Yalqız şəhərin yalqız insanları
9/10
·288 syf.··
Beğendi
·
2022 7. kitabı
·
44 günde okudu
·
Okunma: 27 Haziran 2022 16:48
Ədəbiyyatımızın parlayan ulduzu - Əli və Nino Avropanın və Asiyanın kiçik "oyuncağı" - Bakının və bütövlükdə Azərbaycanın Dünya müharibəsindən Sovet işğalına kimi tarixindən və çətinliklərin əngəl ola bilmədiyi böyük eşqin - Əli və Ninonun məhəbbətindən bəhs edir. "Əli və Nino" bizə milli kimliyimizi xatırlatmaqla birlikdə, özümüzlə mübarizənin nə qədər çətin olduğunu göstərən şedevrdir. Əsərin axıcılığı həm də bizə tanış olan şəxsiyyətlər, tarix mədəniyyətlə bağlıdır. Mənimsə kitabı 44 günə bitirməyim bir neçə həftəlik verdiyim fasiləyə görə idi. Amma kitab sizi içinə çəkərək öz girdabına salır və bitdikdə gözəl hisslər buraxır. Əsər sizdə bəzən qəzəb yarada bilər, amma bu hadisələrin ən azı 100 yaşı olduğunu yadda saxlamalıyıq. Amma yenə də 100 yaşlı bu personajlar mənə indikindən daha səmimi və intellektual göründülər. Seyid Hüseyn personajı isə qatı müsəlman olduğundan səsləndirdiyi fikirlər məni təəccübləndirməyərək qəzəbləndirmədi, amma onunla bağlı fikirlərim monoton qaldı. Kitab həm də erməni-azərbaycanlı münaqişəsini və Qafqazdakı üç millətin üç böyük imperiya arasında sağ qalma mübarizəsini göstərir. Qurban Səidin kim olduğu hələ də dəqiq bilinməsə də, o, azərbaycan və müsəlman adət-ənənələrindən dərin xəbərdardır. Bir çoxlarına görə Əli və Ninonun sevgisi zəif təsvir olunsa da, biz Bakı kimi yalnız şəhərdən nə avropasayağı Romeo və Cülyetta, nə də asiyasayağı Leyli və Məcnun gözləyə bilməzdik. İki böyük dalğanın mübarizə apardığı şəhərdə iki qarşı mədəniyyətin biləşdirdiyi Əli və Ninonun bir çoxları üçün mümkünsüz sayıla biləcək sevgisi, mənim üçün, bütün digər məhəbbət hekayələrindən daha səmimi və heyrətamizdir. Həmçinin Qurban Səid əsərində tarixi mövzuları çox dərin göstərməyərək romanı tarix kitabından fərqləndirmiş, oxucunu sıxmayan təsvirlərlə ədəbiyyatın gözəl hissələrini bizlərə çatdırmış, daha da uzatmayaraq əsas məğzi aydınlaşdırmışdır. İndi isə mədəniyyətlər və insanlar haqqında danışaq. Həyatlarımız bizim əxlaqi dəyərlərimizdən və mədəniyyətimizdən asılıdır. Onlardan kənara çıxmaq çətin olsa da, hərdən bəzi insanlar onlarla mübarizə aparmalı olur. Biz azərbaycanlılar da talenin naməlumlaşdırdığı insanlardanıq. Əsərin başında olduğu kimi, Bakı öz insanları kimi ikiyə ayrılır: bəziləri Bakının Avropa hissəsindən, bəziləri isə Asiya hissəsindəndir. Amma bu hissələrin sərhədləri yoxdur, onları biz öz ruhumuzda yaşayırıq. Bu ayrılma isə bizi birləşdirə bilmir, buna görə də biz şəhərimiz kimi yalnız qalırıq. Buna görə bizim şəhər fikir münaqişələriylə, mənsəb ayrılıqlarıyla, mənasız mübahislərlə doludur. Fərqli sərhədlərin fərqli insanları heç kimlə razılaşmır, get-gedə boz rəngə bürünür. Bu sərt şərait isə külək kimi əsrlər boyu bizim insanları tək buraxmamış, Əli və Ninodan yan ötməyərək gəlib günümüzə qədər çatmışdır. Beləliklə bizim insanlarımız dözümlü olmağı öyrənmişlər, bir Vətəndə yaşadıqları fərqli dünyaların insanlarla yaşamağı bacarmışlar. Bu külək bizə bir şeyi də öyrətmişdir - Vətən uğrunda birləşməyi. Biz Avropa və Asiya ola bilməsək də, bir Azərbaycan ola bilmişik və bu birlik Vətən uğrunda canından keçməyi öyrənmişdir. Əli də illər boyu daxilində apardığı Şərq-Qərb müharibəsini kənara qoyaraq aid olduğu Azərbaycan üçün mübarizə aparmışdır. Vətən sevgisinin Nino sevgisi qədər üstün olduğunu göstərmişdir. Bir şərqli İrana gedərsə sıxılmaz, bir qərbli Fransanı öz evindən ayırmaz. Amma azərbaycanlı olan Əli bütöv şəxsiyyəti ilə heç bir tərəfin olmadığını, sadəcə Azərbaycan olduğunu hamımıza göstərmişdir. Buna görə də, azərbaycanlılar, şərqdən və qərbdən yeniliklər öyrənin, amma siz nə avropalı, nə də asiyalısınız. Siz heç yerə aid olmayan naməlum ölkənin yalqız şəhərlərinin övladlarısınız, tək bir Azərbaycansınız.
Edebiyat
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20233,276 okunma
184 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.