·356 syf.····Okunma: 10 Şubat 2024 03:47 Tarixi roman & bioqrafiya janrındakı bu kitab Vinçili rəssam, mühəndis, ixtiraçı Leonardo və Florensiyalı heykəltəraş Michelangelonun həyatlarının kiçik bir hissəsinə işıq tutur.
Belə ki, həyatları boyu müxtəlif incəsənət ocağı şəhərlərdə yaşayıb yaratmış bu ustalar 1501 - 1505-ci illərdə eyni şəhərdə - Florensiyada olublar. Tarixi mənbələr öz "İsa və 13 həvarisi" tablosu, bir çox başqa önəmli işləri ilə özünü bütün Avropada təsdiqlətdirmiş yaşlı dahi Leo ilə "Pieta" heykəli ilə ilk uğurunu qazanan, amma hələ tanınmayan, yolun başında olan təcrübəsiz, gənc, coşğulu, emosional Michelangelonun bir-birlərini heç sevmədiklərini qeyd edir. Belə ki, küçədə təsadüfən rastlaşanda belə bir-birlərinə söz atmadan, ağız dalaşına girmədən uzaqlaşa bilmirmişlər.
Bir az da bu şəxsi və profesional səviyyədəki mübarizədən, düşmənlikdən qaynaqlanaraq hər ikisi eyni dönəmdə bütün karyeralarının ən məşhur, ən önəmli əsəri olacaq şahəsərlərini tamamlayıb təqdim edirlər : "Mona Liza" tablosu və "Davud" heykəli.
(Favorim Davud heykəlidi bu arada.)
Hekayə iki sənətkarın eyni sifariş iş üstündə mübarizələrini ilə başlayıb irəliləyərkən, eyni zamanda bir-birləri ilə və həyatlarındakı digər əsas insanlarla olan münasibətlərini, öz şedevrlərini yaratma yolunda qarşılaşdıqları çətinliklərini, xəyal qırıqlıqlarını, güclü və zəif, mənfi cəhətlərini işləyir.
Michelangelo gəncdir, təcrüübəsizdir, safdır. Ən böyük qayəsi özünü və peşəsini ailəsinə təsdiqlətdirmək, yaratdığı işlərlə həmvətənlərinin sevgisini qazanmaqdır. Ancaq çox emosionaldır, düşüncəsizdir, tez qəzəblənir, qəzəbini cilovlaya bilməyib səhvlərə yol verir. Onun zamanla böyümə, özünü təsdiqetmə hekayəsini oxumaq mənim üçün çox dəyərli və özümə yaxın hiss etdirən bir şeylər idi.
Da Vinçi savadlıdır, dünyagörüşlüdür, fantastik zəngin bir xəyalgücünə sahibdir. Lakin çox eqoist, özündənrazı olmaqla yanaşı həm də tənbəldir, başladığı hər işi yarımçıq qoyur. Məsuliyyətsiz və vecsizdir, onun üçün dünya sadəcə araşdırmalarından ibarətdir. Onun egosunun və bivecliyinin altında gizlətdiyi qorxularında, kədərlərində, həmçinin, yanlış zamanda, yanlış yerdə doğulub heç vaxt reallaşdıra bilməyəcəyi xəyallar uğruna özünü həba etməsində tanış gələn şeylər var idi.
Hər iki sənətkar Təbiətin onlara verdiyi bənzərsiz istedadın, bacarığın qarşılığında kifayət qədər kibirli, özündənrazı, qürurlu sənətçilərdir. Birbirlərinə koz vermək, məğlub olmaq kimi fikirləri əsla yoxdur. Ancaq gözüdönmüş çılğınlıqla atılan addımlar həm özlərinə, həm ətrafındakı insanlara maddi, mənəvi zərər vuracaq...
Kitabın yazarı incəsənət təhsilli bir peşəkar olduğu üçün kifayət qədər real mənbəyə, hadisəyə əsaslanan, ancaq öz təxəyyülünü, versiyalarını da əlavə etdiyi çox axıcı, maraqlı bir əsər ərsəyə gətirib. Kitabda sadəcə bu iki personaja deyil, dönəmin "Venusun doğuşu" tablosu ilə tanıdığımız Sandro Botticelli, "İsanın vaftiz mərasimi" kimi dini ayin tabloları ilə bilinən Pietro Perugino, memar Giuliano da Sangallo kimi görkəmli sənət xadimlərinə, Niccolo Machiavelli kimi siyasətçilərə də yer ayrılıb. (Xüsusən Machiavellinin epizodlarını oxumaq ləzzət elədi. Zəki, ama kibirli obrazların hastasıyızz)
Kitabda tarix var. Bol-bol incəsənət var. Olduqca maraqlı personajların bioqrafiyası var. Həyat, incəsənət, insan, yaradılış qayəsi, din kimi təməl mövzularda maraqlı dialoqlar, sorğulamalar, düşüncələr var. Mənim üçün çox doyurucu bir mütaliə oldu. Tarixi dram - bioqrafiya sevənlər və incəsənət həvəsi olanlar mütləq oxusun☆
P. S. : Kitabın Storytel'də səsli versiyası var.
P. S. 2 : Kitabın Cinciva da daxil olmaqla, telegram kanal, qruplarında elektron formatı var.
P. S. 3 : Kitabın təsvirləri yorucu, anlaşılmaz deyil. Süjet olduqca axıcı, sadə, anlaşıqlıdır. Və təbii ki, kifayət qədər çox qeyri-real ünsürlər də daşıyır, ancaq bu ünsürlər tamamilə uydurma olmaqdan çox, bir hadisə barədə yazılmış müxtəlif versiyalar, ehtimallardan seçkidir.
Hələlik, gününüz xoş keçsin<3