Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

557 syf.
9/10 puan verdi
·
48 günde okudu
"Paris Notr Dam Kilsəsi" Hiss və düşüncələrimi çatdırmağa kömək duymadığı üçün əsər şərhlərindən uzaq dururam uzun müddətdir. Amma bu kitabla 1 aya yaxın vaxt keçirtdim, yarı oxuyub yarı səsli dinlədim, bitirdikdən sonra məşhur musiqili tamaşasını izlədim. Onunla qurduğum bağa qarşılıq daha sayğılı bir vidayı borc bilirəm özümə. İlk növbədə, kitabın beynəlxalq adına - "Notr Damın Qozbeli" / "The Hunchback of Notre-Dame" çox qıcıqlandığımı deməliyəm Viktor Hüqo qeydlərinin birində əsərin bir baş qəhrəmanı olmadığını, əgər bir əsas obraz varsa da, bunun məhz Notr Dam kilsəsinin özü olduğunu qeyd edirdi. Kitabın həm yazılma tarixi, həm də gedişatı deyilən fikri təsdiqləyir. Tarixçə çoxlarımıza məlumdur, ( deyilsə, qısaca baxa bilərsiniz : t.me/cinciva/8417 ) Gedişat isə... Adam 5 səhifə deyil, 10 səhifə deyil, 30-40 səhifə sadəcə Notr Dam kilsəsindən, memari üslubundan tarixdən günümüzə aparılan dəyişikliklərdən və Parisin başqa belə abidələrindən danışır. Yazıçının tarixi bilgisinə əslində heyran olmamaq əldə deyil, ancaq tarixə, memarlığa professional səviyyədə marağı olmayan birisi üçün olduqca yorucudur bu hissələr. Nəzərə alsaq ki, əsərin yazılmasının üstünə Kilsə bir neçə dəfə yandırılıb, ağır zədə alıb, təkrar-təkrar təmir edilib və hər yeni dövrü ilə Hüqonun təsvirlərindən büsbütün uzaq bir görkəm alıb. O cümlədən, Parisin özü də. Əsərdə həqiqətən də, konkret bir əsas personaj yoxdur. Rahib Frollo. Kilsə zəngçisi Quasimodo. Qaraçı qızı Esmeralda. Onların hamısı hekayənin başından sonuna qədər mövcud olan, taleləri bir-birinə qarışmış insanlardır. Hər genişhəcmli klassika kimi "Notr Dam Kilsəsi" də personaj zənginliyinə sahibdir. Klassikaların bəlkə də, ən sevdiyim tərəfidir bu. Adətən baş obrazlar toksik romantiklər olur, hövsələm daralır.:d Amma ikinci dərəcəlilər, hətta bəzən sadəcə bir epizodda haqqında danışılan obrazların çox maraqlı xarakterləri, həyat hekayələri olur. Hansı ki, üstünə düşünməyə dəyər. Gringoire, dəli qadın Gudule, Jehan Frollo kimi... Hamısı haqqında düşüncələrimi yazmaq istərdim, amma onda yazı hədsiz uzanacaq. Kitabda əsas diqqətimi çəkən nüanslardan biri məhkəmələr idi. Quasimodonun və Esmeraldanın məhkəmə səhnələrini oxuyuruq, hansı ki, tamamilə başqa səbəblərlə açılmış cinayət işləridir. Amma hər ikisində görməzdən gələ bilməyəcəyimiz bir reallıq var : Ədalətsizlik ! Məhkəmələr hadisənin təfərrüatlarını dəqiqləşdirməyə, hətta kimin günahkar, kimin məsum olduğunu öyrənməyə cəhd etmir. Sadəcə bu qədər "zaman itirdikdən" sonra bir insanı cəzalandırıb