Puan vermedi·448 syf.····Okunma: 21 Ağustos 2023 10:54 Necə bir şərh verəsən bu kitaba?
"Etdikləri şeylərdən biri də budur. Səni öldürməyə məcbur edirlər-öz içində"(səh 280). Belə bir ağırlıq hiss etdim 10 gün ərzində.
Qadınların obyektləşdirilməsimi desəm, psixi xəstəlik kimi yanlış şəkildə insan həyatına siraət edən dini düşüncə tərzimi desəm.
"İnam sözünün üzərində dəqiqələrlə,onlarla dəqiqə gözlərimi gəzdirə bilərəm. Oxumaq üçün mənə verdikləri yeganə şey budur".(səh 88) Zorla inammı olar? İnamın insanın şəxsi məsələsi olmasını, insanın ürəyində olmasını başa düşməyənləri başa düşə bilmirəm. Nə qədər utopik və distopik bir əsər olsa da, oxuduqca Əfqanıstan kimi bəzi "müasəlman" ölkələri ağıma gəldi. Qadınların hiss və duyğularının basdırıldığı, hətta adlarının belə olmadığı bir dünya.
Qəhrəman özlərini "Biz iki ayaqlı uşaq dünyaya gətirən maşınıq" deyə adlandırır.
Əsərdə qadınlar iki hissəyə ayrılır: damazlıq qadınlar ( hansı ki həmişə qırmızı paltar geyinirlər), qısırlar. Və bir də bakirə qızlar var, onlar həmişə ağ paltar geyinirlər, saflığın təmsili olaraq.
Əsər hərbi rejim altında, təbiətin ekoloji kirləndiyi və insanların zəif düşdüyü və azaldığı bir dövrü əhatə edir. Əsərin qəhrəmanı bu rejimin qurulmasından əvvəlki dövrü təsəvvür etməsi diqqət çəkicidir. Qəhrəmanımız siqaret çəkir, içki içir, otelə gedir, fərqli şeylər yaşayır, evli bir kişi ilə bərabər olur və onla evlənir də. Bu idi yəni normal həyat? Yəqin ki, fərqli insanlar üçün normal həyat fərqli mənalar kəsb edir.)
"Labirintdəki siçan da, labirintin içində qalmaq şərti ilə istədiyi yerə gedə bilə". Bu cümlənin verdiyi hissi soyuq bir qış günü avtobusda gedərkən hiss etmişdim. Buxar olmuş pəncərəni siləndə ağlıma elə bizim də baxış bucağımızı açdığımız qədər üfqümüzün aydınlandığını, müəyyən bir sərhəd çərçivəsində azad olduğumuzu düşünmüşdüm. Tam azad olmaq da absürd səslənir, elə şeyin olduğuna inanmıram.
Kitab "qadının ən böyük düşməni elə qadındır" anlayışını üzümüzə- üzümüzə vurur. Bizdə də elə deyilmi? Hamını aid etmirəm. Ancaq qızlara hər şeyi qadağan edən, qınayan, adını çıxaran elə "xala"larımızdı. "Oğlanlara hər şey olar, qızlara isə yox", düşüncəsi ilə çürüyən xalalar.
Nəysə ki, 10 gündür depresiyadaydım və psixologiyamın pozulduğunu hiss edirdim. Səbəbinin bu roman olduğunu tapdım. Ancaq yaxşı ki, tanış oldum bu əsərlə. Hər kəsə tövsiyə edə bilərəm. Bəzi hiss və duyğuları, əsas da qadınları başa düşmək istəyənlər üçün.
Hər kəsə xoş mütaliələr!