Hobbit və Mən
9/10
·319 syf.··
Beğendi
·
2021 3. kitabı
·
31 günde okudu
·
Okunma: 02 Nisan 2021 00:00
(Qeyd: Spoyler!) “Üzüklərin Hökmdarı”nın (The Lord of the Rings) prelyüdü olan “Hobbit” əsəri kiçik (320 səhifə) və nağılvarı olmasına baxmayaraq, dillərə dastan ola biləcək dünyası ilə epik və ya yüksək fentezinin (high or epic fantasy) heyrətamiz qələmidir. Hətta daha dəqiq bənzətməyə baş vurum; əgər fantastik aləmlərin ən ahılı olan “Üzüklərin Hökmdarı” şedevrik bir kitabdırsa, bu əsəri ərsəyə gətirən də həmin “Hobbit” qələmidir. Kitabda hobbitlərin - mini adamların (belə ifadə etdiyimə görə, cənab Tolkien, üzrlər), insanların, cırtdanların, trolların, qoblinlərin və o cümlədən öz rayihələrini uzaqdan hiss etdirməyi bacaran, elf qoxuyan elflərin yaşadığı dünyada səfərə çıxmış qafilənin əcaib-qəraib hadisələrlə aşıb-daşan bir macərasından bəhs olunur. Əsər on beş nəfərlik dəstənin (biri hobbit Bilbo Baggins, biri insan sehrbaz Qandalf, qalan on üç nəfər isə başda Torin Palıdqalxan olmaqla cırtdanlar birliyi) xüsusi məqsəddən dolayı səyahətə çıxması ilə başlayır, hansı ki o məqsəd qüdrətli əjdaha Sisin (Smaug) caynaqlarından böyük cırtdan nəslinin evi, iqamətgahı, sarayı olan Tənha Dağı və o dağ altındakı nəhəng xəzinəni geri almaqdır. Əlbəttə, hər bir qələbə burada da olduğu kimi qurbansız ötüşmür. Mövzunu bəyəndim, hətta çox. Xüsusilə də sevdiyim janrı oxumağımın həmişəki kimi ayrı bir ləzzəti oldu. Amma qeyd edim ki, istər-istəməz insan sevdiyi janrda daha çəkingən, qismən də olsa ədalətsiz mövqedə çıxış edə bilir (eyni ilə həyatımızdakı münasibətlərdə olduğu kimi). Ona görə fentezini o qədər də sevməyənlər, yersiz təriflərimi gərək bağışlaya. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Hadisələrin ardıcıllığı bəzi əsərlərdəki kimi qarmaqarışıq, qatış-bulaş deyil deyə bu da əsəri daha oxunaqlı edir – özü də birnəfəsə oxuna biləcək tərzdə. Cənab Tolkien ola bilsin, həyatında da intellektual mizahlara sahib birisi olub, çünki “Hobbit”də belə hallara, incə yumora tez-tez təsadüf etdim. Buna nümunə olaraq Bilbo ilə Qandalfın ilk dialoqunu göstərmək olar (“Sabahınız xeyir...”lə bağlı söhbət). Süjet xətti, quruluşu və onun inkişafına görə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Səmimi deyim ki, bu “ədəbi nağıl” mənə bir-birindən maraqlı tapmacalar, eyni zamanda dərin ehkamları özündə cəmləşdirən bilməcələr öyrətdi. Məsələn; Onu görmək olmur, ələ də gəlməz. Hər şeyə ağadır, qoxusu gəlməz. Ayağa qalxır o ulduzlaradək, Hər şey onla başlar, onunla bitər. Sanki proffessor yazıçı bununla oxucularda mistik bir ruh oyatmağa çalışmış və özlüyündə bəlkə də fəlsəfə etmişdir, ya da ən azından var olan fəlsəfi bilməcəni nağılına gətirərək yerində işlətməyi bacarmışdır. Yeri gəlmişkən, tapmacanın cavabı qaranlıqdır. Bundan başqa, “Hobbit” mənə nə qədər kiçik olursan ol, istəsən, istədiyinə gec-tez nail ola biləcəyini, axtarsan, mütləq