Kitab avtobioqrafik roman tərzindədi. Paul Auster sevdiyim yazıçılardandı, daha öncə oxuduğum romanlarında hiss elədiyim o bədbinliyin səbəbini açıqlayır bizə bu kitabında. 12-13 yaşından 30lu yaşlara qədər olan ömrünü danışır. Pul qazanmağa, bir işə bağlı qalıb, maaşın pulun əsirinə çevrilməmək üçün açdığı üsyan bayrağından danışır.
Kitab hər cümləsi ilə realdı. Müəllif ara-ara kimliyinə, inandıqları və uğruna mübarizə apardıqlarına dair çox xüsusi xatirələrini bizlə paylaşır.
Qəribə ömür olub onunki. Columbia Universitetindən Paris küçələrində qəpik-quruşla yaşamaqdan tut, gəmidə yer silməyə qədər. Enişi-çıxışı olan həyata pəncərə açdım.
Özümdən, yaşadıqlarımdan, yaşamaq istədiklərimdən hissələr danışdı mənə Auster.
Ədəbiyyatın edə bildiyi ən gözəl şeyi bir də yaşadım beləcə:
Yaşamadığım həyatı onunla birgə yaşamış oldum. Ömrünün daha bir 30 ili haqqında yazmağa davam edib 800 səhifəlik kitab qoysa ortalığa, onu da məmnuniyyətlə oxuyaram.
Paul Auster olduğum və daha da artığı olma potensialını daşıdığım yalquzaqlığımın canlı halıdı. İki dost, söhbət eləmiş olduq sanki. O, danışdı, mən dinlədim.