Gönderi

Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı... Gördüyü, eşitdiyi axund, molla... Bunlar da zavallını Allahından kənar salmışdılar: filan şeyi etsən Allah səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada Allah sənə filan əziyyət edər, daha nə... nə... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz Allahından kənar olurdu, rabitə pozulurdu... Məşədi qorxudan savayı bir şey bilmirdi, saldatdan, qarodovoydan qorxu çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi.Allah göndərdiyi qanunlardan qorxaraq, daha düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar... Nə olardı ki, buna deyəydilər Allah adildir, hamıya bir gözlə baxır, Allah mehribandır - hamını sevər, bəslər... Xeyr. Məşədi Allahverənə Allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, Allahı tanımasan namaz-orucun da heç. Əvvəl desə idilər çalış,  Allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt Allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər. Düşünmədilər ki, qanunla, qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz...
·
124 görüntüleme
Kərimova okurunun profil resmi
Həqiqi məhəbbət üçün görmək, düşünmək, hiss etmək lazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında Məşədi istəsə idi, həqiqi Allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə: namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi... Ona yavuqlaşmağa çalışacaqdı... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!" Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi. Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən... Bunlar isə həmişə deyərdilər: filan əməl edərsənsə, filan duanı qırx dəfə oxuyarsansa, Allah-təala sənə filan şeyi verəcəkdir... Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün də Molla Cəfərqulunun "pir"inə pənah aparmaya idi? Həqiqi Allaha həqiqi məhəbbət bağlamış olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.