məsələni yekunlaşdırmağa çalışırlar. Sanki hətta qurban tərəf olsanız belə, ən azı 10 şallaq cəzası almadan məhkəmədən xilas olmanız mümkün deyil. Xüsusən cadugərlər, cadular barədə məhkəmənin amansızlığı, ancaq axmaq qəddarlığı diqqət çəkir. Cəmiyyətin bəlli bir təbəqələrinə (qaraçılar, yəhudilər və s.) qatı önyarğılar var, adına cadu qarışmış məsələlər normal şəkildə araşdırılmadan nəticəyə gəlinir və ən əsası insanlara günahlarını "etiraf etdirmək" üçün şiddətli işgəncələr həyata keçirilir. Esmeraldanın misalında olduğu kimi, insanlar sadəcə əzablardan qurtulmaq, bir an öncə azadlığa - əslində ölümə qovuşmaq üçün bütün ittihamları qəbul edirlər. Sadəcə bu cinayət işlərinin nəticəsi olaraq 12-17-ci əsrlərdə 100 minə qədər Avropalının yandırılaraq öldürüldüyü ehtimal olunur. Sığınaqlar bir başqa maraqlı faktdır. Edam məhkumları, dəhşətli qatillər və zavallı tale qurbanları rəsmi olaraq sığınacaq adlandırılmış məkanlara girdikdə toxunulmaz olurmuş. Bəzən saraylar, əksərən kilsələr olan bu məkanlar mərhəmət yuvası olsa da, yuxarıda qeyd etdiyim məhkəmə prosesslərinin əksi bir ədalətsizlik idi. Necə ki, məhkəmələr insanların günahkar olub olmaması baxmayaraq, istədikləri kimi qərar çıxarıb keflərinə görə adam asırdılar, kilsələr də ən qanlı qatillərə, canilərə, cinayətkarlara yuva ola bilirdi. Orta əsrlərin həm dövlət, həm din, həm də cəmiyyət prizmasındakı ədalətsizliyi, haqsızlığı kitab o qədər açıq şəkildə göstərib, bu mövzuya o qədər ətraflıca toxunub ki, əminliklə deyərdim ki, əgər Hüqonun ilk məqsədi Notr Dama ithaf imişsə, ikinci məqsədi məhz bu nataraz tərəzidən danışmaq idi. Və əlbəttə ki, əsər həm də bir sevgi hekayəsidir. Kitabda ayrı-ayrı insanların - Phoebus'un, Gringoire'un, Frollo'nun, Quasimodonun sevgiyə yanaşmasını və məhəbbətlərini görürük. Esmeraldanın məsum, kor eşqini və anasının kənardan baxanın dərk edə bilməyəcəyi qədər güclü, dərin övlad sevgisini. Olduqca səthi, yüngül, şən sevgi (Phoebus) , Meylini insandan incəsənətə, fəlsəfəyə, heyvanlara yönəltmiş sevgi (Gringoire) , Şəhvətlə, günahkar arzularla, kin və həsədlə kirlənmiş sevgi (Rahib) və sanki vəhşi, anlaşılmaz, coşğun təbiətlə mədəni, zərif insan ruhunun sintezindən doğmuş qeyri-adi bir sevgi (Quasimodo). Serialların, filmlərin məhşur şablonu - əsas obraza bütün digər qarşı cinslərin heyran qalması, aşiq olması halını o qədər də sevmirəm əslində. Real görünmür və sıxıcı gəlir mənə. Ancaq Hüqo kimi bir dahinin yaratdığı hekayə daha fərqli, daha özəl olacaqdı əlbət... Heç bir obrazın sevgisində təkrara yol vermir, heç kim digərini xatırlatmır sizə. Hər kəs təkrarsız, bənzərsiz insandır. Hər birinin