Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bəlkə də ağla gələn ilk isim Azərbaycan istiqlal hərəkatının öndəri, daima istiqlal məfkurəsini yaşadan , davam etdirən və cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin ismidir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olan Rəsulzadənin qələmə aldığı "Azərbaycan Cümhuriyyəti" əsəri orada əks olunan tarixi bilgilər, özündə ehtiva etdiyi AXC-nin yaranması və sonrakı dövrü haqqında məlumatlar baxımından əvəzsiz və son dərəcə qiymətli bir əsərdir. Hadisələrə bizzat şahidlik etmiş Rəsulzadənin qələmindən çıxan bu əsərdə əvvəlcə Azərbaycan xalqı, onların ədəbi-mədəni həyatı haqqında yazılmışdır. Bir neçə səhifə xalqımız onun tarixi, mədəniyyəti barədə oxuyub tanış olduqdan sonra, 20-ci əsrin əvvəllərindəki mürəkkəb tarixi dövrün ictimai-siyasi mənzərəsi təsvir olunur. Rusiyada baş verən inqilablar, cümhuriyyətə gedən çətin yol və elan olunmasına qədər Cənubi Qafqazda cərəyan edən əsas hadisələr və cümhuriyyətin hansı siyasi vəziyyətdə və şərtlər daxilində əsasının qoyulması xronoloji ardıcıllıq, konkret və əsaslı faktlarla göstərilir. 1917-ci il olaylarının ümumi tarixi təsvirindən sonra 1918-ci ilin mart ayında baş vermiş, bu gün 31 mart soyqırımı kimi qan yaddaşımıza yazılan mart hadisələrinin pərdəarxasında Bakı bolşeviklərinin durması, Daşnaksütyun partiyasının onlarla sıx əlaqədə və ittifaqda olması və bundan cürət tapan ermənilərin Gəncə, Şamaxı, Lənkəran, Quba kimi qəza və şəhərlərdə müsəlman əhalini vəhşicəsinə qətl etməsi də yer alıb.
Belə bir qarışıq tarixi şəraitdə ortaya çıxan əngəllərə baxmayaraq, belə ki bir tərəfdə qanlı hadisələrə səbəb olan bolşevik-daşnak ittifaqı, digər tərəfdə Trabzon konfransı zamanı Osmanlı heyətinin qoyduğu şərtlər və üstəlik erməni-gürcü heyətinin yaratdığı maneələr hər nə qədər vəziyyəti çətinləşdirsə də Rəsulzadə millətin istiqlalı üçün durmadan mübarizə aparır. Bütün bu hadisələrin nəticəsində nəhayət 28 may günü Cümhuriyyət elan olunur, hazırkı Azərbaycan ərazisindən bir az da geniş sərhədlər daxilində. Paytaxt müvəqqəti Gəncə şəhəri seçilir. Şurayi-Millinin sədri Rəsulzadənin iclasda iştirakçılara üz tutaraq söylədiyi nitqdən də aydın olur ki, yeni əsası qoyulmuş cümhuriyyət necə də hürriyyətpərvərdir, Rusiya kimi imperiyalist bir ölkənin caynağından çıxmış bu millət üçün demokratiyanı, siyasi, daxili, xarici hürriyyəti əsas tutaraq cümhuriyyət qurmaq böyük bir ərmağan idi.
Bakısız Azərbaycan başsız bədəndir deyərək Bakının bolşeviklərdən azad olunması üçün hər şey edilir. Osmanlı türklərinin bu məsələdə yardımı isə bizim üçün çox önəmli və dəyərli hadisədir.
