Spoiler ola bilər.
"Danabaş kəndinin əhvalatları" zahirən bir-birilə əlaqəsiz görünən, amma paltar söküyü kimi bir-birinin ardınca gələn, bir-birilə əlaqəli olması kənardan absurd səslənən hadisələrin birgə ifadəsidir. Cəlil Məmmədquluzadə "şəriət xeyirlidir, ya ziyanlı", "filankəs haqqlıdır, ya haqqsız", "günahkar kimdir" demədən, sadəcə hekayətini danışmaqla bir çox problemləri cəmisi bir tabloda bütün komponentləri əlaqəli olmaqla təsvir edə bilir. Mühakimə və şərh etmədən Kərbəla ziyarəti istəyiylə yaşayıb Kərbəlanı görmək qismət olmayan, fağır, yoldaşına-uşağına mərhəmətli bir kişinin timsalında bu gün "həqiqi dindar" adlandırdığımız istisnanı da göstərir, şəriət belə hökm eləyir deyib bir qadını razı olmadığı, hətta xəbərsiz olduğu izdivac səbəbiylə haradasa zorla gətirib bir alçağın ağuşuna atan mollanı da. Əsərdə qazı saxta izdivac eləyir - dinlə Allahı aldatmağa çalışır, anası nəçərniklə siğə eləyib deyə kəndxuda olan bir gədanın dilindən Allah sözü düşmür, el arasında adının önünə Kərbəlayi qonan iki nəfər yalançı şahidlik eləyir, heç kimə zərrə pisliyi toxunmamış MəhəmmədHəsən kişi isə Kərbəlayi adını qazana bilmir ki, bilmir; Nağıl eləyənin əsərin əvvəlində Danabaş kəndində hər kəsin bir ayaması - ləqəbi olduğunu deməyi təsadüf deyil. Yenə əsərin əvvəlində "İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil." sözlərini oxumamız da təsadüf deyil. Həqiqətən də, bu kənddə kimin haqqlı-kimin haqqsız olmasından asılı olmayaraq, heç kim davranmalı olduğundan başqa cür davranmır, davrana da bilməz. Belə olduğu halda, heç kəs davranmalı olduğundan ayrı cür davranmırsa, kimə pis demək olar ki? Dul və faktiki olaraq acgöz kaftarlar içində tək qalmış Zeynəbin həmin kəndxuda gədanı ər qəbul eləməmək kimi bir şansı yoxdur, çünki qəbul eləməsə də bir fırıldaq gəlib, şəriəti araya salıb onu Xudayara övrət eləyəcəkdilər; MəhəmmədHəsən kişi Xudayar eşşəyi istəyəndə verməyə bilməzdi; Kənd camaatı Kərbəla səfərini icra edə bilsin deyə MəhəmmədHəsənə bir eşşək ala bilməzdi, imkanları buna əl vermirdi; Nəçərnik alçaq Xudayara dayaq durmaya bilməzdi, çünki onun anası ilə siğəli idi; Xudayar Zeynəbi almaq üçün o qədər fırıldaq işə girməyə bilməzdi, çünki həm yoxsuldu, həm də öz övrəti çirkindi; Zeynəbin oğlu Vəliqulu Xudayarın iti olub, anasını ona satmaya bilməzdi, çünki bu izdivac baş tutmasa, Xudayar qızı Gülsümü Vəliquluya verməzdi. Dindarların əksəriyyəti dinin gözəlliklərinin ziddinə getdiyi yerdə dindən, insanların böyük əksəriyyətinin haqqlı-haqqsız bilmədiyi yerdə haqqdan danışmaq mənasızdır. Görünür kimin haqqlı-haqqsız olduğunun heç kimin vecinə olmadığını görən Cəlil Məmmədquluzadə MəhəmmədHəsənin eşşəyinin haqqsız yerə alındığını açıq-açığına izhar etməyin mənalı olduğunu düşünməyib. Hekayət elə nəql olunmayıb ki, eşşək məsələsi əsərin düz mərkəzində dayansın. Belə olduqda, çox şey problemli olan yerdə hansısa xüsusi problemə vurğu eləyib, həll ortaya qoya bilməyib bunu izhar etmək üçün, bəlkə də, ironiya ilə əsərini bir eşşəyin başına gələnlər fonunda danışan Məmmədquluzadənin eləyib-eləyə biləcəyi tək şey olub-bitəni danışmaq, çirkinə özünü səliqəyə salsın deyə güzgü tutmaq, xalqa nə halda olduğunu göstərmək deyildimi? Ziyarətə hazırlaşan fağır, saf MəhəmmədHəsənə qonşularının "biz sən qayıdanda gəlib, Allah qəbul eləsin, desək də hələ bilmək olmaz sənin ziyarətin qəbul olub, ya yox" dedikləri halda Xudayar MəhəmmədHəsən kişidən eşşəyi istəyəndə heç birinin səsini çıxarmaması, çıxara bilməməsi, habelə camaatın Kərbəla səfərini və züvvarlarını bu qədər ciddiyə aldıqları halda Kərbəlayi adını ağızlara saqqız eləyib layiq oldu-olmadı hər yoldan ötənə deməsi, kəndin adının da danabaş olması düşündürücüdür.