Uzun müddətdir "şüurlu şəkildə ədəbiyyat oxumağa haradan və necə başlanmalı?" sualları beynimi məşğul edirdi. Bir az araşdırdıqdan sonra mifologiyayla işə başlamağın daha uyğun olacağı qənaətinə gəldim. Bu yolda bir neçə addım irəlilədikdən sonra da bunun əslində düzgün bir seçim olduğu təsdiqləndi. Mifologiyanın dinə, incəsənətə, mədəniyyətə, hətta texnologiyaya belə təsiri açıq-aydın duyulur. Təbiidir ki, bu təsiri ədəbiyyatda da aşkar şəkildə görürük. Elə əsərlər var ki, mifoloji bilgilərin olmadan o əsərləri anlamaq qeyri-mümkündür. Beləliklə, mifologiyaya başlamaq qərarına gəldim və bunun üçün seçdiyim ilk əsər, əlbəttə ki, Homerin "İliada" əsəri oldu. Qeyd edim ki, kitab Azərbaycan dilinə Mikayıl Rzaquluzadə tərəfindən tərcümə olunub.
İlk öncə, bu qədər qalın və mifologiyanın və antik yunan ədəbiyyatının, hətta, deyərdim ki, ədəbiyyatın mənbəyi hesab olunan kitabdan başlamaq gözümü qorxutsa da, burada köməyimə R.Riordanın "Percy Jackson və Olymposlular" kitabı çatdı. Bu seriyanın ilk kitabını oxumuşdum və buna rəğmən, Olymposlular haqqında 20% bilgiyə sahib idim. Yenə də kitaba başladım və kitab məni qəribə şəkildə içinə çəkdi. Kitabın təhlilinə keçmədən əvvəl demək istəyirəm ki, ixtisasım dil və ədəbiyyat olsa da, bu kitabı dərindən təhlil edəcək qədər bilgiyə sahib deyiləm, sadəcə toxunmaq istədiyim bəzi məqamlar vardır və bu yazımda da onlara toxunacağam.
Kiçik bir məsləhət:
Kitaba başlamamışdan əvvəl heç bir mifoloji bilginiz yoxdursa, öncə Zevslə Xronosun mifini, daha sonra isə "Qızıl alma" əfsanəsini oxuya bilərsiniz. Xüsusilə "Qızıl alma" əfsanəsini oxumaq kitabı anlamağınıza daha yaxşı şərait yaradacaq.
theenginson.medium.com/truva-savaşın...
İlyada "İlyona şərqilər" deməkdir, İlyon isə hazırda Türkiyə ərazisində yerləşən və vaxtilə Troya adlanan şəhərdir. Troya deyəndə hər zaman ağıla ilk Troya müharibəsi gəlir. Bu kitab tam da o müharibə ilə əlaqəlidir. Əslində bütün hekayə Axillesin qəzəbinin üzərində qurulmuşdur. Troya şəhzadəsi Paris Sparta kralı Aqamemnonun qardaşı Menelayın yoldaşı Yelenanı qaçırmışdır (bu barədə detallı olaraq "Qızıl alma" əfsanəsində yazılıb) bundan sonra Aqamemnon Troyaya qarşı müharibə elan edir. Bu kitab həmin 10 illik müharibənin 9-cu ilində 51 günlük dövrdən danışır. Dediyim kimi, bütün hekayə əslində Axillesin qəzəbinin üstündə qurulub.
Kitabın mövzusunu onsuz da oxuyanda biləcəyiniz üçün bir az diqqətimi çəkən yerlərə toxunmaq istədim. İlk öncə kitabdakı təsvir, bənzətmə və metaforlar məni heyrətə gətirdi. Bəzən bu bənzətmələri oxuyanda üzümdə qürurlu bir təbəssüm yarandığını görürdüm, elə bil özüm yazmışam! Bir neçəsini aşağıya buraxıram.
Yün satan güçlü bir kadın vardır hani,
elinde terazi, yün tartar
bir kefeye yün kor, bir kefeye dara,
çıkarmak için çocuklarına ufacık bir ekmek parası, iki kefeyi denk getirmeye bakar,
savaş da tıpkı o kadın gibi işte,
denk tutuyordu iki yanı,
ne ötekiler ağır basıyordu, ne berikiler.
keskin ağrılar saplandı Atreusoğlunun gücüne.
doğum sancıları çeken bir kadına nasıl
keskin bir sivri ok saplanırsa,
Eileithualar, Herenin kızları akar bu oku,
öyle keskin ağrılar saplandı Atreusoğlunun gücüne.
Daha sonra, kitabda bir savaş var, təbiidir ki, burada sayısız insan və təbii olaraq, obraz ölür. Homerin obrazların ölümünü bu qədər canlı, deyim yerindədirsə, vəhşiliklə təsvir etməyi, bu qədər dəqiq anatomik bilgilərə sahib olmağı heyran olunası bir durumdur. Yəni, eradan əvvəl doqquzuncu əsrdən danışırıq!
Kitabda insan taleyi motivi də var ki, bunlara heç bir tanrı, hətta Zevs belə qarşı gələ bilmir. Hazırda oxuduğum növbəti mifologiya kitabında bu mövzuya qısa da olsa toxunulub. Clotho, Lachesis və Atropos adlı qızlar Zevsin Temisdən dünyaya gələn qızlardır. Bunlardan birincisi, insan yaşamının sanki eskizini hazırlayır, ikincisi, yaşamın ölçüsündən, yəni uzun, yoxsa qısa bir həyatın olacağından məsuldur, üçüncüsü isə yaşamın ipini kəsməklə hökmlüdür.
İlyadanı oxuduqdan sonra Mifologiya 101 kitabını oxusanız beyninizdəki bilgilər daha da yerinə oturar və əslində nəyin nə üçün olduğunu daha yaxşı anlayarsınız.
İlyadaHomeros · Türkiye İş Bankası Yayınları · 20229,6bin okunma