nələrsə tapacağını öyrətdi və həyatın şans verməkdən usanmadığını... Bilbodan təvazökarlıq və “dəhşətli” təmizlik, Qandalfdan hiyləgərlik qarışıq müdriklik, Torinin qoblinlərlə əlaqəli düşdüyü çətin vəziyyət sayəsində “həqiqəti söyləməyin yersiz olduğu şəraitdə, necə düzünü deyəsən”i və bunun kimi bir neçə düşündürücü sitatları öyrənmiş oldum. Onu da vurğulayım ki, yuxarıda qeyd edilmiş həqiqətlə bağlı ifadələr mənim “əyri ab-havada düz yerimə” aforizmamla da bir qədər səsləşir, ən azından mənə elə gəldi. Əsərin öyrədicilik xüsusiyyətinə görə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Belə hesab edirəm ki, fentezi (və ya fantastika) janrında, həmçinin onun digər növlərində, qollarında (fərq etməz) təsvirə bol-bol yer verilməlidir. Dialoqlar az olsun demirəm, amma təsvirlərdən də çox olmasın. Təsvir günorta yeməyidir, dialoq isə yeməkdən sonra başını gömüb yatmamaq üçün yeməksonrası qəhvədir. Yemək ağır olur, eləcə də təsvir ağır (və ya digər anlamda çox) olmalıdır, qəhvəsə insanı az-maz da olsa rahatladır, yuxusun qaçırır, hər nəysə, dialoq da yüngül (az deməyək, sadəcə qədərində) işlənilməlidir. Cənab Tolkien bunu “Hobbit”də ustalıqla bacarıb. Təsvirlər o qədər gözəl alınıb ki, kitabı oxuyanda bircə qarğıdalı çatmır ki, oturub sanki filmə baxırmış kimi hiss edəsən. Sadəcə və sadəcə bəzi nüanslar xaric. Belə ki, bəzi təşbehlər, metaforlar o dövr üçün heç uyğun gəlmir. Nümunə olaraq, futbol topuna bənzətmələri, Bilbonun kibritlə tütün qəlyanını yandırmaq istəməsi və s. Qısaca o vaxt, o aləmdə futbol topumu var idi və ya kibritmi icad edilmişdi? Bax bunlar zənnimcə düzgün alınmayıb. Düzdü kiçik şeylərdir, anaxronizmdir, amma olmaya da bilərdi (bəlkə də əsər ilklərdə uşaqlar üçün nağıl hesab edildiyindən, qavranılması rahat olsun deyə əsərdə belə hallara təsadüf edilir). Ümumən, yazarımızın qələmi güclü, üslubu yaxşıdır. Təsvirlərə və yazı üslubuna görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,9. Dialoqlarda da ciddi qüsur yoxdur. Hələ trolların danışığını oxuyanda adam istəyir ki, özü bu dialoqa bir şivə qatsın və bir növ trol olsun, beləcə trol kimi oxusun. Əlbəttə, bu zarafatdır – heç kim trol olmaq istəməz. Amma nə yalan deyim, mən onların söhbətini oxuyanda dilimi əcaibcəsinə dəyişmişdim. Bu da məni xeyli əyləndirmişdi. Cənab Tolkienin bir üstünlüyü də ondadır ki, Qandalfın müdrikliyini, həmçinin Bilbonun naqolaylığını, elflərin mədəni üslubunu, cırtdanların tez-tez “qırışmasını”, qoblinlərin vəhşiliyini, Qollumun şizofrenliyini, əjdaha Smauqun hədsiz pisniyyətli ağlını və s. və i.a. dialoqlarda çox rahat başa düşmək olur, yazıçı obrazın iç üzünü göstərməyi qüsursuz bacarır. Dialoqlar üçün bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Hər bir obrazı sevdim, bircə Torindəki təkəbbür, lovğalıq məni hər dəfə narahat edirdi. Ki bu da yəqin, mənim öz təkəbbür və lovğalığımdan irəli gəlirdi. Nə qədər