·160 syf.··Beğendi
···Okunma: 13 Eylül 2021 16:31 Azca spoiler
Kimdir bu öz dövründə intihar hadisələrinin sayını çoxaldan, insanı depressiyanın dərinliklərində gəzdirən Verter? Sadə bir gənc, ya içimizdəki iztirabların təcəssümü?
Kitab məktub stilindədir. Bu tip əsərlər psixoloji janrda yazıldığı zaman daha uğurlu olur. Hötenin 25 yaşında yazdığı bu əsər avtobioqrafik izlər daşıyır.
Kitab 3 hissədən ibarətdir: Birinci kitab, İkinci kitab və Müəllifin əlavələri. Birinci kitabdan başlayaq. Verter uşaq ruhlu, həssas və romantik bir rəssamdır. O, əsl sevgini hələ yaşamasa belə, sevginin nə və nəyə qadir olduğunu yaxşı bilir. Bir gün qonaqlıqların birində Lotta adlı bir qadınla tanış olur. Lotta onun ağlını başından alır və fikrini ələ keçirir. Bundan sonra baş verənlər klassikdir: Verter bütün gün onu düşünür və onunla vaxt keçirir. Bu hissələr çox da təsiredici deyil, çünki standart sevgi motivləridir. Bundan sonra Lottanın nişanlısı Albert gəlir və Verterin iztirabları başlayır. Əsərin məhz bu hissəsi bəzilərində qıcıq yarada bilər, mənim kimi. Verterin ikrah dərəcəsində sentimentallığı, hər iztirabında ağlaması təsir etməkdən çox insanı soyudurdu. Çünki oxucu Verterin depressiyadakı daxili hislərini oxumaq istəyir, lakin "... və mən ağladım" kimi cümlələr bu imkanı bizdən alırdı. Bu kitabın intihar xəstəliyi kimi bir effekt yaratması məndə ayrı bir duyğu yaratmışdı, lakin oxuduqdan sonra kitab məndəki simpatiyasını itirmişdi. İkinci hissədə Verter yaşadığı yeri tək edir və yeni həyata uyğunlaşmağa başlayır. Burada freyleyn B. ilə tanış olur. Bu hissə məndə Verterin qadın düşkünü biri olduğu qənaətinə gətirdi. Bu fikrin sonralar səhv olduğunu anlasam da, ilk oxuduqda bu hissi yaratmışdı. Bu isə məni əsərdən daha da soyutmuşdu. Daha sonra Verter yenidən Lottanın yanına qayıdır və yaşamağa çalışır. Bu hissələr kitabı gözümdə azca qaldırmışdı. Çünki artıq Verter vəziyyəti həzm etmişdi, mənasız ağlamalar isə saf iztiraba çevrilmişdi və biz artıq Verteri daha yaxşı başa düşürük. Artıq əsər Verterin Lotta haqda fikirləri, onu dəli kimi sevməsini bizə daha yaxşı anladır. Müəllifin əlavələrində biz Verterin son zamanlarını Hötenin dilindən oxuyuruq. Verterin iztirabları daha da ağırlaşmışdı, onun həyat haqda fikirləri ümumilikdə dəyişmişdi. Əsərin başında qura bilmədiyimiz empatiya hissi sonda zirvəyə çatmışdı və Verterin hər iztirabı bizim iztirabımıza çevrilirdi. Son danışıqlar və hüznverici intihardan sonra kitabı tullayaraq Verterdən qaçmaq istəyirik, lakin artıq Verter bizim beynimizdədir və həmişə orada yaşayacaq.
Əsərin sonunu bilsəm belə, oxuduqda həddən artıq təsir etmişdi, onun Lotta ilə danışıqlarını iztirab ilə oxuyurdum. Ən sevdiyim sevgi romanı olmasa da, ən çox təsir etmiş sevgi romanlarından biri oldu. Oxuduqda məni daha çox sarsıdan Səbahəddin Əlinin "Xəz paltolu Madonna" əsəri olmuşdu. Hansı ki, bu kitabda daxili hislər daha aydın əks olunmuşdu. Həmçinin mənə sevginin gətirdiyi yalqızlığı, melanxoliyanı oxumaq daha çox zövq verir, nəinki davamlı iztirab və ağlama. Bir sevgi romanı olaraq "Gənc Verterin iztirabları" ilk tövsiyə edəcəyim kitab olmaya bilər. Lakin sevginin gətirdiyi iztirabı bütün bədəninizlə hiss etmək istəyirsinizsə, bu kitab artıqlaması ilə sizin həyatınızda iz buraxacaq. Əsərin digər tərəfi isə Hötenin Verterin dilindən cəmiyyətin tənqidi idi. Klassikləşmiş, öz çərçivəsindən qırağa çıxa bilməyən cəmiyyətin ilk etirazı idi Verter. Mentalitet, köhnəlmiş əxlaqi dəyərləri qırmaq istəyən Verter öz fikirləri ilə də öz cəmiyyətinizə baxış bucağınızı dəyişəcək.
Höteyə gəldikdə isə, oxuduğum ən yaxşı naturalist və təsvirçi idi. Təbiəti öz gözəlliyi ilə oxucuya sözlərin sehri ilə çatdıran, gözünüzün önündə möhtəşəm bir səhnə açan Hötenin heç bir təsviri insanı sıxmır, çünki öz şairanəliyi ilə harmanladığı təbiət sevgisi insanda da təbiət məftunluğu yaradır.
Ola bilsin ki, bu kitabı mütləq hamının oxumalı olduğu kitablar arasına daxil etməyəcəyəm, çünki yalnız bu hissi yaşamış insanlar Verteri daha yaxşı başa düşə bilər, onun iztirablarını dərindən hiss edə bilər. Lakin həyatın sadəcə xoşbəxt bir teatr oyunundan ibarət olmadığını başa düşmək üçün hərdən iztirablar da oxumaq vacibdir. Oxumadığınızda çox şey itirmədiyiniz, oxuduğunuzda isə sizdə dərin izlər buraxacaq möhtəşəm bir əsər. Əsl sevgini yaşamamış insanlara tövsiyə etmirəm, əsl iztirabı yaşamaqda olanlar üçün isə heç cür. Bu kitabı vaxtında yenidən oxumaq ümidi ilə.