Rəsulzadə və digər cümhuriyyətiçilərin demokratik əsaslarla Azərbaycan ərazisində dövlət yaratması sıfırdan bina inşa etməyə bənzəyir. Onlar bu binanın hər daşını, kərpicini bir-bir böyük zəhmətlə, əzmlə yığdılar. Çox çətin və mümkünsüz görünən bir şeyi mümkün etdilər, bacardılar. Bu xüsusda Rəsulzadə kitabda çox vacib və maraqlı bir müqayisə verir. Əvvəlcə oxuculara çar Rusiyası dövründə azərbaycanlıların nələrdən məhrum edildiyi, hansı sahələrdə inkişafına maneə törədildiyi haqqında məlumat verir. Nəticədə bütün ictimai sahələrdə ən başından fəaliyyətə başlamaq lazım idi, bununla da təhsil, maliyyə, hərbi, neft, mətbuat kimi sahələrdə bir çox şeyin təməlini qoydular. Belə ki, əvvəlcə ordu hazırlığına başlanılmış , hərbi məktəbi təsis edilmiş, iqtisadiyyat və maliyyə sahəsində islahatlar həyata keçirmiş, petrol mədənlərinin idarəsi qaydasına salınmış, Azərbaycan bankası təsis edilmiş, məmurlar yetişdirmək üçün xüsusi müəssisələr açılmışdır, məktəblərin türkləşdirilməsi üçün önəmli addımlar atılmışdır.
23 ay ərzində cümhuriyyətçilərin durmadan hər sahənin inkişafı üçün çalışmalarını, yeni yaranmış ölkədə hər şeyi sıfırdan başlamalarını, üstəlik ölkədə asayişi və əmin-amanlığı qorumaq üçün daxili və xarici təhdidlərə qarşı mübarizə aparmalarını, millət üçün, ölkənin gələcəyi üçün səy göstərmələrini sadəcə qürur və fəxr hissi ilə oxuyuruq. Bunların ardınca gələn "Bolşevik istilası" başlığı altında isə hər kəsin böyük üzüntü və qəzəblə xatırladığı işğal hadisəsi haqqında, həmçinin "nəyə görə yeni yaranmış cümhuriyyət 23 ay varlığını qoruya bildi? hakimiyyət niyə təslim edildi? Kimlər hakimiyyəti təslim etdi?" kimi suallara müəllifin şahidliyi ilə yazılmış tarixi faktlar əsasında cavab tapırıq. İşğalın arxa planında hansı hadisələrin durduğu 27 aprel tarixində bolşevik ordusunun ölkə hüduduna gəlmə səbəbinin guya Anadoluya yardıma gedir bəhanəsi altında necə gizlədilməsi, Azərbaycan kommunist firqəsinin hökuməti təslim etməsi üçün məclisi-məbusana ultimatum verməsi lakin ərazi bütövlüyünün toxunulmaz qalacağı, ordunun saxlanılacağı, müsəlman firqəsinin hürriyətinin mühafizə ediləcəyi kimi vədləri verməsi, bəzi Osmanlı zabitlərinin bolşevik lehində olmaları və s. haqqında önəmli məlumatlar oxuyuruq.
Ölkə daxilində erməni üsyanları onların vəziyyəti qarışdırmağa cəhd etmələri, kommunist firqəsi ilə əlaqələri də hakimiyyətin təslim edilməsinə səbəb olan amillərdəndir.
Qızıl ordunun Anadolu hüduduna getməyərək Azərbaycanı işğal etməsi, Bakıya daxil olması, türk komandanlarının; hansı ki, onlar Qızıl ordunun Anadolunun köməyinə getdiyini, əgər milli hökumət buna əngəl olsa bu türk və islam nöqteyi-nəzərindən böyük xəyanət olar deyə Azərbaycan tərəfinə təzyiq edirdilər- işğaldan dərhal sonra ya həbs ya da ölkədən xaric edilmələri, Azərbaycan kommunist firqəsinin vədlərinə əməl etməməsi, ordunu dağıtmağa başlamaları, hökumətin ən önəmli vəzifələrinə rus, erməni, gürcü millətinin nümayəndələrini gətirmələri, parlament üzvlərinin, millətin ziyalılarının təqib və edam edilməsi və buna bənzər işğalçı niyyətlərini açıq göstərən digər əməlləri Rəsulzadənin "rus hankı dinə girirsə-girsin yenə rusdur. Qara da olsa, qızıl da olsa rus imperializmi imperializmdir" fikrində necə haqlı olduğunu göstərir.