Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Cavabı olmayan sual - Vətən yaxşıdır! Orucluq ayının qədr gecələrindən biridir, sübh-obaşdan saat 3-də məsciddən qayıdıram, QAİ kəsdi maşnımın qabağını: saxla! Saxladım. “Gecənin bu vaxtı hardan belə?” -deyə əməkdaşlardan biri əsnəyə-əsnəyə yaxınlaşıb soruşdu. Halım-kefim yerindəydi, qayıtdım ki, yoldaş kapitan, Qədr gecəsindən gəlirəm. Bir də əsnədi: o nə gecədir ki elə? Kefim lap duruldu, başladım ki, yoldaş kapitan, müsəlman olsaydınız bilərdiniz, bu gecənin mahiyyətini heç Allah öz peyğəmbərinə izah edə bilməyib, mən yazıq neyləyim? Sərxoş olduğumu düşündü, təbii: aç ağzını, içki testi edəcəyik! Halbuki mən sadəcə “bəzi sualların cavabı yoxdur” demək istəmişdim, başa düşürsünüz, yoxdur! Axı qarşınızdakının sizi anlaması üçün təkcə eyni dildə danışmanız yetmir, gərək həm də onunla eyni dalğada, eyni qafada, eyni halda və ən əsası, eyni dünyada olasınız, bəli, məhz eyni dünyada! Yağışın gah yağıb, gah kəsməsindən bilirəm, bu qosqoca dünyanın içində hərənin özü üçün öz xırda dünyası var. Məsələn, anama mərhum Zərdüş Şəfidən oxuduğum bir cüt misranı xatırlayıram, dodağı qurumuşdu qadının, yadımdadı, lütfən bir də oxu, demişdi, bir də oxumuşdum: Böyümə, balaca, yalan deyirlər sənə, böyüdün, öləcəksən. Nə vardı ki bu misralarda, niyə boğulmuşdu rəngi, niyə dolub durmuşdu və niyə uzaqlaşdırmışdı məni yanından? Dedim axı, bəzi sualların cavabı yoxdur! Və bilirsiniz, dünyada nə qədər belə amansız suallar var? “Görəsən, Allah da mı ağlayır uşaqlar öləndə?” “Ana, xəritədə cəhənnəm dünyanın harasındadı?” “Ata, şəhid Vətənin nəyidir?” Və sair və ilaxır… Siz də hey soruşursunuz ki, Polad necə bərkidi, Polad necə bərkidi, Polad necə bərkidi! Məncə, bu suala ən dəqiq və ən möhkəm cavabı məhz Şəhid Xudayar Yusifzadə verib: şair, sorma Vətən nədən yaxşıdır! Rumi də demişdi axı: məndən çatıb-çatmayanımı soruşma, “Sən” deyərəm, tamamlaya bilməzsən!
İlqar Kamil
İlqar Kamil
("Polad necə bərkidi" kitabından)
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.