Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Analizi bölək 3 yerə. Beləcə kitabı daha yaxşı anlaya bilərik. 1) Rus klassikləri. Kiçik yaşlarımdan Tolstoyun hekayələrini və qısaldılmış mətnlərini çox oxumuşam. Lakin ilk oxuduğum əsl rus klassiki "Atalar və Oğullar" oldu. Və çox güman ki, oxuyacağım rus klassikləri hələ çox olacaq. Bu kitabların hansı yazı stilində olacağını da "Atalar və Oğullar" da görürük. Bu tip əsərlər düzgün cümlələrdən ibarət olur, hiss-həyəcan yaransın deyə poetik üslubdan istifadə olunmur. Hər hansı personajın əsərdə lazım olmasa belə bioqrafiyası yazılır. Bəzən belə hallar əsəri uzatmaq üçün nəzərdə tutulsa da, rus klassikalarında bu "adət-ənənə" halını alıb. Əsərdəki şəxslər soyadına kimi dəqiqləşdirilir, halbuki personajlar sadəcə öz adları ilə də əsərdə yer ala bilərlər. Hadisələr çox sadə irəliləyir, normal həyatda baş verəcək hər hadisə kimi. "Atalar və Oğullar" əsərində də sanki Turgenev bu hadisələri beynində uydurmayıb, eşitdiyi əhvalatı bizə danışır. Hətta, bunu bizə inandıra bilir. Bu mövzu Tolstoyun, Puşkinin, Qoqolun və bir çox rus klassiklərinə də aiddir. Ümumiləşdirsək, məhz bu tərz rus klassikləri ağır tərzdə yazılmış, daha müasir əsərlərdən sonra oxuna bilər. Çünki, ortada həyəcanverici səhnələr, dərin fəlsəfi fikirlər, qəliz hadisələr olmur. Buna görə, Turgenev, Puşkin, Qoqol kimi yazıçıların əsərləri məhz dincəlmək üçün oxuna bilər. 2) Bazarov Bazarovla ilk tanışlığım xoş olmamışdı. Ümumiyyətlə, nihilizmlə çoxdan tanışam, lakin heç nihilist insan tanımamışdım deyə, beynimdə yaratdığım nihilist obraz tamam fərqli idi. Bazarov mənə personaj olaraq daha ədəbsiz gəlmişdi, ümumilikdə, beynimdə bir anti-qəhrəman kimi formalaşmışdı. Bunun iki səbəbi ola bilər: 1) Nihilist insanlar bütün əxlaq qaydalarını rədd edərək yaşayırlar, onlar üçün heç kimin fikri önəmli deyil. Həmçinin, ətrafımızda Bazarov kimi insanlar çox deyillər, buna görə də Bazarovun həqiqi bir nihilist olub-olmadığını demək çətindir, çünki bu Turgenevin yaratdığı bir personajdır. Ümumiləşdirsək, ətrafımız nihilistlərlə dolu olmadığı və nihilizmi dərindən tanımadığımız üçün Bazarov mənə mənfi personaj kimi göründü. 2) Mənim fərziyyəmə görə, Turgenev nihilizmi çox bəyənmir, o da geri fikirli bir yazıçıdır. "Atalar və Oğullar" əsərində Bazarov tez-tez ədəbiyyatı və romantikanı tənqid edir, halbuki Turgenev də bir yazıçıdır və onun da sevgi haqda əsərləri var. Həmçinin, Turgenev də əlinə fürsət düşdükcə nihilizmi tənqid edir, kitabında da nihilizm yaxşı tərəflərindən daha çox zəif tərəflərini göstərir (mənim fikirlərim). Buna görə də, Turgenev ola bilsin ki, Bazarovu daha mənfi personaj kimi yaratmağa çalışıb, və yaxud da mənə elə gəlir. Lakin əsər irəlilədikcə Bazarova daha da yaxınlaşmağa başladım, özüm də hiss etmədən, onunla güclü empatiya qura bildim və bütün mənfi xüsusiyyətlərini qəbul etdim. Məhz buna görə mənim beynimdə qalacaq personajlardan birinə çevrilə bildi. Lakin Bazarovu öz idealı hesab etmiş insanları anlaya bilmədim. Çünki Bazarovun özü də bir nihilist olaraq ideal deyil, hələ də gerifikirliliklə mübarizə aparır. Görəsən, hansı xüsusiyyəti onlara təsir edib və təqlid nümunəsinə çevrilib? 