Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

864 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Salam, Hanya Yanagihara.
Bitirdim əsərini. Ya da o məni bitirdi, əmin deyiləm. Boğazım quruyub. Su içsəm, pis olmazdı. Amma içmək istəmirəm. Keçməyəcək, bilirəm. Ən azından indilik. Sənə xitabən yazdım bunu, çünki səndən nifrət etdiyimi demək istəyirəm. Bilirəm ki, bu sənin üçün çox da böyük anlam daşımayacaq, lakin mənə fərq etmir. Məndən kilometrlərlə uzaqda, illər öncə ortaya qoyduğun bir əsərlə ürəyimi bu şəkildə parçaladığın üçün, qarşılaşmağa cəsarət etmədiyim gerçəkləri sevdiyim obrazların timsalında üzümə şillə kimi vurduğun üçün, xoşbəxt sonlara inanmadığım halda mənə ələ salacağım bir xoşbəxt son vermədiyin üçün səndən ölümünə nifrət edirəm, amma sayğım da sonsuzdur. Hətta bəlkə, bir gün bağışlayaram səni. Bəlkə, çox uzun müddət sonra, bəlkə, elə bu yazının sonunda. Mənim üçün yerləri hər zaman bambaşqa olacaq insanlarla tanış oldum sayəndə, nə də olsa. Gerçək həyatda var olmasalar, hər birinə qəlbən yas tutacaq olsam belə. Bilmirəm, hansının başına neçə dəfə sığal çəkdim oxuduqca. Övladlığa götürüləcəyinin, bir ailəyə sahib olacağının xəyalı və həyəcanı ilə həmin gün əlindən gələn hər şeyi edən, sonra yenə monastıra qaytarılan, "mən harada səhv etdim?" deyərək özünü günahlandıran, bundan sonra da başına nə gəlirsə gəlsin, ətrafındakılarda yox, sadəcə və sadəcə özündə günah axtaracaq olan Jude'u nə ara qucaqladım, bilmirəm. Sevmir qucaqlanmağı, amma mən də dayana bilmədim o an. Harold və Julia kimi sarıldım ona və çox istərdim ki, mənim xəyalən sarıldığım kimi həmin gün kimsə sarılmış olaydı ona. Ümidlərinin tükənməsinə izin verməsinlər, öz valideynlərinin onu tərk etməsinə səbəb olacaq heç nə etmədiyini, onun ucbatından olmadığını desinlər istərdim. Amma sən istəklərimi puç etdin, Yanagihara. İncitdin Jude'umu, ona və mənə sonralar yeni ümidlər bəxş etsən belə, təməlimizi özünənifrətlə qoydun. Bir az xoşbəxt hiss etdikmi, yerdən yerə vurdun bizi, Jude'un beynindəki kaftarlardan onunla bərabər qurtulmağa çalışdım, qaçdıqca qaçdım, əllərini var gücümlə, möhkəmcə tutdum, heç buraxmamaq istədim, amma sona kimi özümlə gətirə bilmədim, bacarmadım, bacarmadım. Ağladım zamanla, Willem kimi ağladım, mən də Willem kimi yaralar açdım özümdə, "bax, Jude, bax, özünü cəzalandırdıqca mənə nələr yaşadırsan" dedim, hətta qışqırdım. Səssizcə qışqırdım, qulaqları batıra bilməyən səsim içimi dəldi dələ bildikcə, amma dinləmədi Jude - nə məni, nə Willemi. Willem'i, mənim sevimli Willem'imi dinləmədi. *** "Xoşbəxtsənmi?" - deyə soruşdu bir dəfə Jude'dan (sərxoş idilər hər halda). "Xoşbəxtlik mənlik deyil, deyəsən", - dedi Jude nəhayətində, Willem ürəyi istəməyən bir yeməyi təklif etmiş kimi. "Amma tam sənlikdir, Willem." *** Jude bizi dinləmədi, amma mən Willem'lə çiyin çiyinə dinlədim Jude'un hekayəsini. Onunla bərabər nəfəs ala bilməyəcək hala gəldim, Caleb'in Jude'a keçmişdən qalan hansı travmalarını təkrar-təkrar yaşatmış olduğunu eşidəndə onunla bərabər sarsıldım, titrədim. Willem'in ondan qalmasını istədiyi, onu itirməkdən qorxduğu hər dəfəsində qardaşı Hemming'i onunla bərabər