyə imkan verir, Alber Kamünün məqsədi də budur: həyat hadisələri yox, bir insan analizi. Məhkəmə səhnəsində qətldən çox, anasının ölümündən danışılması da bununla əlaqədardır: hadisələrlə dolu məhkəmə yox, analizlərlə dolu vicdan məhkəməsi. Kamünün bu strategiyasına heyran qaldım. Arxa planda qalmış hadisələrlə əsl çatdırmaq istədiyi insan modeli arasında elə əlaqə qurur ki, əsər tam təbii alınır və oxucunu öz sehrinə salır. Bu cür əlaqəni yaratmaq hər yazıçının bacardığı iş deyil, bəyənmədiyimiz bir çox əsərdə də bunu görürük. İndi keçək baş qəhrəmana. Cənab Mersonu anlamaq üçün yazıçı bir çox yerdə buna şərait yaradıb. Əsərin ilk cümlələri, anasının dəfni və məhkəmə səhnələri də buna aiddir. Göründüyü kimi, Merso hər şeyə biganə yanaşan, həyata yad olan bir insandır. Onun üçün heç kimin fikirləri önəmli deyil. Buna görə də, digər insanlardan tərəfindən bu şəxs daşqəlbli adlandırılır. Bu cəhətdən, cənab Mersonu Mixail Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərindəki Peçorin personajı ilə müqayisə etmək olar. Lakin bu iki şəxs arasında ciddi fərqlər var, həmin kitabı oxuduqdan sonra daha yaxşı fərqləndirə biləcəyəm. Amma belə demək olar ki, Peçorin üçün heç kimin hissləri önəmli deyil, onu ancaq özü maraqlandırır. Cənab Mersonun da belə bir xüsusiyyəti var, lakin bu, onun dünyaya baxış tərzidir, Peçorininki isə xasiyyətdir. Mersonun dünyaya baxış tərzinə nəzər salsaq, onun üçün heç nəyin mənası, əhəmiyyəti, fərqi yoxdur. Onun üçün yanındakı insanların fərqi yoxdur, ən yaxın bildiyi insanla tanımadığı arasında fərq yoxdur, eynilə də birlikdə gəzdiyi qızla küçədə keçən qızın arasında fərq qoymaması kimi. Ümumilikdə, yaşamağı mənasız bilir. Buna görə, bu personajı Kamünün də yaxından araşdırdığı, haqqında bir çox fikir söylədiyi fəlsəfədə özünü tapmış insan - ekzistensialist adlandırmaq olar. Ekzistensializm haqda danışmaq çün Kamünün digər əsəri olan "Çöküş" və Jan Pol Sartrın bəzi əsərlərini oxumaq lazım gələcək. Qısa şəkildə desək, ekzistensializm həyatın mənasız bir yer olduğunu və heç bir şeyin müəyyən əhəmiyyətinin olmadığını deyir. Baş qəhrəmana qayıdası olsaq, Kamünü bir daha təbrik etmək istəyirəm. Bu mövzu bir çox müasir yazıçıların əlinə düşsəydi, onlar bu personajı ikrah dərəcəsində yad və daşqəlbli göstərəcək və oxuculara daha yaxşı təsir edəcəkdilər. Lakin Kamü bu personajı qədərində, süniləşdirmədən, təbii bir insan tipi kimi yaratmışdır. Bu da Kamü və Merso kimi insanları daha yaxşı başa düşməyimizə imkan yaradır. Digər halda, biz onlara sadəcə nifrət edəcəkdik. Belə bir hal da var. Bir çox insan Mersoya nifrətlə yanaşmır. Çünki aramızdakı bir çox insan bu cür baxış tərzinə malikdir. Hər birimiz bir çox mövzularda biganəlik göstəririk, bu da baş qəhrəman ilə bizi birləşdirir. Məhkəmə səhnələrində öz soyuqqanlılığını qoruyur və öz hisslərini bildirmir, əgər bu personaj sadə bir insan olsaydı, çox güman ki, Viktor Hüqonun "Ölüm məhbusunun son günü" əsərindəki kimi bir hadisə ilə rastlaşacaqdıq. Cənab Mersonun daxili hissləri çox əks olunmayıb, çünki hər şeyə yad bir insan öz hisslərinə də yaddır. Beləliklə, Mersonun düşüncələrinin əks olunmaması bizə onu başa düşməyə mane olmur. Kamünün yaradıcılığına gəlsək, "Çöküş" və "Taun" əsərlərindən sonra bu haqda danışmaq olar. Əsərin son hissəsi - Merso ilə keşişin mübahisəsi və Mersonun monoloqu, mənə görə, ədəbiyyat tarixində önəmli yer tutacaq sətirlərdir. Bu vaxt biz Mersonu tamamilə anlayırıq və insanlardan nə ilə fərqləndiyini sezirik. Möhtəşəm bir əsərdir, ölməmişdən qabaq oxunulası kitablar arasında ön sıralardadır. Mütləq oxunmalı kitabdır, bu cür insanları başa düşmək üçün.
Edebiyat
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020137,5bin okunma
·
202 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.