Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, ilahi?!
Məzlumların göz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!
Iş rəncbərin, güc öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, ilahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış, -
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..