Franzın ən sevdiyi bacısı olan Ottla'ya 1910cu ildən, öldüyü 1924cü ilə qədər yazdığı məktubların toplusu olan səmimiyyət qoxan bir kitab.
Kafkanın ən az bir kitabını oxumuş birisi belə onun depressif , melanxolik, öz güvəni aşağı və həyata, insanlara çox küskün birisi olduğu nəticəsini çıxara bilər. Yəni ən azından mən bu nəticələri çıxarırdım. Lakin məktublar yazarların yazdıqları əsərlərə bənzəməz, onların iç dünyasını mümkün qədər səmimiyətiylə çatdırar bizə, çünki beynində nəzərdə tutduğu oxuyucu kütləsi olmadan sevdiklərinə yazdığı məktublar əlbəttə fərqli olur.
Gündəlik danışıqlardan ibarət olan bu məktublar oxuyarkən mənə o qədər böyük həzz verdi ki, kitaba qiymətləndirməm 10 baldır amma oxumaq istəyən insanlarda önyarğı yaratmasın deyə 8 bal qeyd etdim.
Çox yaza biləcəyim bir şey yoxdur, sadəcə Franz bu yazımı oxuya bilsəydi ona bircə şey demək istəyərdim. Bacına qarşı bəslədiyin sevgi, atana qarşı bəslədiyin küskünlük və həyatının son illərində xəstəliklərdən çəkdiyin əziyətlərinlə birlikdə səni qucaqlamaq, ölmədən öncə sənin məktub yoldaşın olmağı arzu edərdim. Narin qəlbinlə bu dünyadan keçdiyin üçün minnətdaram.
Not: kitabı uzun müddətdə oxuma səbəbim əsla kitabın maraqsız olması və ya axıcı olmaması ilə bağlı deyil, sadəcə mən zaman tapa bilmirdim.