Puan vermedi·106 syf.··Beğendi
···Okunma: 28 Şubat 2024 16:01 S.M.Qənizadənin "Məktubati-Şeyda bəy" başlığı altında yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" Azərbaycan ədəbiyyatı tarixində ilk dilogiya sayılır. (Dilogiya - ədəbiyyatda bir müəllifin mövzuca, süjet xətti və ya iştirak edən obrazlarına görə birləşdirilən iki irihəcmli əsəridir.) Janr və kompozisiya baxımından fərqlənən bu iki əsəri Şeyda bəy obrazı və maarifçi ideyalar birləşdirir. Hər iki hissə məktublar şəklində yazılmışdır.
Əsərin birinci hissəsini "Müəllimlər iftixarı" təşkil edir. Yazıçı burada Şeyda bəyin dili ilə müəllimlik peşəsinin yüksəkliyini, vacibliyini ifadə edir, maarifçi görüşlərini irəli sürür: "Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab doğacaq isə, yenə məktəb divarından tülu edəcəkdir..."
"Gəlinlər həmayili" adlanan ikinci hissə Şeyda bəyin toyunda qızıl həmayil bağışlayacağını vəd etdiyi qardaşı qızı Diləfruza yazdığı nəsihətnamədir: "Hala əlimə qələm alıban, tərbiyə xüsusunda bil nəsihətnamə yazıb Diləfruza göndərrəm, ümidvarəm ki, qızıl həmayildən və mirvarid gəlubənddən mənim nəsihətnaməm nafe ola, çünki onlar sinə və gərdən zinəti ikən, bu, ruh və can nicatı olur. Ehtimalən, hərgah bu hədiyyəm həqir olmuş olsa da eybi yoxdur..."
Diləfruza medalyon ala bilmədiyinə görə xəcalət çəkən Şeyda bəy sonra qərara gəlir ki, "müəllimin qızılı bəyaz üstündə qələm qarasıdır, müəllimin ən yaxşı hədiyyəsi qızıl həmayil deyil, kitabdır."
"Gəlinlər həmayili" Şeyda bəyin qardaşı qızı Diləfruza, onun timsalında bütün Azərbaycan qızlarına etdiyi nəsihətlərin, arzuların bədii ifadəsidir.