Eudjen Ovidiu Çiroviçi “Güzgülər kitabı”
Bu dəfə haqqında danışmaq istədiyim kitab, rumın əsilli yazıçı Eudjen Ovidiu Çiroviçinin “Güzgülər kitabı”dır. Əsər psixoloji detektivdir. Ədəbiyyatda ən sevmədiyim janr detektivdir. Oxuduğum detektiv əsərlərin sayı bir əlin 5 barmağını keçə, ya keçməyə. Ancaq bu əsəri oxumalı idim. Əvvəla, ona görə ki, bu kitabı bədii zövqünə güvəndiyim insanların məsləhətiylə almışdım. Daha sonra ona görə ki, bu kitab qrupumuzun yəni, “Kitabsevərlər”in nəşridi və qrupumuz hər zaman ədəbi cəhətdən seçilmiş kitabları nəşr elətdirir. Digər tərəfdən də əsər haqqında oxuyanlardan da müsbət rəylər eşitmişdim. Bütün bu səbəbləri göz önünə gətirərək və marağıma qalib gələ bilməyərək “Güzgülər kitabı”nı oxumağa başladım. Elə ilk cümləsindən aldı məni əsər. Fərqli quruluşu, maraqlı və axıcı diliylə kitaba aludə oldum. Bir neçə günün içində böyük həyəcanla oxudum və nəhayət bitdi. Kitab bitsə də, təsiri hələ də qalıb. Qeyd elədiyim kimi, əsər psixoloji detektivdir. Hadisələr üç qəhrəmanın dilindən danışılır. Birincisi, Riçard Flindir ki, hadisələrin birbaşa iştirakçısıdır, digər iki qəhrəman, jurnalist Con Keller və təqaüdçü xəfiyyə Roy Frimen baş vermiş cinyətin araşdırmaçılarıdır. 1987.ci ildə məşhur psixoloq professor Cozef Vider öldürülür. Ancaq cinayətin üstü heç bir şəkildə açılmır. Qətldə şübhəli bilinən üç əsas şəxs, Riçard Flin, Lora Beyns, Derek Simmons, proffessorun ən yaxınlarıdır. Onlar bir şəkildə bəraət qazanır və həyatlarına davam edirlər. Ancaq qətlin üstü açılmamış qalır. Üstündən illər keçir və Riçard Flin Con Kellerin elektron ünvanına məktub göndərir. Bu elektron məktubda o, qətlin bütün tarixçəsini yazdığını və əsərində cinayətkarın kim olduğunu açıqladığını qeyd edir. Nümunə olaraq əsərin birinci bölməsini oxuyub dəyərləndirməsi üçün Con Kellerin göndərdiyini bildirir. Redaksiya bu əsəri çap etməyi uyğun bilsə, əsərin tamamını göndərə biləcəyini qeyd edir. Bu əsər həm də cinayətkarın kimliyini də ortaya çıxaracaq dəyərli mənbədir. Ancaq qəfildən hadisələr tərsinə çevrilir və əsər itir. Üstəlik, Riçard Flində artıq həyatda deyil. Beləliklə, Con Keller açılmamış qətli araşdırmaq və həm qatili tapmaq, həm də Flinin yazdığı əsəri tapmaq üçün fəaliyyətə başlayır. Məlum olur ki, proffessorun da üzərində işlədiyi çox vacib əlyazma yoxa çıxıb. Bəs, bu əlyazma niyə və necə itib? Cinaytə səbəb bu əlyazmadırmı?! Üstəlik, qətl günü itdiyi təxmin edilir. Hadisələrin axını, lakonikliyi, sona qədər oxucunu intizarda saxlaması, psixoloji məqamları, düşüncə burulğanında azdırması, beyin fırtınası yaşatması və bir çox başqa xüsusiyyətlər baxımından əsər mənə görə möhtəşəmdir. Bütün əsər boyu həyəcanımı boğa, gərginlikdən qurtula bilmədim. Con Keller, Roy Frimenlə birlikdə qatili çox aradım, bəzən tapdığımı sandım, bəzən yanıldım, bəzən çox – çox yaxınlaşdım, təxmin etdim, ancaq yenə də əmin olmadım. Sona yaxın izə düşmüş kimi oldum, ancaq bu dəfə səbəbini düşünə - düşünə böyük bir labirintdə azdım. Detektiv əsərləri sevməməyimin əsas səbəbi, mövzularının primitivliyi, əsərin başından artıq sonunu, daha doğrusu, qatili təxmin edə və hətta bəzən əminliklə bilməyim və yanılmadığım üçün əsərə olan marağımın itməsi olurdu. Ancaq bu əsərdə sona qədər qatilin kimliyini bilmək və ya əmin olmaq mümkün deyil. Hətta son bir neçə səhifəsinə qədər nə qatili, nə də qətl səbəbini təfərrüatıyla anlamaq olur. Bu isə əsərə olan marağı, oxucunun həyəcanını daha da artırır. Mən buna yazıçı proffesionallığı deyirəm. Qısaca, “Güzgülər kitabı” oxuduğum ən maraqlı, ən fərqli, ən həyəcanverici detektiv romanlardan idi. Əsəri bitirməyimin üstündən bir neçə gün keçsə də, təsirindən hələ də qurtula bilməmişəm. Bunabənzər həyəcanı, illər əvvəl Həsən Seyidbəylinin "Cəbhədən cəbhəyə" və Artur Konan Doylun "Baskervillərin iti" əsərini oxuyanda yaşamışdım. Əgər əsər bitdikdən sonra oxuduğunuz əsər üçün darıxır və əsəri oxuyarkən yaşadığınız həyəcanları yenidən - yenidən yaşamağı istəyirsiznizsə, demək ki, həqiqətən dəyərli, unudulmaz, düşüncələrinizdə dərin izlər qoyan bir əsər oxumusunuz. Qatilin kim olması və qətl səbəbi sizdə də maraq doğurdusa, cinayətkarın hansı şəraitdə ortaya çıxarılmasını öyrənmək istəyirsinizsə və əsərdəki psixoloji motivlər diqqətinizi çəkdisə, onda bu əsəri siz də mütləq oxuyun. İnanıram ki, ən az mənim qədər həyəcanlanaraq oxuyacaqsınız! Sonda əsəri oxumağımıza vəsilə olan, gözəl tərcüməyə görə Ceylan Mumoğlu, redaktə, korrektə, tərtibat işlərinə görə Sebuhi, Aytekinə və ümumiyyətlə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
#Kitabsevərlər
#EudjenOvidiuÇiroviçi
#Güzgülərkitabı