İnsanların özündən uzaq tutduğu Raif Əfəndi, heç bir şeyə fikir vermədən həyatına davam edirdi. Onun səssiz bir adam olduğunu düşünsələr də, əslində hər kəsdən daha çox danışırdı. Amma insanların onu başa düşməyəcəyini bildiyi üçün bütün yaşadıqlarını, həyatının ən mənalı, bir o qədər də ən kədərli anlarını qaraüzlü dəftərinə yazmışdı. Baxın, elə hekayədə tam orada— qaraüzlü dəftərində başlayır. Bu dəftər bizləri Berlin səyahətinə aparır.
Daha Berlinə yeni getdiyi zamanlarda can sıxıntısından küçələri, sərgiləri gəzdiyi vaxtda bir incəsənət qaleriyasında divardan asılmış çoxsaylı rəsmlər arasında sadəcə birinin qarşısında tutulur qalır. Rəsmdəki Xəz Paltolu Madonnanı analiz etdikdən sonra, ona heyran olur. Elə ki, günlərlə bu rəsmin qarşısına gəlib onu saatlarla gözlərini ayırmadan izləyir. Rəsmdəki qadın, rəssamın özü idi. Günlər sonra təsadüfən tanışan bu iki həyatdan uzaqlaşmış gəncin həyatı dəyişir. İncəsənət qaleriyasında başlayan bu heyranlıq, daha sonra Berlin küçələrinin hər küncündə bir xatirə olaraq həkk olundu.
Xəz Paltolu Madonna— Maria Puder və Raif Əfəndinin yaşadıqları nə qədər bir hekayə olsa da, həyatda belə bir reallığın olması, doğrudan, çox təsirlidir.
Əsəri oxuduqda sevginin və sevgisizliyin insan həyatındakı təsirini hiss edəcəksiniz.
Əsər haqqında daha uzun, daha detallı danışmaq istəyərdim, amma daha oxumağa fürsəti olmayanlar üçün marağını qaçırmaq istəmirəm.
P.S: Məsləhət görərdim ki, türk yazarların əsərlərini elə türk dilində oxuyasınız. Yazıçının keçirdiyi hissləri birbaşa öz qələmindən sizə ötürülməsi, o duyğunu yaşamağımız baxımından vacib olduğunu düşünürəm.
Onu da qeyd edim ki, bu əsəri “Gönül Yayıncılık” nəşriyyatından almayın, çünki yaxşı redaktə edilməyib. Səhv yazılmış çoxlu sözlər var və bəzi yerlərdə cümləni başa düşməkdə çətinlik çəkirdim.