·224 syf.··Beğendi
···Okunma: 18 Ocak 2023 00:52 Dartanyanlar kitab klubu yanvar ayında müzakirə üçün "Qiraətçi"ni seçməsəydi, bəlkə də uzun müddət bu kitaba diqqət yetirməzdim.
Başlanğıcda mənim üçün quru psixoanalitik təhlillər apardığım maraqlı hekayə, göz yaşlarına boğulmağım ilə sonlandı. Yazar heç kimi günahlandırmadan və ya haqq vermədən, zərər vuranı da, zərər çəkəni də neytrallıqla anlatmışdı. Bu isə, Mixaelin dediyi kimi "işarət barmağımı yönləndirəcək bir kəsi tapa bilmədiyim üçün" hisslərimin daha da qarışmasına səbəb oldu.
"Qiraətçi" 15 yaşlı yeniyetmə Mixael və 36 yaşlı Hannanın hekayəsidir - bu sevginin deyil, güclü bağlılığın hekayəsidir.
Hanna haqqında hisslərim bir kənara, onun pedofil və narsist olduğunu düşünürəm. Onu anlayıram, lakin anlamaq və haqq vermək arasında incə sərhədi aşmadan, sevgini isə bu sərhəddən uzaqda tutaraq. Yazar oxucuyla Hannanın uşaqlığını, valideynlərini tanış edəydi kaş. Niyə partnyorunu psixoloji yaşına uyğun seçdiyini öyrənə bilərdik onda. Atası ilə problemləri vardı bəlkə və buna görə də, üzərində qələbə çala, idarə edə biləcəyi kişi seçmişdi. Bəlkə də buna görə sərt, duyğusuz davranmağa çalışır, forma və rəsmi geyimli işlərdə olurdu.
Mixael isə, sadəcə cinsi yetişkənlik dövründə olan yeniyetmədir. Yazarın psixoanaliz haqqında nə qədər məlumatlı olduğunu bilmirəm. Lakin axtardığım hekayəni xüsusi ilə vurğulayaraq təqdim etməsindən bu haqqda müəyyən fikrə gəldim. 4 yaşlı "fallik dövr"də olan oğlan uşağının beynində anasının onu çimdirməsi, həddən artıq nəvaziş göstərməsi haqqında koqnitiv model formalaşır. İllər sonra eyni səhnə "ona qadağan olmayan qadın" ilə yaşanır.
Sonda bir daha əmin oldum ki, öz günahından xəbərdar caniyə verilə biləcək ən böyük cəza azadlıqdır.
"Qiraətçi"ni çox sevdim. Hannanı isə uzun müddət unutmayacağam.