3) "Atalar və Oğullar" əsərini bir çox insan sadəcə nihilist bir insanın təsviri kimi başa düşür. Lakin mənə görə "Atalar və Oğullar" mövzu cəhətdən iki yerə ayrılır: 1) İki fərqli nəsil nümayəndələri arasındakı fərqlər. Əsərin əsas hissəsini bu mövzu təşkil edir. Gerifikirli adlandırılan atalar və yeni düşüncə gətirmiş oğullar. Burada məhz bu iki nəslin arasındakı mübarizə və fikirayrılıqları göstərilib. Ataların həyatı sadəcə bir neçə işdən ibarətmiş kimi görməsi həyatı daha azad düşünən oğulların xoşuna gəlmir, buna görə də, tez-tez onları tənqid edir. Oğulların həyatdakı hər şeyi inkar etmələri hər şeyə məna qata biləcəklərinə inanan atalara xoş gəlmir, beləliklə də, bu münaqişə həmişə davam edir. Lakin atalar öz oğullarını yenə də sevir və onlara güzəştə gedir, çünki başa düşürlər ki, onlar da öz atalarına görə yenifikirli idilər. Məhz buna görə bu əsər təkcə XIX əsrdəki ataların və oğulların deyil, bütün sivilisaziya boyu bütün ataların və bütün oğulların hekayətidir. 2) Yeni yaranmış nihilistlərin özləri ilə mübarizəsi. Həm Bazarov, həm Arkadi, həm də həmin dövrdə yaranmış bütün nihilistlər özlərini əsl nihilist hesab edirlər və düşünürlər ki, onlar artıq klassikləşmiş və köhnəlmiş düşüncələri qırıb qabağa gedə biliblər. Amma özləri də hiss etmədən özləri ilə mübarizə aparırlar, uşaqlıqdan beyinlərinə yeridilmiş gerifikirliliyi qırmaq istəyirlər. Bütün hadisələr boyu Bazarov belə öz gerifikirliliyini yox edərək əsl nihilizmə çıxmaq istəyir, lakin bunu bacara bilmir. Çünki yaşadığı cəmiyyət ona uyğun deyil, qarşısına çıxan hadisələr Rusiyanın geridəqalmış düşüncəsi ilə əlaqədardır, belə olduqda da, Bazarov həqiqi nihilizmlə ayaqlaşa bilmir və daha da bədbinləşir. Hamıya nifrət edir, çünki başa düşür ki, bu cəmiyyət onun üçün deyil və bu insanlar onu nə qədər dala atır. Arkadiyə gəlsək, Arkadi bütün tarix boyu mövcud olmuş insan tipinin simvolikləşmiş formasıdır. Öz yaşıdlarının hörmətini qazanmaq üçün öz gerçək fikirlərini silir və istəmədiyi və ayaqlaşa bilmədiyi yeni fikirlərlə hərəkət edir. Belə insanlar həmişə ziddiyətlərlə doludur və həmişə özləri ilə mübarizədədirlər. Arkadinin niyə özünü nihilist saydığı məlumdur: idealı saydığı Bazarovun rəğbətini qazanmaq. Və sonralar başa düşür ki, yeni fikirlər yox onu xoşbəxt edən fikirlərlə yaşamaq lazımdır. Bu "başa düşmək" hər insana bəxş edilmiş nemət deyil, bir çox insan məhz rəğbət qazansınlar deyə yeni fikirlərlə ayaqlaşa bilmirlər və tez-tez yıxılaraq öz həyatlarında azırlar. Əsərin ən təsir edən hissəsi isə ata-oğul əlaqəsi idi. Bazarov bütün insanlığa mənasız baxa bilər. Onun üçün həyat mənasız görünə bilər. Lakin Bazarovun timsalında bütün oğullar öz ataları üçün həyatlarının mənasıdır. Atası Bazarov üçün gerifikirliliyinə görə axmaq ola bilər, lakin hər bir ata öz oğlunu bütün qüsurlarına rəğmən sevə bilir. Bazarovun atasına "atacan" dedikdə atasının gözlərindəki sevinc, Arkadi gəldikdə atasının ürəyində yaranan xoşbəxtlik bütün nihilizm fəlsəfəsini alt-üst edir və başa salır ki, bütün həyat mənasız ola bilər, lakin sizə bütün həyatını bağlamış bir atanız var. Böyüdükcə də başa düşürük ki, həyatın bir mənası var: o da, sizə "ata" və yaxud da "ana" deyən, sizi sevməsə belə güvənən övladlarımız var. Bütün ataların və bütün oğulların oxuması mütləq olan möhtəşəm bir əsər. Bütün atalar və oğullara sevgilərlə.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,4bin okunma
·
116 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.