·288 syf.··Beğendi
···Okunma: 30 Ocak 2022 00:00 Romanın adında üç dost olsa da, əsas surətlər Səlimə və Şahlardı. Səlimə şəhərdən Qartallı dərəyə zootexnik işləmək üçün gəlir. Qarlı qış günündə Şahların yardımı ilə kəndə çatır. Hadisələr isə bundan sonra başlayır
Səlimə obrazını çox bəyəndim. Xüsusən, "mənim nəyimə lazımdı, maaşımı alıram, bəsdi" düşüncəsi ilə deyil, öz vicdanı və məsuliyyətilə hərəkət edir. Kənd camaatının bəzilərinə maldarlıqda yeni qayda və üsulları öyrətmək çox çətin olsa da, Səlimə əsla ruhdan düşmür. Böyük həvəslə və şirin dillə insanları razı salmağa, təkmilləşdirməyə çalışır. Bundan əlavə tövlələrin vəziyyətini yaxşılaşdırır, kənddə tibb məntəqəsi, uşaq baxçasını da bərpa etdirir. Kənd camaatının da birgə səyi nəticəsində kənd daha da canlanır. Bu səhnələri gözümün önündə canlandıranda yaşamadığım bir dövrün gözəlliyini duyuram. İnsanların mehribanlığı, səmimiliyi, birgə əməyin şirinliyi, xalqlar arasında olan dostluğun gözəlliyi və s. o qədər gözəl təsvir olunmuşdur ki...
Bu hadisələr fonunda Səlimə və Şahların da sevgisinə şahid oluruq. Səlimə oxumuş, fəhlə ananın qızıdır, Şahlardan isə 2 yaş böyükdür. Şahların anasını da narahat edən budur. Səlimə kasıb qızıdır, oğlundan da böyükdür. Buna görə də onu oğluna yaraşdırmır. O, Şahların kəndin ağsaqqalı olan Çıraq dayının qızı Güləbətinlə evlənməsinə istəyir. Güləbətin daha gənc, gözəl, imkanlıdı, həm də Çıraq dayı kimi atası var. Təəssüf ki, cəmiyyətimizdə hələ də belə hallar mövcuddur
Əsərdəki 3 dost 3 fərqli millətdən olan, əsgərlik vaxtdan dostlaşan azərbaycanlı Şahlar, ukraynalı Mikola, erməni Haykdır. Əsər Sovet dövründə qələmə alındığı üçün erməni-azərbaycanlı dostluğunu gözəl şəkildə təqdim edir. Bu hissəni oxuyanda çox düşünürdüm: axı bu ermənilər niyə belə etdilər? Bu kin, nifrət onlara nə qazandırdı? Dostluqları, qonşuluqları, hər şeyi məhv etdilər. Geriya qalan isə minlərlə şəhidimiz, gözüyaşlı analar, uşaqlar, xarabalığa döndürülən Qarabağ oldu. İnsanların həyatları, gəncliyi, xəyalları, yurdları, evləri, onlara yadigar qalan əşyaları, hər şey məhv oldu. Bu gün qalib olsaq da, keçmişdə bunları yaşamamağı, müharibələri görməməyi o qədər istərdim ki.
Əsəri çox bəyəndim, mövzusu doğma, dili sadə, məzmunu möhtəşəm idi. Sevmədiyim tək şey isə hərflərin çox xırda olması idi ki, gözü yorurdu, buna görə də çox oxumaq çətin idi