Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
7/10 puan verdi
·
4 günde okudu
Uzun zamandır kitab oxuya bilmirəm təəssüf ki. Tutunacağım şeyləri seçərkən artıq çox incə düşünmək məcburiyyətindəyəm. Və kitablar bir yerə qədər çarə ola bilir. Mənsə özümə gəldiyim bütün müddətlərdə burdayam, kitablayam. Məni buralarda görməsəniz, bilin ki hardasa ölürəm.. və məni bir anlıq da olsa xatırlayıb hörmətlə anarsınız.. Kitabın yarıdan çoxunu tamamladıqda sonda inceleme yazacağımı düşünmürdüm. Çünki deyə biləcəyim, mühüm sayıla biləcək elə də çox söz olmayacaqdı. Ümumiyyətlə kitaba daxil ola bilmirdim, tez-tez qopurdum. Bunu öz problemim olaraq görürəm. Nə yaxşı ki, bir nöqtədən sonra dala bildim kitabın içinə və xoş təəssüratlarla bitirdim. Toxunulan mövzulardan öncə mənim üçün çox çox çox mühüm olan bir şeyi qeyd etmək istəyirəm. Obrazlar, obrazlar, obrazlar.. Bir kitabı oxuyarkən mənim üçün əsas kriteri olan iki şeydən biri obrazlardı, digəri də oxuduğum zaman ağzımın bir müddət açıq qalıb, təsirindən çıxmağa çalışdığım səhnələrin olması. Bu səhnələrə, məqamlara gəlmədən öncə obrazlar haqda danışmaq istəyirəm. İki baş rol var biri Bazarov, biri Arkadi. Amma bu münasibətdə Bazarov ağırlığını hekayəyə daha çox qoyur deyə onu əsas baş rol olaraq götürürəm. Kitaba əvvəl əvvəl alışmamağımın səbəbi də bəlkə elə Bazarov idi. Baş rolun kəskin xarakteri və nitqindəki iynələyici ədalar bir nöqtədə əsəbə səbəb olurdu. Yazıçının nihilizmi incəliyinə qədər izah etdiyi bu kitabda, bu ağır məvhumu üzərində formalaşdırdığı obraz olan Bazarov, tibb sahəsində oxuduğu halda, təbiəti rədd etməsi, bütün incəsənəti, romantizmi rədd etməsi dəhşətli dərəcədə ağır ruh qoyur kitabın əvvəlinə. Daxilində olduğu dialoqlardan kəskin radikal düşüncələrini duymaq və bunları sezmək mümkün olur. Başda yeni dostu Arkadi ilə uzun zaman sonra Arkadinin atasını ziyarət edirlər. Arkadini də tələbəsi halına gətirən Bazarov, birbaşa münasibətin idarəedici tərəfi olmuş olur. Arkadi onun təsiri və tabeliyi altında olur, istər düşüncələri, istərsə də əməlləri ilə. Elə burdan da bir insan üzərində necə sadə yollarla hakimiyyət qurmaq olduğunun şahidi oluruq. Elə hekayənin başında Arakdinin atasıgilə ziyarət etdiklərində, ortaya nəsillər arasındakı uçurum məsələsi qoyulur. Bir zamanlar nəzakət uğruna canlarından keçən gənclərin, heç nəyi saymayan, bütün həyatı rədd edən məqama düşmüş olması, Arkadinin atası olan Nikolay Petroviç və əmisi olan Pavel Petroviçi çox məyus edir, və aralarında kəskin mübahisələr olur. Bu mübahisələr bizə çox şey açır, o öz yerində. Amma mən burda əsas ata oğul münasibətinə toxunmaq istəyirəm. Nikolay Petroviç, çox həssas bir obrazdır və oğlunun laqeyd münasibətinə baxmayaraq ona qarşı çox hörmətcildi. Tək arzusu isə oğlu ilə dost münasibətində