·185 syf.··Beğendi
···Okunma: 25 Mart 2022 19:38 Son illərdə Azərbaycan ədəbiyyatından hansısa kitabı əlimə alıb oxumadığımın fərqinə vardım. Halbuki orta məktəbdə oxuyarkən Əli Kərim, Rəsul Rza, İlyas Əfəndiyev və başqalarının əsərlərini necə həvəslə oxuduğumu xatırlayıram. Elə isə indi niyə oxumayım?
İlk öncə İlyas Əfəndiyev haqqında qeyd edim ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturqun İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi olmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilmişdir. Təsadüfi deyil ki, Söyüdlü arxın baş qəhrəmanı olan Nuriyyə də teatr üçün oyunlar yazan, musiqilər ifa edən gənc artistdir.
Söyüdlü arx romanını çox qarışıq duyğularla oxudum. Bəzi sətirlərində qəhqəhə atıb güldüm, bəzi sətirlərində gözüm yaşla doldu, bəzi sətirlərində isə əsəbləşdim Nuriyyə’yə. Onun bu qədər yaxşı olmasına, insanlara həddindən çox mərhəmətlə, qayğıyla yanaşmasına, özündən çox sevdiyini düşünməsinə… O bu qədər hər kəsin dərdinə yanarkən, acısına dərman olarkən heç kimin ona çarə olmamasına əsəbləşdim… Çünki sənin bir çox davranışında özümü görürdüm. Niyə arzularımıza çata bilmirik Nuriyyə? Niyə hər xoş dəqiqənin bir sonu olur!?
Bəzən elə anlar olur ki, dünyanın bütün dərd qəmini unudub yaşam eşqi ilə yanır ürəyimiz. O an güllər bir başqa gözəl görünür gözümüzə, quşların səsi daha həzin səslənir, günəşin şüaları nur çiləyir yer üzünə… O anda donub qalmaq, ömrümüzü həmin dəqiqələrə sığdırmaq istəyirik. Necə ki, Nuriyyə Muradı ilk görəndə sanki yeni bir həyata göz açırmışcasına sevinmişdi, gözlərində gələcəyini görmüşdü:
-Biz heç vaxt bir-birimizdən ayrılmayacağıq… Elə deyilmi?
+Vaxta ki, sən deyirsən, demək, elədir.
Amma dediyimiz kimi olmur, verilən sözlər tutulmur, bəzi səhvlərin əfvi, yolların dönüşü olmur. Və bəzi yaraların üstü köz bağlasada heç vaxt sağalmır.
Bizi güclü edəndə o yaradı, ən çox incidən zəif yanımız da…
Xoş mütaliələr