insafsızcasına səslənsə də, məncə Torini aradan çıxarmaq yaxşı oldu. Təbii ki, əsərdə çox önəm daşıdığından onu da ehtiramla anmaq borcumuzdur. Obrazların təsviri qəşəng göstərilib: Bilbonun təqribi bir metrlik boyu, geyimi-keçimi, dəsmalı-qəlyanı və s. Hələ elflər özləri əsəri ayrı cəhətdən gözəlləşdirir, xüsusilə də çoxbilmiş xarakterləri (yeni xəbər çıxar-çıxmaz səndən, məndən, hamıdan öncə külək ağacdakı yarpaqlara çırpılıb onları hələ tərpətməmiş xəbər onların qulağına artıq çatmış olur). Obrazlar üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Müəllifin öz şəxsi fikirlərinin üçüncü şəxsin dilindən oxucuya yeritmək arzusu ciddi şəkildə nəzərə çarpmır. Əks halda, belə bir hala lüzum verilsəydi, kitabı oxuduğum müddətdə məndə tez-tez qıcıqlanmalar olacaqdı. Uzatmadan 1 ballıq şkaladan 1. “Hobbit”də yeni ifadələr öyrənsəm də, yeni sözlər az öyrəndim. Sözçülüyün əleyhinə olanlar var (əlbəttə baxır hansı mənada). Amma yeni sözlərin, daha doğrusu var olan, yeni olmayan, amma məişətdə, gündəlikdə işlətmədiyimiz sözlərin öyrənilməsini çox vacib hesab edirəm. Bu həm də milli dilin inkişafı üçün ən ümdə məsələlərdən biridir. Bir də ki, həzz almaq üçün kitab oxusan belə bəzi hallarda baş sındırmalısan. “Hobbit”də az-çox öyrəniləsi bu kimi yeni sözlər, ifadələr tapmaq mümkündür. 1 ballıq şkaladan 0,8. Əsərdə hadisələrin kulminasiya nöqtəsinə gəldikdə deyərdim ki, hobbitdə iki hissə zirvədədir. Biri beşinci fəsil olan “Qaranlıqda Müəmmalar”, digəri isə on beşinci fəsil olan “Qara Buludlar Toplaşır”dır. “Qaranlıqda Müəmmalar” ona görə kulminasiyanın təməl nöqtəsidir ki, burada nəinki “Hobbit” üçün, ümumiyyətlə “Üzüklərin Hökmdarı” trilogiyası, Orta Dünya üçün ən vacib parçadır. Aydındır ki, qüdrətli görünməzlik üzüyü bu fəsildə meydana çıxır. “Qara Buludlar Toplaşır” bölməsinə baxdıqda isə, müharibəni bütün vaqeələrin ən ciddisi olaraq görürük. Əjdaha Sislə Bilbonun rastlaşmasını, daha sonra Sisin Tənha Dağı tərk etməsini də kulminasiyaya aid etmək olar və qeyd edim ki, hər şey çox sintezli, gözəl alınıb. 1 ballıq şkaladan 1. Nəticə olaraq isə, şeirləri, olayları, təsvirləri, bütün fəsilləri final daxil ümumən əsəri bəyəndim. Bəlkə də “Qara Buludlar Toplaşır”ın bir ucunu final mərhələsinə da bağlamaq olar. Amma biz sonluğu daha çox Bilbonun geriyə qayıdışı hesab etməliyik. Son hadisələr içərisinə daxil olan mister Beqqinsin ev əşyalarının satışa qoyulması məsələsi isə yumoristik səciyyədə lap maraqlı alınıb. “Hobbit” oxumaq həm uşaqlar üçün, həm böyüklər üçün heç də pis seçim deyil. Epik fenteziyə yeni başlayanlar üçünsə, xariqüladə əsərdir. Finalı qiymətləndirmə 1 ballıq şkaladan 1. Ümumi qiymətləndirmə isə 10 ballıq şkaladan 9,7.
Edebiyat
HobbitJ. R. R. Tolkien · Qanun nəşriyyatı · 017,2bin okunma
·
2 +1'leme
·
166 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Bu serinin yeri bir başqadır <3
Samig Alatoran
Gönderi Sahibi
Şübhəsiz 💫