Hər birinizə salam! Ümid edirəm əhvalınız yaxşıdır. Bugün sizə çox maraqlı yazıçı və roman haqqında yazacam.
Jose Mauro de Vasconcelos
Şeker Portakalı
İlk öncə yazıçı haqqında danışacam. Jose Mauro de Vasconcelos 1920-ci ildə Brazilyada, çox yoxsul bir ailədə anadan olmuşdur. Anası hindu, atası portuqal olan Jose erkən yaşlarında təhsil üçün Natala, əmisinin yanına göndərilir. Burada üzməyi mükəmməl öyrənir, müxtəlif yarışlarda iştirak edir. Hətta xəyallarından biri üzgüçülük çempionu olmaq olur. Ümumiyyətlə, bir çox idman növüylə məşğul olmuşdur. Daha sonra tibb məktəbinə daxil olur, lakin təhsilini tamamlamır. Bir müddət boks müəllimi kimi işlədikdən sonra Rio de Janeyroya geri qayıdır. Rioda rəssamlar və heykəltaraşlar üçün modellik edir. Həyatı boyu müxtəlif işlərdə çalışıb. Müəllimlik və modelliklə yanaşı, balıqçılıq və fəhləliklə də məşğul olub. Bu, əsərlərini yazmaq baxımından, onun üçün böyük üstünlük olub. Fərqli işlərdə işləmiş, fərqli insanlarla ünsiyyətdə olmuş və bir çox hadisələrə şahid olmuşdur. Bunun izlərinə romanlarında rast gəlmək olar. Yazıçı 1984-cü ildə vəfat edib.
Romanlarında daha çox insanların kasıb həyat tərzini, ailə münasibətlərini , şiddəti və s. təsvir edib. Bugün isə demək olar hamının oxuyub sevdiyi “Şeker Portakalı” romanı haqqında danışacam. Müəllif bu əsərini 12 günə tamamlayıb. Avtobioqrafik əsərdir. 1968-ci ildə nəşr olunub. 16 dilə tərcümə olunub. 3 hissədən ibarətdir:
1. Şeker Portakalı
2. Güneşi uyandıralım
3. Delifişek
1-ci kitab azərbaycan dilində də var(Şirin Portağal ağacım). Amma digər iki kitabın bizim dildə nəşrinə rast gəlməmişəm. Uşaq romanı olsa da, 7-den 77-ye hamının sevdiyi romandır. Dram janrındadır. Oxuyarkən mənə “Küçük Prens”i xatırlatdı. Roman əsasında 2012-ci ildə film də çəkilmişdir(bu haqda da post olacaq). Kitab bir-birilə bağlı hissələr şəkllində yazılıb. Keçək məzmuna…
Hadisələr 1920-ci illərdə, Brazilyada 5 yaşlı Zezenin ətrafında cərəyan edir. Zeze yoxsul və çoxuşaqlı ailənin axrıncı uşaqlarından biridir. Balaca olmağına baxmayaraq, çox dərrakəli və geniş təsəvvürə malik uşaqdır. Bununla belə, Zeze çox dəcəldir və buna görə də hər dəfə bərk döyülür. Hətta bir dəfə atası onu elə döyür ki, Zeze ölmək istəyir. Evdə daha çox bacısını istəyir. Bacısı onun nazını çəkir, qayğısına qalır. Məktəbdə isə müəlliməsini çox istədiyi üçün heç dəcəllik etmir, hər gün müəlliməsinə gül aparır. Bir gün ailəsi yeni evə köçür. Yeni həyətlərində bir portağal ağacı olur və Zeze onu özünə dost seçir. Hər gün başına gələn hadisələrdən, xəyallarından bəhs edir, bir sözlə onunla dərdləşir. Adını da Minguinho qoyur. Bir gün Manuel Valadereslə(Portuga) tanış olur, bu tanışlıq xoş başlamasa da, sonra möhkəm dostluğa çevrilir. Zeze onu atası kimi görməyə başlayır. Bir gün Zeze məktəbdə olarkən, Portuganın qəza xəbəri gəlir və Zezenin həyatı kökündən dəyişir. Oxumayanlar üçün spoiler olmasın deyə məzmunu burada yekunlaşdırıb təhlilə keçirəm.
Əsərin əsas mövzusu ailə, ailədaxili münasibətlər, ailəiçi şiddət, uşaq psixologiyası haqqındadır. Ümumiyyətlə, ailə mövzusu çox geniş mövzudur. Müasir cəmiyyətdə yaşamağımıza baxmayaraq, evlilik, dünyaya uşaq gətirmək hələ də nəsilartırma məqsədi güdür( Əlbəttə ki, bu 100% belə deyil). Əgər söhbət sağlam artımdan gedirsə, niyə də olmasın? İdeal ailə, ideal uşaq yoxdur. Çünki, ideal insan yoxdur. Necə ki, bizdən öncəkilər səhvlərə yol veriblər, biz də nələrisə səhv edəcəyik. Lakin bunun fərqinə varıb, minimuma endirmək ən doğru həll yoldur. İki yetişkin insan ailə qurub uşaq dünyaya gətirirsə, bunun məsuliyyətini dərk edib şüurlu şəkildə etməlidir. Ata ata olaraq, ana isə ana olaraq öz rolunu aparmalıdır. Çünki ikisinin də sevgisi fərqlidir. Bu yaxınlarda oxumuşdum ki, cütlüklər valideyn olmadan öncə testdən keçməli, psixoloji durumları, buna hazır olub olmadıqları yoxlanılmalıdır. Çox yaxşı təşəbbüs olardı. İkinci bir mövzu ailəiçi şiddətdir. Uşağın dəcəlliyinə görə döyülməsi heç vaxt həll yolu olmayıb, olmayacaq da. Bu o demək deyil ki, uşağı ərköyün böyütmək lazımdır. Bunlar fərqli şeylərdir. Kitabda bir hissə var, Zeze deyir: “Anam çox yaxşı insandır, o həyətdən ən nazik çubuqları yığır və sadəcə ayaqlarıma vurur.” Mənə görə romanın ən təsirli hissəsi idi. Uşağa tərbiyə vermək üçün müəyyən yaşı gözləmək, yəni hələ balacadır başa düşmür, nə istəsə etmək düzgün deyil. Belə olmasa, uşağı döyməyə də ehtiyac qalmaz deyə düşünürəm. Digər mövzu sevgidir. Sevgi ümumiyyətlə, geniş məhfumdur. Burada məhz ailə üzvləri arasındakı sevgidən söhbət gedir. Hər valideyn öz övladını sevir. Məncə, məsələ bunu nə dərəcədə hiss etdirməkdədir. Uşağın sağlam ruhda, sağlam psixologiyada, bir şəxsiyyət kimi formalaşmağında böyüdüyü mühitin əvəzsiz rolu var. Sevgisiz mühitdə böyüyən uşaqlar neçə yaşda olmaqlarına baxmayaraq heç vaxt özlərini tapa bilmirlər. Müəllif bunu Zezenin müəlliməsi və Portuga ilə olan münasibətində ifadə edib. “Zaman hər şeyə çarədir” ifadəsini yazarımız sevgi ilə əvəz edir və deyir “Sevginin sağalda bilməyəcəyi yara yoxdur!”. Mən də bununla razılaşıram, dünyanı gözəllik yox, məhz sevgi xilas edəcək!
Kitabı şiddətlə tövsiyə edirəm. Əgər oxumusunuzsa, sizin də fikirləriniz maraqlıdır. Sizcə yazıçı bizə başqa hansı fikirləri çatdırıb? Xoş mütaliələr!