·151 syf.····Okunma: 01 Mayıs 2023 00:00 Son illərdə oxuduğum ən fərqli kitablardan biri idi. Təsadüfən əlimə keçən bu kitab həm qapağındakı şəkli, həm də mövzusu ilə diqqətimi çəkdi. Kitab üzr istəməyin fəlsəfəsini izah edir. Üz qapağındakı təsvir isə həm üzr istəyənləri, həm də qul kimi işlədilənləri simvolizə edir. "Üzr istəmək" kimi üçün öyrəşilən bir nəzakət qaydası, kimi üçün vicdan rahatlığı, qəhrəmanlarımız üçün isə şəxsiyyətin alçaldılmasının təsəlli örtüyü və həyatın sürətilə ayaqlaşma tərzidir.
Cəmiyyətə yad, zehni fərqli işləyən insanların toplandığı və ağır şərtlər altında işləməyə məcbur edildikləri bir müəssisənin təsviri ilə başlayan kitab hekayənin özülünü qoyaraq sürətlə zaman və məkanı dəyişərək davam edir. Qəhrəmanlarımızın müəssisəni tərk etdikdən sonrakı vəziyyəti, dörd divardan kənardakı həyata öyrəşmə prosesi mükəmməl təsvir olunub. Onlar çox fərqlidir, həm müəssisədəki vəhşi təbiətli məxluqlardan, həm də həyatını qazanmaq üçün hər yola əl atan insanlardan... Müəssisədə yaşadıqları iliklərinə işləyən qəhrəmanlarımız oradan uzaqlaşsalar belə yenə ən yaxşı bildikləri şeyi etməyə davam edir. Əvvəllər fiziki şiddətdən "can qurtarmaq" üçün, sonra isə həyatı qazanmaq üçün... Üzr istəyərək yaşamağa davam edərkən insanları və özlərini anlamağa çalışırlar. Bir gün bir-birindən üzr istəməyə məcbur olacaqlarının da fərqinə varırlar...
Kiçik bir ifadədən - üzr istəmək yola çıxaraq insanı bu qədər düşünməyə vadar edən bir qələmi sadəcə alqışlamaq olar.