Ümumilikdə oxuduğum 12-ci elmi-fantastik əsər idi. Əsər dilinə isə alışa bilmədim. Kitabını mövzusu və fikri çox gözəl idi lakin, dili anlaşıqlı deyildi. Doğrudur bir elmi-fantastik əsərdən möhtəşəm ədəbi dil gözləmirəm amma ədəbi dad almaq istəyinin bir oxucu kimi haqqım olduğunu düşünürəm.
“Tanrı olmaq çətindir” klassik elmi-fantastik əsərlərdəki başqa qalaktikaya “elm adamı” göndərmək fikrini aşaraq bir toplumun yaşayış şəkillərini anlamaq, dəyərləndirmək üçün göndərilən bir tarixçinin ətrafında cərəyan edən hadisələri qələmə alıb. Tarixçinin adı don Rumatadır. Don Rumata və bərabərindəki digər elm adamlarının getdiyi planet Dünyamızın orta əsrlərinə uyğun olan eyni tarixi mərhələdən keçən Arkanar şəhəridir. Əslində bu səyahət “planetlərarası səyahət”dənsə daha çox “zamanlar arası səyahət” kimi dəyərləndirilə bilər. Bir toplum necə inkişaf edər, inkişaf müddətində nələri yaşamalıdır kimi suallara cavab verən bir əsərdir.
Kitabın adındakı Tanrı adınında haradan gəldiyi açıqlayaq. Bir çox adamın ağlında bu sualın olduğuna əminəm. Don Rumata və bərabərindəki digər elm adamları getdikləri Orta Əsrə oxşayan toplumda olduqca güclü və yüksək potensiallı insanlar olduqları üçün tanrı olaraq olaraq adlandırılır. Yəni, Arkanarda bir tanrı özəlliyinə sahibdirlər.
Don Rumata ictimai həssaslığa malik tarixçi alimdir. O, həm də humanist və mərhəmətli bir insandır. Onun sosial həssaslığı və insan övladına qarşı məsuliyyət hissi onu emosional cəhətdən çox həssas edir. O, cəmiyyəti və insanları anlamaq üzərində işləyir. Don Rumata cəmiyyəti və insanları anlamağa çalışdıqca o, bizə danışmağa başlayır və kitabın fəlsəfəsi qarşınıza tökülməyə başlayır.Don Rumata və onunla birlikdə digər alimlərin getdiyi Arkanarda vəziyyət çox pisdir. Cəmiyyət tamamilə çürümüş, hiylə, fırıldaqçılıq və alçaqlıq bir nemət kimi görünməyə başladı. Arkanar adlı şəhərdə Don Reba adlı bir hökmdar var və xalqa zülm edir. Onun faşist polis dövləti təcrübələri bilikli və dissident insanların nəfəs almasına imkan vermir. Yürütdüyü siyasətlərlə alim, tibb işçisi, sənətkar kimi bilikli, mədəniyyətli insanlar bir-bir ovlanır, cəhalət təriflənir. Yalnız sarayın əmrlərinə tabe olanlar sağ qalır. Bura savadsızlığın, kitab oxumağın, şeir yazmağın, elmi araşdırmaların qadağan edildiyi yerdir. Bunlar isə cəmiyyətin mənimsədiyi ideyalardır, həm də yuxarıdan bir məcburiyyətdir. Bu cəhaləti cəmiyyət tərəfindən qəbul edilməsi isə ən təhlükəli vəziyyətdir. Hötenin dediyi kimi; “Dünyanın ən təhlükəli dövləti cəhalət və mütəşəkkil fəaliyyətdir”.
Yaxşı bəs tanrı olmaq niyə çətindir? Çünki, əksini isbatlayacaq bilginiz, gücünüz olduğu halda, axmaqlığa, zorakılığa və cəhalətə tamaşaçı qalmaq həqiqətəndə çox çətindir.
Şərhimi bu sözlərlə bitirmək istəyirəm. Əsər həqiqətən çox gözəl idi. Sizdə oxumusunuzsa fikirlərinizi bölüşə bilərsiniz. Təşəkkürlər!