Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

144 syf.
·
Puan vermedi
·
3 günde okudu
Toplum olaraq yüz il əvvəl harada idik və indi haradayıq? Cəmiyyətlər inkişaf edərkən biz niyə geriləmə yolunu tutduq? Günahkar kimdir? Bu tip suallar həmişə düşündürüb və cavab olaraq pafoslu, yanğılı mətnlər yazılıb, fəqət çıxıb sistemli şəkildə problemləri sadalamağa və həll yollarını düşünməyə, şüurlarda inqilab etməyə cəhd edən tapılmayıb, bu yolda addım atmaq istəyənlər isə həmişə susdurulub, min cür hiylə ilə aradan götürülüb. Toplumun əksər hissəsi qorxub susdu, yerdə qalan kəsimi isə heç bir fayda gətirməyən xroniki bəlanın içinə yuvarlandı, sistemsiz və kor-koranə şikayətlənməklə vaxt keçirdi, bu şikayəti etiraza çevirə bilmədi və şikayət onun total həzz formasına çevrildi. Bununla demokratik, xoşbəxt və azad cəmiyyətə çevrilmək istəyərkən nevrotik topluma çevrildi. Yaxınlarda Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"sini bitirdim. Qeyd edim ki, əsər təxminən 100 il əvvəl yazılıb və aradan 100 il keçməsinə baxmayaraq əsərdə əksini tapan ideyalar, təsvir olunan quruluş hələ də toplum üçün utopiya olaraq qalır. Əhməd bəy bu kitabı ömrünün qürub çağında və qərib yurdda ikən öz vətəni, yurddaşları üçün yazmışdı. Qəlbinin dərinliklərində ümid bəsləyirdi ki, bu kitab qızıl istibdad zülmü altında əzilən yurduna çatacaq, yurdu öz azadlığına qovuşub kitabda təsvir etdiyi işıqlı və firavan cəmiyyətə çevriləcək. Onun yurdu bir dəfə azadlığı, demokratiyanı, xoşbəxtliyi dadmışdı, o əmin idi ki, sərbəstlik meyvəsini dadmış xalqı bunu yenidən əldə etmək üçün mübarizə aparacaq və sonda buna qovuşacaq. Əsərində təsvir etdiyi cəmiyyət ifadə azadlığına, sərbəst toplaşma azadlığına sayğı göstərən, gender bərabərliyini qoruyan, daim həmrəylik nümayiş etdirən, hakimiyyəti özü seçən, orada iştirak edən, təmsil olunan və ona nəzarət edən, fərqli fikirlərə qarşı dözümlü, tam azad, şərəf və ləyaqəti daim uca tutulan fərdlərdən təşkil olunmuşdu. Əhməd bəy şübhə etmirdi ki, vaxt gələcək, onun da vətəni bu azadlığa qovuşacaq. Qovuşdu mu? Zahiri olaraq hə, daxili olaraq yox. Qızıl istibdadın pəncəsindən xilas oldu və öz azadlığını əldə etdi. Fəqət iç zəncirlərini qıra bilmədi. Russo demiş, biz azad doğulmuşduq, fəqət zəncirləndik, susdurulduq.. Zərdabinin dəfn mərasimində Əhməd bəyin söylədiyi nitq ilə yekunlaşdırmaq istərdim: "Ey müqəddəs ruh, sən ki gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər”. Bizə bu azadlığı daddırmış babaların ruhu qarşısında baş əyirik. Bir dəfə dadan yenidən dadmaq üçün mübarizə aparacaq, aparmalıdır, əks halda özünə millət deyə bilməz, buna mənəvi haqqı çatmaz. Həqiqət, heç şübhəsiz, parlayacaq!
Sərbəst İnsanlar Ölkəsində
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Tutu Nəşriyyatı · 2001142 okunma
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.