ola bilmək idi. Yazıçı hər obrazı o qədər dəqiqlik və incəliklə işləyib ki.. o qədər yaxşı bilir ki, hansı obrazı necə səciyyələndirməlidi, daha yaxşısı ola bilməzdi məncə. Ən mühüm məsələlərdən biri olan Arkadinin əmisi olan Pavel Petroviçin Bazarov ilə intriqasının rus ruletinə qədər getməsi oldu. Bir nöqtədə o Bazarovu sadəcə düşüncələri ilə, gənc nəslin üz qarası olaraq görürdüsə, bir nöqtədən sonra bu artıq namusa bənzər bir məsələyə dönmüşdü. Pavel Petroviçin gənclikdə yaşadığı nakam sevgi hekayəsinin qalıntılarını çox faciəvi ruhda özünü büruzə verir bu səhnələrdə, və utancaq, gənc, bir qədər avam amma gözəl qız olan Feniçkanın timsalında onu duyması, və qardaşının xanımına qarşı olan həddi keçici dərəcədə olan qayğısı bir yerdə oxucuya pis toxunsa da, həqiqətən anlamaq mümkün olur. Hər bir şəxs içində o axmaqlığı barındırır, əmin ola bilərsiz. Bazarovun isə gözündə o qadın, bədəndən başqa bir şey deyildi. Bununla da nihilizmin tənqidi açıq aşkar önümüzə sərilir. Amma eyni zamanda əsərə qoyulan başqa bir mühüm məsələ sevgi.. bizə nələr göstərir.. həyatın ironiyasıyla qarşılaşırıq. Sevgiyə cəfəngiyat və bağışlanmaz səfehlik kimi baxan bir nihilistin aşiq olması.. bu çox təsirlidi.. həddən ziyadə.. içində baş qaldıran şeylərə nə qədər qarşı çıxsa da, onlara təslim olmağı da bacarır, sonu da elə xoş bitir deyə bilməyəcəyəm. Nə qədər fərqli mövzular və ideologiyaları müdafiə etsələr də, bunun uğruna qan töksələr də nihilizmi bu cür yaşadan bir obrazın da, Pavel Petroviç kimi sevgiyə məğlub olması sadəcə həyatın nə qədər qırılqan və gözlənilməz sürprizlərlə dolu olduğunu açıqlayır. İndi isə mənə görə kitabı o edən iki obraza keçmək istəyirəm. Mənə çox dərin anıları xatırladan və çox doğma gələn bu obrazlar.. Anna və balaca bacısı Katya. Bazarov və Arkadi dostlarının onların məkanına gəlməsi ilə başlayar hər şey. Anna bir az ana rolundadı, Bazarov kimi ağır xarakterə sahibdi. Düşüncələri ilə də, hərəkətləri ilə də hegemonluğun əlində olduğunu göstərir. Çox təcrübəli və yaşlı bir yalquzaq kimi gördüyüm bu obrazın içinə o qədər şeylər sığdırılıb ki.. bir şey deyə bilməyəcəm, sadəcə oxuduqca duyulan bir şeylərdi. O ağır nihilizm qayasını əriməsinə səbəb olan obraz da elə odur.. məncə tək bunu deməklə bir çox şeyə aydınlıq gəlir. Bu obrazların arasındakı vəhdət.. məni dəhşətə gətirirdi. Ən önəmli məqama gəldikdə isə məncə, bu yəni mənə görə Arkadi və Katyanın münasibəti idi. Bu dördlü obraza baxanda iki-iki bölünmüşdülər.. vəhşilər və əhillər, təcrübəlilər və asılı tərəf olanlar. Bazarov və Anna birinci tərəflə, Arkadi və Katya isə ikinci tərəflə uyğunlaşırdılar. Bir yerdə gəzməyə çıxardılarsa da, bu ikililər hər dəfə bir nöqtədə ayrılardılar və mənə çox təsir edən, Arkadi və Katyanın arasında olan dialoqlar idi. Arkadi Katya