güclü və zəif tərəflərini, doğru və yanlış qərarlarını görürük. Yazar Notr Dam kilsəsini, bizim üçün "adi bir dini məbəd"dən o tərəfə keçməyəcək bir abidəni mümkün olan ən füsunkar, sehirli, qeyri-adi, fövqəltəbii şəkildə təsvir edərkən, digər hər kəsin ən nəhayətində bir insan, bütün baş verənlərin də tarix səhifələrində rastımıza çıxa biləcək hadisələr olduğunu unutdurmur sanki. O qədər real, o qədər gerçəkdir hər şey. Buna görə də, hər səhifəsi anlayanları üçün ibrətlə doludur. Bir gün öncə çiyinlərində daşıdıqları, ya da hədsiz heyranlıqla baxdıqları, təqdir etdikləri insanları növbəti gün bir söz, bir hərəkət ilə bir anda ayaqlar altına alan, aşağılayan sürü psixologiyalı kütlə, yaşanan hər şeyə rəğmən ruhu buraxmayan kindar, vəfasız insan xisləti, müqəddəsləşdirmələrin altındakı cılız, yaramaz kəslər, reallıqlar, bəlkə də düşünmə qabiliyyətləri olduğundan belə xəbərsiz, cahil, avam insanlar, sadəcə bədənləri görüb ruhlardan bixəbər yaşayan acizlər... Kitabda o qədər çox detal var ki, yadda saxlamaq və hamısına toxunmaq mümkünsüz. Hüqonu oxumaq doğrudan yorucudur. Belə anlarda adətən, Dostoyevskinin adı çəkilsə də, mənim üçün Hüqo daha ağır mütaliədir. (Bəlkə də, rus ədəbiyyatına fransız ədəbiyyatından daha aşina, doğma olduğuma görədir.) Ancaq əsla hədər mütaliə deyil. Bitirdikdən aylar, illər sonra da yaddaşınızda qalacaq ikonik obrazlar, ikonik əsərlər yaratmağı bacarmış, özündən sonrakı saysız-hesabsız yazarlara, əsərlərə, film & teatr dünyasının başqa-başqa personajlarına ilham mənbəyi olmuş bir insandır Hüqo. Kiməsə mütləq bu əsəri oxu, mütləq bu yazarı oxu deməyi sevmirəm, çünki zövqlər bəzən təəccübləndirəcək dərəcədə zidd, uyuşmaz ola bilir. Ancaq yenə də, sanki Hüqonun obrazları ilə tanış olmamış kəslər ədəbiyyatdan çox nəsə qazana bilməyib daha... Belə. Bəlkə də, çox uzun bir yazı oldu, oxumasanız da, problem deyil. Başda da qeyd etdiyim kimi, bu sadəcə əsərlə olan münasibətimə bir yekun idi. P. S. : Notr Dam musiqili tamaşasını türkcə altyazı ilə izləmək istəyənlər üçün : youtu.be/9xzI9VLK_A0 Çox mükəmməl adaptasiyadır, vaxt ayırmağınıza dəyər. (Ancaq kitabı oxuyub üstündən izləsəniz daha anlaşıqlı və keyifli olacaq bəzi şeylər.) Xoş oxumalar, xoş günlər, dostlar
Notre Dame'ın Kamburu
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202232,8bin okunma
··
1.126 görüntüleme
Aria okurunun profil resmi
Vuhuu, oxuyub, bitirdim. Nə vaxtdandır bu qədər uzun incələmə oxumamışdım, əla yazmısan və də ətraflı. Bu incələməni oxumayan çox şey itirir, ciddən. Məncə, hər oxuduğun kitaba belə incələmə yazsan, mükəmməl olar, amma vaxt olmadığını bilirəm :D. Əlinə sağlıq☘.