düşündüm, yasımı və göz yaşımı təzələdim, sonra isə pıçıltıyla, kiminsə eşitməsindən qorxduğum üçün yox, dediklərimin gücünə özüm də güvənə bilmədiyim üçün lap asta səslə "etməz o bunu, Willem" dedim. Sakitləşdirdim onu, inandırmağa çalışdım. İnanmağa çalışdım. *** "Getmə", - dedi Jude'a yuxuya gedərkən. "Tərk etmə məni." "Tərk etmərəm", - dedi Jude, tərk etməyəcəyini bilirdi. *** Beləliklə, bir yerdə inandıq xoşbəxt ola biləcəyimizə. Jude'u xilas edəcəyimizə bir yerdə inandıq, bütünlükdə bacarmazdıq bəlkə, amma az-az da olsa, həyatını yaşanılacaq hala gətirəcəkdik, alınacaqdı bu. Anlayırsanmı, Yanagihara? Məndən nəyi aldığını görə bilirsənmi? Ürəyimi söküb aldın sən, Willem'ə o lənətə gələsi "fuhuş kırmızısı"nı aldıranda. Xoşbəxtlik illərinin əvəzini çıxdın, cəzalandırdın hamımızı. Mən necə unudum, bütün qətiyyətsizliyinə rəğmən, içlərinin ən uzaqgörəni, ən həssası olan Malcolm'u? Əslində çox böyük yaxşılıqlar edərkən bunları hər dəfə önəmsiz, kiçik detal halına gətirməsini, onun özünəxas təvazökarlığını necə unudum? Ya da necə unudum, etdiyi hər səhvdə özündən addım-addım uzaqlaşan, narsistliyininin çöküşünü rəsm edərək hər kəsdən öncə ölmüş, özündən yeni bir insan yaratmış JB'ni? Yalnız qalmayacağına əminkən, sonda yalnızlığa məhkum olan JB'ni... Hər birində bir parçam vardı, Yanagihara, öz övladlarım, öz dostlarım, öz sevgililərim kimiydi onlar, heç birinin saçının tək telinə qıya bilməzdim mən. Mən qıymazkən sən qıydın, sanki çox möhtəşəm həyatım, az dərdim varmış kimi yenilərini hədiyyə etdin mənə. Yazdıqlarının bir səhifəsi sevindirirdisə, on səhifəsi incidirdi, necə bir insafsızlıq idi axı bu? Ancaq mən yenə də boyun əyməyəcəm yazdıqlarına. Bax, buraya bax, bu tərəfə. Hə, bax bura. Jude və Willem yanımdadır, görürsən? Təbii ki, görürsən, ən az məni gördüyün qədər. JB'nin çəkdiyi son portretdəki kimidir Willem, başını yana çevirərək gülümsəyir Jude'a. Özəl bir üz ifadəsidir bu, sadəcə Jude'a özəl. Jude isə həmişəki kimi fərqində deyil (fərqində olsa da, ona özəl olduğunu anlamaz), amma üzü gülür onun da. Gülərkən əli ilə ağzını qapayar, adətən. Bu dəfə isə unudub, kaş həmişə unutsa. Onu bu cür ürəkdən güldürən əsas səbəb JB'nin əsəbi halıdır. Klassik JB. Yenə Malcolm'la sözləri tərs gəlib. Dirəşdikcə dirəşəcək, zavallı Malcolm'u çürüdəcək, amma mizahından da qalmayacaq. Ta ki bir azdan yaşayacaqları fərqindəliyə kimi. *** "Damdan aşağı tullandınız?", - dedim ona. "Övladım, ağlınızı itirmişdiniz?" "Çox gözəl hekayədir", - dedi. Üzünə təbəssüm yayıldı. "Danışım?" "Lütfən", - dedim. Danışdı. *** Bir neçə dəqiqə sonra qapıya doğru gedəcək və kilidli qaldığını görəcəklər. Ətrafda insanı iliklərinə kimi dondura biləcək bir hava varkən bu, heç də yaxşı deyil, damdayıq çünki. Hamısı da mənim kimi "möhtəşəm dərəcədə" ehtiyatlı olduqları üçün telefonları evdə, isti paltolarının cibində qalıb, özləri isə üşüməkdədirlər. Çarəsizcə qışqıracaqlar kömək üçün, təbii ki, gələn olmayacaq. Belə baxanda damda qışqıran dörd oğlanı axı kimdir ciddi qəbul edən? Biz də məcburən Jude'u aşağı salacağıq, pəncərənin qıfılını açsın, oradan evə daxil olsun deyə, çünki sadəcə o aça bilir qoyduğu qıfılları. Yaralı