sayəsində dəyişildi, asılı tərəf olmaqdan çıxdı.. düşüncələrində çox dönüşmələr oldu və mənə görə Arkadi bu münasibətlə yenidən doğuldu, əsl kimliyi üzə çıxdı. Bazarovun təsiri altındaykən gözümdə yan, maskalanmış bir obrazdan başqa bir şey deyildi. Amma özlüyündə necə saf.. necə təmiz biri olduğunu bizə müəyyən etdi, o da Katya sayəsində. Yenə sevgi, yenə sevginin gücü. Mən Katya haqqında da danışmaq istəyirəm, çünki elə şeylər, duydum ki, bu obrazı oxuyarkən, elə hislər keçirdim ki.. elə şeylər xatırlatdı ki, əsrarəngiz dərəcədə təsirli və xoş idi.. çox ağıllı və müşahidə etmə bacarığı üst səviyyədə olan bu gənc, bütün varlığı ilə hekayəni daha da anlamlı etmişdi.. istər səmimi danışığı, istər ədəbi, istərsə də ağıtdığı saf göz yaşları ilə.. Çox ümid edərdim ki, bu ikilinin söhbətlərinə daha çox yer verilsin kitabda. Amma bütün ağırlıq Bazarovgilin üzərinə atılmışdı. Və əslində əsər özü də Bazarov üzərinə qurulmuşdu. Əsərdə başqa ata oğul münasibətlərindən biri də Bazarovun atası ilə olan münasibəti idi. Bu isə daha dəhşətəgətirici bir hal almışdı. Əgər Arkadi Bazarovun təsiri altında atasına qarşı laqeyd idisə də Atası ona qarşı çox ehtiyatlı və sayğılı idi. Bu özü necə faciəvi bir mənzərədi.. ikinci bəhs etdiyim ata oğul münasibətində isə Bazarov heç kimin təsiri altında deyildi.. və onun təsirində olan birinin atasına qarşı olan laqeydliyi qarşısında Bazarovun özünün bunu nə həddə etdiyini deməyə ehtiyac duymuram. Amma əlavə olaraq deyə bilərəm ki, onun atası Arkadinin atasından belə həssas idi və əlavə olaraq bir anası vardı.. böyük ümidlərlə uzun zamandır övladlarını gözləyən iki varlıq və bu cür nihilist övlad.. Əsərin sonunun faciəvi sonluğu barədə heç nə demək istəmirəm.. amma niyə hər dəfə baş rollar ölməlidi ki.. yazarlar.. bəlkə də bununla əksinə onları ölümsüzləşdirməyə çalışırlardır.. bilmirəm, hər necəsə.. Məncə demək istədiyim hər şeyi dedim. Birinci obrazları sonra hadisələrdən bəhs edəcəyimi qeyd etmişdim, amma ikisini də birlikdə etdim. Ümid edirəm faydalı ola bilmişdir. Mənsə son dəfə bu obraz mövzusuna toxunmaq istəyirəm. Mənə görə bir kitab kolleksiyasından daha dəyərli bir kolleksiya varsa bu da obrazların kolleksiyasıdır. Kitab oxuduqca.. yeni həyatlar tandıqca daxilimə yerləşdirirəm bəzi parçaları, bəzi obrazları. Bir dost kimi, bir şəxsiyyət kimi parçalarını daşıyıram. Çünki bilirəm ki, bu həyatda o obrazlar mütləq ki, mövcuddur. Amma necə ki, Watson Bazarovu tanımır, eləcə də Bazarov Roskolnikovu o da Kvazimodonu tanımır. Onlar sadəcə öz həyatlarını bir hekayədə cəmləyə bilirlər, ikinci kitabı tanıya bilmirlər. Ancaq öz həyatlarında mövcuddurlar və nə xoş ki mən onları duyuram..
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,4bin okunma
·
491 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.