Tinuviel okurunun profil resmi
Məncə, hər kəs həyatına mənim incelemelerimi oxumadan da davam edə bilər😂 Yenə də, təşəkkürlər. Vaxtdan çox bəzən həvəs, bəzənsə cəmləşmiş fikirlər olmur, təəssüf ki. Zaman ayırdığın üçün təşəkkür💖
İnci Zadə okurunun profil resmi
Dostoyevskinin haqqını yeyirsiniz amma, ciddən. Adam çürüdür düzdü, amma rus ədəbiyyatının paltonun düyməsinə kimi təsvir edən digər nümayəndələrinə baxanda ən azından Dostoyevski psixoloji təhlillərə daha çox yer verir, mən maraqla oxuyurdum onun uzun uzun yazılarını. Gəlib də Hüqo ilə müqayisə etmək ümumiyyətlə haqsızlıqdı, adam öz qəbrində hönkürüb ağlayır bu saat😂
Tinuviel okurunun profil resmi
Rus ədəbiyyatında çürütməyən adam yoxdu, Cinci. Qoqol guya hekayə yazır, hekayə qalır bir qırağa, qəhrəmanın keçdiyi yoldakı qapını, işıq dirəyini təsvir edir 1 səhifə dndndnd. Və buna Dosto da daxildi. Sadəcə, çürütmək deyəndə, uzatmaq deyəndə ağla gələn ilk ad Dosto olmamalıdı, hə. Hələ ki, Hüqo varkən. Adam 10 səhifə bir şeyi təsvir edir. Sonra şimdiyedek anlattıklarımızı özetlersek deyib 2 səhifə də yekun qoyur. Bir üstü yox.:dd Və məncə, mənə küsməz ya o, dimi ? 👉🏻👈🏻
1 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Rəy üçün təşəkkürlər, yazan əllərinə və klaviaturana, oxuyan gözlərinə, dinləyən qulaqlarına sağlıq 💜
Tinuviel okurunun profil resmi
Diamantım💜
Samirə Abbasova okurunun profil resmi
Oh, bitirdim. Həqiqətən də, əllərinə + klaviaturana sağlıq, mükəmməl bir şərh olub👌🏻💜
Tinuviel okurunun profil resmi
Bitdi, dərin bir nəfəs verdim😃 İri klassikaları nədənsə çox gec oxuyub sindirə bilirəm. Zaman ayırdığın üçün təşəkkür edirəmm💖
3 sonraki yanıtı göster
Aceso okurunun profil resmi
Çox gözəl yazmısan, şərhdən anladığıma görə sevmisən kitabı. :) Onda Səfilləri daha çox bəyənərsən. Əslində mənə Dostoyevski də, Hüqo da axıcı gəlirdi. Sadəcə Dostoyevski pis vaxta düşdü deyə gec bitirdim. Yes, axırıncı dediyinlə razıyam, məncə, kitab oxuyan hər bir şəxs belə bir klassika oxumalıdı. :)
Tinuviel okurunun profil resmi
Düzünə qalsa, ikisinin də kifayət qədər ağırlığı var.:d Dostoyevski oxuyanda bir anda fəlsəfi, sosioloji təhlillərin dərinliyinə düşürsən, Hüqo, ya da Tolstoy oxuyanda geniş tarixi faktların arasına. Sadəcə öyrəşmək məsələsidi. Yəqin az-çox öyrəşmişik və bu özü gözəl bir şey.^) Zaman ayırıb oxuduğun üçün təşəkkür edirəm💖
3 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
O qədər səmimi və axıcı bir şəkildə yazmısan ki fikirlərini, incələmənin sonuna çatanda "ciddən bitdimi" dedim. Hüqo, həqiqətən, yorucudur. Notr-Dam Kilsəsi'nə hələ o vaxt, Səfillər'dən sonra başlamaq istəmişdim. Amma elə o təsvirlərə görə yarımçıq qalmışdı. Yaxıçı həmin hissələrin üstündən keçsə, məncə, daha axıcı olardı əsərləri. Amma indi düşündüm, Edam Məhkumunun Son Günü'ndə o qədər təsvir yox idi heç, yenə də axıcı deyildi 😂
Tinuviel okurunun profil resmi
Səmimidi ya çox laubalelidi, bilmirəm. Hüqo nə deyərdi görəsən.:d Hə, olardı, ama işte yazıçının sadə, axıcı olma dərdi yoxdu. Sevmənə sevindim🌻
1 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.