qolları ilə düşəcək aşağı, həyatı boyunca onu qovalamış iztirablar bu anda da əl çəkməyəcək ondan, qolları ağrıyacaq, amma qurtulacaq Jude. Tezcə qıfılı açacaq, qıfılın ardında isə düşündüyünün əksinə, bir ev olmayacaq. Gözləmədiyi bir çox şey var özü ilə dünya arasındakı bu qıfılın ardında - başda xoşbəxtlik olmaqla. Şəfqət dolu Harold və Julia, sevimli Andy, sadiq Richard var orada. Fənər Köşkü var orada, Malcolm'un maketləri, JB'nin sərgiləri, Willem'in filmləri və Jude'un qələbələri ilə sonlanacaq saysız-hesabsız məhkəmələr var. Öncə Jude, sonra isə digərləri heyranlıqla izləyəcəklər bu mənzərəni və hamısının üzünə o işıltılı gülümsəmə yayılacaq. Ən gözəl təbəssüm Willem'inki olacaq, ən utanqacsa Jude'un. Mənsə qıraqdan seyr edəcəm onları, tək-tək diqqət edəcəm cizgilərinə. Tək bir detalı belə qaçırmamağa çalışacam. Çünki bilirəm ki, gözlərimi qapadığım anda gedəcəklər. Və həmin andan etibarən darıxacam onlardan ötrü. Öz doğmalarımı itirmiş kimi darıxacam həm də (elə deyilmi ki?). Ancaq təsəllilərim də bitməz mənim. Sevinirəm onları tanımış olmağıma. Onlar məndən bir parça daşıdığı kimi, mən də onlardan bir parça daşıyıram artıq. Buna görə, sadəcə buna görə səni bağışlayır və təşəkkür edirəm, Yanagihara. Hər şeyə rəğmən. Bütün incikliyimə, qəlbiqırıqlığıma rəğmən. Əlvida, Willem. Əlvida, Malcolm. Əlvida, Jude. Əlvida, JB. Sizi sevirəm, uşaqlar. Ən az Dunbar qardaşları sevdiyim qədər.
Değersiz Bir Hayat
Değersiz Bir HayatHanya Yanagihara · Doğan Kitap · 20222,773 okunma
··
7,1bin görüntüleme
pancratius. okurunun profil resmi
incelemen kitaba indicə başlamağa sövq edir. çox gözəl
2 önceki yanıtı göster
İnci Zadə okurunun profil resmi
@oniigiri , şərhdən hisslərimi, tövsiyə mövzusundakı qərarsızlığımı anlamağın, tam da düşüncəmdəki cümlələri burada qurmağın <33
Rayyo
Rayyo
, mən də sənin kimi mazoxistcə bir istəklə başlamışdım, oxuduğum bütün o şərhlərin inadına. Haqlı imişlər amma. Yenə də məqsədin bəlli olduğu üçün ən tez zamanda oxumağa başlamanı diləyirəm, rəy üçün təşəkkürlər :D
2 sonraki yanıtı göster
VüsaIe Quluzadeh okurunun profil resmi
👋👋👋tebrik ve tesekkur ediremm xanim Inci zadee )gozel qeleminiz var ,nedense profilinize nezer yetirende Cehovun bir sozu aglima geldi "Tıp benim nikâhlı karım, edebiyat ise metresim. Birine kızarsam, geceyi öbürüyle geçiririm",,,umid edirem tibble yanasi qeleminizi de davam etdirerseniz,bele bir Incizade mehv olmamalidir.Ugurlaarr 💙
İnci Zadə okurunun profil resmi
Vau, təşəkkür edirəm, çox xoş oldu bu rəyi oxumaq. O alıntını da çox sevirəm bu arada <3
Reina okurunun profil resmi
İnci, bir gün yazıçı olub bizlərdən parçalar daşıyan obrazlarla dolu əsərlər yazanda, sənin də Yanagihara kimi etməyəcəyini umuram. Sənin obrazlarını da ən az dostlarım qədər sevəcəm ama sən belə yaralar açmayacaqsan məndə. Bunu diləyir və sənə içindəkiləri sərbəst buraxa biləcəyin kitablar yazacaq bir yazar olma yolunda uğurlar arzulayıram, şans və ilham həmişə səninlə olsun. Əllərinə və klaviaturana sağlıq💜
İnci Zadə okurunun profil resmi
