·424 syf.··Beğendi
···Okunma: 25 Ocak 2023 18:44 Həyat, yaşamaq, ümid, mübarizə.....ölüm.Düşünsək, hər birimiz bir məna verəcəyik bu mücərrəd məhfumlara.Bu dəfə isə sadəcə bir yazıçı qələmi bütün yanlış düşüncələrimi yenməyi bacarmışdı.Deməli, kitabı maraqlı və axıcı edən də müəllif savadı, yaradıcıllığıdı.Bütün bunları birləşdirərək özündə çox şeyi ehtiva edən ədəbiyyat incisi ərsəyə gətirmişdi müəllif.O, dünyagörüşü ilə oxucularının rəğbətini qazanan, qələminin adi bir kağız parçalarına tökdüyü həyat dolu sözləri, cümlələri ilə qəlbimizin incəliklərinə qədər yol tapmağı həqiqətən də bacaran bir müəllifdir.
Müəllifin də dediyi kimi təsadüf deyilən bir şey yoxdur, təsadüflər taleyin əlamətidir, kitabın müəllifi ilə də əyani tanışlığım heç ağlıma gəlməyəcək tərzdə anidən baş vermişdi. Demək, bu müəllifi tanımaq, onun kitablarını almaq, oxumaq, bir sözlə, müəlliflə həyatımın bir nöqtəsində qarşılaşmaq da elə mənim taleyimin əlaməti idi, və bu da mənim beynimdə həyatla, həyatın mənası ilə bağlı olan bir çox sualların cavabını məhz özümün anlaması üçün yaradılmış bir fürsət idi.Kitabın adı məni ilk baxışdan düşündürməyə vadar etmişdi, "böyük ehtimalla, bəxti, taleyi üzünə gülməyən, həyatından küsmüş, ümidsizliyindən çarəsiz qalmış və o ciddi, eyni zamanda məsuliyyətli bir addımı ataraq - intihar qərarı vermiş qəhrəmanı var bu hekayənin"-deyə öz-özümə fikirləşirdim. İlk səhifələrindən məni özünə bağlamağı bacarmışdı bu kitab, elə hey sonunu gözləyirdim. Bir də ən maraqlısı oxşar hadisələrin qarşıma tez-tez çıxma paradoksu idi, sonda isə anladım ki, təxminən iki eyni taleyi olan yad insanların həyat hekayəsi əsərin əsas süjet xəttimiş.
Məncə, əsas olan kitabı oxuduqdan sonra onunla bağlı keçirdiyimiz hisslərdir. Birincisi, onu deyə bilərəm ki, heç vaxt belə qısa müddət ərzində böyükhəcmli əsər oxumamışdım. Oxuduqca isə içimdə ümid var idi, gələcək səhifələrdə müəllifin daha maraqlı, motivasiyaverici yazılarının yenə də olacağına dair bir əminlikdən qaynaqlanan ümid...Və bir də məni ən çox təəccübləndirməyi bacaran müəllifin hər hissəyə uyğun əlaqəli bir ad seçməsi idi, həmin hissəni oxuyandan sonra geriyə dönüb başlığı bir daha oxuduqca fərqinə varmışdım bunun. Eyni zamanda müəllif əsərin hissələrini bir-birinə çox böyük ustalıqla bağlamağı bacarmışdı.
Sonda isə yazımı müəllifin ən çox sevdiyim sözləri ilə tamamlamaq istərdim:
Həyat sadədir, biz insanlar onu qəlizləşdiririk, həyat gözəldir, biz insanlar onu bədbəxtliyin qara rənglərinə boyayırıq və bizə səbəb yalnız bircə səbəb lazımdır ki, həyatımızı ürəyimiz istədiyi kimi yaşaya bilək.