Onlayn telepatiya gücünü hardan almısan bilmirəm, amma hələ yarım ay öncə, şəhərdən evə gələn bir neçə saatlıq yolda, həyatımdakı əksər insanların özünəxas hekayələri olduğunu və bu detalların nə vaxtsa (mümkündürsə əgər) yaza biləcəyim bir əsərdə kiçik nüanslarda gizlədilə biləcəyini, beləcə, o əsərin onlardan bir parça daşıyacağını düşünmüşdüm. Həmin insanlardan biri də sən idin, indi bunu yazmağın elə qəribə hiss etdirdi ki... Təşəkkürlər 💜
2 sonraki yanıtı göster
Samirə Abbasova okurunun profil resmi
Günümü incələmənizlə bitirdiyim 2-ci gündür. Dünən qəlbdən Barışa idi o şərh, bu gün bu dördlüyə. Oxusam, yaralayar, bəlkə də, bu kitab. Amma sırf yazdıqlarınızın yaratdığı təəssürata görə oxumaq istəyirəm. Göz görə-görə düşmək istəyirəm o zülmətə. Qrupda dediyiniz "Akıl sağlığını düşünən" tiplərdən olmaya bilərəm mən. Amma bir məqam çox dəqiqləşdi, yenə duyğularım boks armuduna döndü, amma üsyan etməyəcəyəm indi buna, bu şərh sonrası vurulmaq gərək, bəlkə də... Əməyinizə, əsas da qəlbiniz və ruhunuza sağlıq, İnci💕🕊️
İnci Zadə okurunun profil resmi
İlk dəfədir ki, bir rəydə duyğularımın əksəriyyətini tam olaraq yansıda bildiyim, oxuyanlara nələrsə hiss etdirib özümlə bərabər onlara da kəlmələrin bu şəkildə təsir edə bilməsinə səbəb olduğum üçün hüzn qarışıq bir sevinc duyuram. Təşəkkür edirəm bu rəy üçün, oxumaq xoş oldu 💜
2 sonraki yanıtı göster
Aceso okurunun profil resmi
İncələmən möhtəşəmdi. Bu incələmədən sonra kitabı siyahıma daxil edirəm. 🙃🤌🏻
İnci Zadə okurunun profil resmi
Ah, o siyahı... Təşəkkür edirəm <3
1 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Kitabı bir gün oxuyanda - buna ürək etsəm, çünki bu qədər qəlb qırıqlıqlarına dözümüm qalmayıb bu aralar - qayıdacam şərhinə. Hər zaman etdiyim kimi. Əlinə sağlıq, diamant💜
İnci Zadə okurunun profil resmi
Tez bir zamanda oxuman diləyilə 💜
2 sonraki yanıtı göster
Waterlily okurunun profil resmi
Çoxdandır ki, qələmindən çıxan sətirləri oxumurdum. Həmişəki kimi perfectus <3💃🏻
İnci Zadə okurunun profil resmi
Təşəkkür edirəm <3 Və bu kitabı hər xatırlayanda hələ də qəribə oluram...
2 sonraki yanıtı göster
Ashur okurunun profil resmi
Bu kitabı almalıyaaam. Birazcık bahalı imiş, amma olsun. İncələmə ilə kitabın içinə daxil oldum deyə bilərəm. Xoşbəxt sonluqlar hamının, ən azından əsərlərdə görmək istədiyi bir sondur, məncə. Amma istər filmlər, istər kitablar olsun, mənim üçün ən yadda qalanları kədərli sonluqlar olacaq. Qələminizə sağlıq !🥂
İnci Zadə okurunun profil resmi
Mütləq alın, Amazon Prime'dan sifariş etsəniz, yaxşı qiymətə ala bilərsiniz hətta. Bu kitabı hər qarşıma çıxan oxucuya tövsiyə etmirəmsə, səbəbi mövzusunun ağır, incidici olmasıdı...
2 sonraki yanıtı göster
Javid Turabli okurunun profil resmi
Bu kitabı başqalarının da oxumasını necə məsləhət görə bilirsiniz?
İnci Zadə okurunun profil resmi
Açığı, kimsə oxumaq istəyəndə necə bir travma alacağı barədə təsəvvür yaratmağa çalışıram... Oxuyub-oxumamaqsa qarşı tərəfin öz seçimi olur artıq. Necə ki mən də məni nəyin gözlədiyini bilə-bilə oxumağı seçmişdim. Hətta Yanagiharaya o qədər ağır sözlər dedikdən sonra yeni kitabını ilk fürsətdə alıb oxuma siyahıma daxil etdim. Rəfdə oxunmağı gözləyir. Təbii ki, cəsarətimi topladıqdan sonra...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.